Səhiyyə yaxşıdırsa, məmur müalicə üçün xaricə niyə gedir?
Azərbaycan səhiyyəsi üçün doğrudanmı müalicəsi mümkün olmayan bir xəstəlik yoxdur? Belə bir iddia ilə, Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov sentyabrın 25-də çıxış edib.
Komissiya sədri deyib ki, Azərbaycandakı texniki imkanlar şərait yaradır ki, bütün xəstəlikləri müalicə etmək mümkün olsun.
Bu doğrudan da belədirmi? Elə isə niyə son illərin tendensiyasından biri - vətəndaşların müalicə üçün xaricə üz tutmaları hələ davam edir? Məmurlar və məşhur adamlar xəstələnəndə isə mediada onların Qərb ölkələrinə getməsi barədə xəbərlər yayılır.
Bu ilin iyulunda, sui-qəsdə məruz qalmış, Gəncənin keçmiş icra başçısı Elmar Vəliyev də sağalması üçün İsraili seçmişdi.
Tibb elmlər namizədi Adil Qeybulla bu məqama diqqəti çəkir:
“Azərbaycanda bu gün mövcud olan bütün problemlərin patologiyasından danışmaq hesab edirəm ki, bir az şişirtmədir. Əgər məmurlar Avropaya, Almaniyaya axışırlarsa, demək bunlar bu səhiyyəyə güvənmirlər. Bəs bu səhiyyəni kimdən ötrü yaradıblar. Məsələ bundadır”.
Bir sıra xəstəliklərin Azərbaycanda müalicəsi mümkün deyil
Adil Qeybulla deyir ki, son illər mütəxəssislərin hazırlığı artsa da, texnoloji imkanlar yaxşılaşsa da, hələ də bəzi xəstəliklərin effektiv müalicəsi mümkün olmur. Məsələn, qanunun olmaması səbəbindən ölkədə sümük iliyi köçürülə bilmir, çox bahalı olması səbəbindən, onkoloji xəstəliklərin ən son tibbi vasitəsilə müalicəsi mümkün deyil.
Adil Qeybulla deyir ki, həkim səhvləri yalnız hüquq-mühafizə orqanları tərəfindən yox, yüksək ixtisaslı komissiya qrupları tərəfindən araşdırılıb, səmimi etiraf olsaydı, ölkə tibbinə daha çox etibar edilərdi.
Milli Məclisin Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov deyib ki, Azərbaycanda bütün xəstəlikləri müalicə etmək mümkündür. Almaniyada yaşayan azərbaycanlı həkim İlkin Məhərrəmli deyir ki, Azərbaycanda bütün olmasa da, bir qism mürəkkəb xəstəliklər müalicə oluna bilir, amma bu xidmətlər hamı üçün əlçatımlı deyil:
“Bir qism daha mürəkkəb müdaxilələri Türkiyədən dəvət olunmuş həkimlər sayəsində bəzi özəl tibb müəssisələrində həyata keçirmək mümkündür. Təəsüf ki, qiymətlər olduqca yüksəkdir və böyük hissəsi aztəminatlı olan əhali üçün əlçatmaz olaraq qalır. Üstəlik, bu xidmətlər yalnız Bakıdadır. Azərbaycan tək Bakıdan ibarət deyil və regionlarda təcili müdaxilə tələb edən kəskin durumlarda heç də həmişə pasientləri paytaxta gətirməyə müvəffəq olmurlar”.
Səhiyyəyə pul xərcləməkdə dünyada axırıncı
Ümumdünya Səhiyyə Təşkilatının 2015-ci ildə açıqladığı hesabata görə, dövlətin səhiyyə sisteminə minimum xərcləmələrinə görə, Azərbaycan Avropada ən axırıncı yerdədir.
Eyni hesabata görə, Azərbaycan uşaq ölümünə görə, Avropada axırdan 4-cü yerdə, ana ölümünə görə, axırdan 9-cu yerdədir.
Səhiyyə sisteminə tənqidləri adətən dövlət rəsmiləri də qəbul etmir, ölkədə bu sahəyə xüsusi diqqət yetirildiyini deyirlər.
Amma elə bu bir qayda olaraq Azərbaycan məmurlarının hələ də başqa ölkələrdə səhiyyə xidmətlərinə müraciət etdiklərinə dair xəbərlər gəlir.