“Özsüt”də müştərilərə BİABIRÇI XİDMƏT... - Köhnə şorba, menyuya uymayan yeməklər...
Məkan 1938-ci ildə Türkiyədə yaranıb. Azərbaycandakından fərqli olaraq, restoran Türkiyədə müştərilərə yalnız şirniyyat növləri təqdim edir.
Bakıda bir neçə ünvanda fəaliyyət göstərən restoranın həm yeməklərinin, həm də şirniyyatının dadına baxmaq qərarına gəldik. Restorana daxil olan kimi, qapıları üzümüzə açan işçilərin gülərüzlüyü ilk dəqiqədən xoş təsir bağışladı.
Restoran iki hissəyə ayrılıb və bir tərəfi siqaret çəkənlər üçün nəzərdə tutulub. "Özsüt"ün giriş hissəsinin şüşəbənd edilməsi, restoranın içi ilə çölü arasında ahəng yaradır. Çox günəşli və isti olduğu üçün mən içəridə oturmağı seçdim. Sadə dizaynlı zalda əksər masalar istifadəyə yarasız halda idi. Masaların bir çoxunun rəngi getmişdi.
Masaya əyləşdikdən iki dəqiqə sonra ofisiant menyunu təqdim etdi. Ofisiantlar da iki yerə ayrılaraq, iki fərqli, lakin səliqəli geyimdə xidmət edirdi. Ofisiantların müştərilə davranışı da kifayət qədər yüksək səviyyədə idi.
Lakin müştəriyə təqdim edilən menyular ofisiantların geyimi və rəftərı qədər səliqəli deyildi. Menyuda xoşuma gələn xüsusiyyət yemək tərkiblərinin üç dildə yazılması oldu.
Nəhayət seçimlərimi edərək, sırayla menyuda olan “Yayla” şorbası, “Stir fry chicken sesame” əsas yeməyini sifariş verdim. Lakin ofisiant restoranda yalnız mərci şorbasının olduğunu bildirdi. Belə böyük bir restoranda sadəcə bir şorba çeşidinin olmasını gözardı etmək olmazdı. 6 dəqiqə sonra şorba mənə təqdim edildi. Qeyd edim ki, bu şorbanın qiyməti 4.00 AZN-dir. Mərci supunun gətirildiyi boşqabın çox standart dizaynda olması da diqqətçəkən məqamlardan biri idi. Bir-iki qaşıqdan sonra çox sevdiyim mərci şorbasının dadının gəlmədiyini hiss etdim. Buna səbəb şorbanın köhnə olması idi. Şorbanın yanındakı limondan istifadə edərək, onun dadını bir az da olsa dəyişə bildim.
Salfetdən istifadə etdikdən sonra, masada bunu atmağım üçün heç nə olmadığının fərqinə vardım. Digər masalarda da eyni vəziyyət hökm sürürdü. Şorbanı bitirdikdən sonra, ofisiant növbəti yeməyimi yəni, “Stir fry chicken sesame”ı heç gözlətmədən təqdim etdi. Yeməyin qiyməti isə 13.00 AZN-dir. Bu yeməyi tərkibinin maraqlı olmasına görə seçdim. Deməli burda toyuğun döş əti, qırmızı və yaşıl bibər, brokkoli, mamasitat sousu, soya sousu və vorçester sousundan istifadə olunub. Onun yanında isə düyü təklif edilir. İndi maraqlı məqam odur ki, yeməyin menyudakı tərkibi ilə yediyim arasında ciddi mənada fərqlər var. Öncə onu deyim ki, yuxarıda saydıqlarımın arasında qarğıdalı konservinin olduğu yazılmasa da, şəkildə də göründüyü kimi bundan istifadə edilib. Daha sonra üç cür sous yazıldığı halda, “Stir fry chicken sesame”də sadəcə soya sousunun dadını hiss etdim. Düyü isə şirin olması və el arasında deyildiyi kimi “diri” qalması ilə fərqlənirdi. Qarğıdalı konservlərinin bərkliyi, brokkolinin dadının qəribəliyi və yeməyin şorluğuna soya sousunun da öz əlavəsini qatması bu yemək haqda mənfi rəylər yaratmağa kifayət etdi. Görünür ofisiant da bütün bunları hiss edib, “yeməyimizi bəyəndinizmi?” deyə sual verdi. Mən isə bəzi iradlar bildirsəm də, ofisiant yeməkdən çox da məlumatlı olmadığını söylədi.
Bu arada yemək arasında istifadə etdiyim salfetlər sona qədər masamda qalmağa davam etdi. Nəhayət, restoranın ixtisası olan şirniyyatlarına nəzər saldım.Burda isə çeşid çox və tərkiblər maraqlı idi.. Nəhayət yeməkdən sonra bir dilim“Thomas” tortu və çay sifariş verdim. Burda tortun bir dilimi 7.00 AZN, bir çay isə 1.50 AZN dəyərindədir. Tort Antep fıstıqlı özəl keks qatları arasında, fıstıqlı krem, fıstıqlı qrilyaj və şokoladlı qanaşdan ibarətdir. Əvvəldə də qeyd etdiyim kimi, restoran Türkiyədə sadəcə şirniyyat üzrə ixtisaslaşdığı üçün "Thomas"a söz ola bilməzdi. Gəl ki, çayı içərkən nəlbəkimdəki çat,sınıq və ləkələri görməmək olmurdu.
İçdiyim sok da daxil olmaqla ümumi hesab 29,50 AZN təşkil etdi. 31 manatı hesab kitabçasına qoyub, ofisiantda “Üstü qalsın” deyib məkanı tərk etdim.