"Burada səhiyyə o qədər bərbaddır ki..." - GİLEY
“Abşeron rayonunda səhiyyə acınacaqlı durumdadır”.
Cebhe.info xəbər verir ki, bunu ilahiyyatçı Tural İrfan deyib. Onun sözlərinə görə, sözügedən rayonda normal poliklinika və xəstəxana yoxdur:
"Sovet dönəmindən qalma uçuq-sökük binada yerləşən rayon poliklinikasının heç bir şəraiti yoxdur. Əhalinin gündən- günə artdığı böyük bir rayonda səhiyyə o qədər bərbaddır ki, hətta Təcili Tibbi Yardım (TTY) yox səviyyədədir. Poliklinikada 1961-ci ilin 3 ədəd köhnə “Volqa”dan ibarət azsaylı heyətin yardımı heç nəyə yaramır. 2014-cü ildə ürək xəstəsi olan atam üçün səhər çağırdığımız təcili yardım atam dəfn olunandan sonra gəlib hüzn məclisinə çata bilmişdi. Axı bura Afrika deyil, heç Fələstində də belə deyil".
Tural İrfan qeyd edib ki, bir neçə gün əvvəl Xırdalan şəhərində səhhətində yaranmış problemə görə dostu Təcili Tibbi Yardım xidmətinə zəng vurmalı olub:
"TTY xidməti yaşadığım binadan təxminən 500 metr aralıda yerləşir. Buna baxmayaraq, dostumun zənginə cavab verən 103 xidməti bildirdi ki, onlar Bakı şəhərinə baxır, Abşeron rayonuna yox. Təkrar zəng edərək 103 xidmətindən bizə kömək etməsini xahiş etdik. Bizə rəhmi gələn operator bir xeyli xətdə gözlədəndən sonra Abşeron rayonunun Təcili Tibbi Yardımının aid şəhər nömrəsi verdi. Zəng üçün balansda məbləğ olmadığından dostum ödəmə aparatı tapana qədər təxminən 24 dəqiqə keçdi. Nəhayət verilən nömrəyə zəng vurduq.
Xanım bildirdi ki, maşınlar çağırışdadır, gəldikdən sonra göndərəcəklər. İsrar etdikdə bildirdi ki, cəmi 3 maşın var, o da əhaliyə çatmır. Təqribən 1 saat 40 dəqiqədən sonra təcili yardım gəldi. Sovet dövründən qalma, güclə sürünən bir “Volqa”da gələn tibb bacısı ilə gileyli və kobud yaşlı həkim çatan kimi bizi danlamağa başladı ki, bizdə dərman var ki, çağırırsız, bizim maşınımız var ki, zəng edirsiz? Gələn həkimin məzəmmətinə baxmayaraq xahiş etdik ki, tibbi yardım göstərsin. Təzyiqimi ölçərək çox da yüksək olmadığını bildirdi və heç bir qeyd aparmadan avtomobilə əyləşib getmək istədi. Dərman vermələrini xahiş etdim, and içdilər ki, dərman yoxdur, hamısını satırlar. Yaxınlıqdakı aptekdən valerian və valokordin almağı məsləhət gördülər. Su da aldıq və dərmandan içmək istədikdə birdəfəlik istifadə üçün nəzərdə tutulan stəkan uzatdılar. Birdəfəlik stəkanı yaxındakı zibil qabına atmaq istədikdə tibb bacısı qolumdan tutub dedi ki, atmayın, xahiş edirəm, verin, təkrar istifadə etməyə məcburuq, çünki bizə heç bir vasitə vermirlər. Dostumla artıq qalan valerianı da , valokordini də, stəkanı da onlara verdik".
İlahiyyatçı deyir ki, bu cür səhiyyə bəlkə heç Afrikanın ucqar vilayətində də yoxdur:
"Çünki o yerlərə də bəzi ölkələr humanitar və tibbi yardımlar edirlər. Abşeron əhalisi 103 təcili tibbi yardım xidmətinə zəng vuraraq yardım çağıra bilmir. Telefonunda pulu olmayan hər hansı şəxs tibbi yardım çağırmaq istəsə, buna nail ola bilməyəcək və çarəsiz canını tapşıracaq. İnsan həyatına bu qədər biganəlik olduqca faciəlidir. Abşeronda kifayət qədər əhali yaşayır. Onların arasında ağır xəstələr, yaşlılar var. Köhnə bir binanın zirzəmisində yerləşən bu tibbi yardımın yeri bir yana, özləri yoxa hesabdır. Abşeron sakini kimi əlimdə onlarla fakt var ki, təcili yardımın günahı ucbatından neçə insan həyatını itirib. Dövlət tərəfindən səhiyyəyə kifayət qədər vəsait ayrılır. Lakin yerinə çatmamış talanır. Görünür, Səhiyyə naziri Abşeron əhalisinin həyatı ilə çiling-ağac oynamaq fikrindədir.
Əhaliyə bu qədər biganəlik insanlığa qarşı cinayətdən başqa bir şey deyil. Rayon İcra Hakimiyyətinə, Səhiyyə Nazirliyinə edilən kütləvi şikayət və müraciətlərə qətiyyən əhəmiyyət verilmir. Belə məmurlar cəzalandırılmalı, normal səhiyyə xidməti bərpa edilməlidir. Çünki bu rayonda demək olar ki, səhiyyə yoxdur”.
Tarix: 19-09-2018, 09:29