Mədəkiçiltmə əməliyyatı xərçəng yaradır? - Həkim rəyi


Xərçəng xəstəliyindən əziyyət çəkən əməkdar artist Tünzalə Əliyeva mədəkiçiltmə əməliyyatından sonra yaxşı yeyə bilmədiyi üçün immunitetinin azaldığını və xəstəliyin onu üstələdiyini açıqlayıb.

Onun sözləri son zamanlar sürətli yayılan mədəkiçiltmə əməliyyatlarını bir daha gündəmə gətirib. Sözügedən əməliyyatların həyatı təhlükə yaradıb-yaratmaması, hansı hallarda risk daşıdığı müzakirə olunub.

Bəs, hansı hallarda mədəkiçiltmə əməliyyatı etmək olar? Nə zaman risk daşıyır? Mədəkiçiltmə əməliyyatı xərçəng yaradırmı?

Musavat.com mövzunun aktuallığını nəzərə alıb mədəkiçiltmə əməliyyatlarını həyata keçirən cərrah Kamran Rəfiyevlə əlaqə saxlayıb.

O, saytımıza açıqlamasında bildirib ki, mədəkiçiltmə xərçəng yaratmır: “Son zamanlar yayılan xəbərlərdən hər kəsdə qorxu yaranıb. İlk olaraq onu deyim ki, mədəkiçiltmə xərçəng yaratmır. Və bunun immunitet sistemini zəiflətdiyi barədə heç bir söhbət gedə bilməz. İmmunitet insan orqanizmini onun üçün genetik olaraq yad hesab edilən istənilən hüceyrələrdən - infeksiyalar, mikroblar, göbələklər, parazitlər, transplantasiya üçün istifadə edilən istənilən yad toxumalar, həmçinin insanın özünün mutasiyaya uğramış hüceyrələrindən də (həmçinin xərçəng hüceyrələrindən) qoruyur. Bizim orqanizmin normal fəaliyyəti üçün 900-1200 arası kalori lazımdır. Mədəkiçilməyə yönləndirilən insanların gündəlik kalori qəbulu 4000-dən çox olanlardır və mədəkiçiltmə zamanı mədənin 75-80 faizi kəsilərək çıxardılır. Buna görə də yemək qəbulu azalır, 1200-1500 kalori arası olur. Bunun sayəsində normal çəki qazanılır. Və bu qədər kalori qəbulu ilə orqanizm normal fəaliyyət göstərir, hüceyrələr sıradan çıxmır. Bu da o deməkdir ki, xərçəng xəstəliyinin yaranması mədəkiçiltməyə bağlı deyildir.

Həkim mədəkiçiltmə əməliyyatının kimlərə tətbiq edilmədiyinə də aydınlıq gətirib: “Əməliyyatdan öncə çek-up müayinədən keçirilir, analiz verilir. Bədən indeksi hesablanır, əməliyyat üçün bədən indeksi 35-dən yüksək olmalıdır. Çəkisi uyğun olmayanlar istəsə də, əməliyyata salınmır. Kilosu çox olub, yeməyə bağlı olmayan çəki alma problemləri olanları əməliyyat etmirik. Zob, ginekoloji hormonlarında və ya qalxanabənzər vəzdə problem olanlar əməliyyat olunmur. Bunlardan əlavə mədənin tam götürülməsi barədə  fikirlər səsləndirilir. Əsasən, biz mədənin 72 faizini götürürük. 30 faiz boru şəklində qalır. Bəzən mədə xərçəngi olanlarda mədə tamamilə götürülür və qida bir-başa bağırsağa gedir. Bu əməliyyat ancaq ölüm-qalım məsələsi olanda edilir. Mədəkiçiltmə əməliyyatı isə bu qədər böyük əməliyyat deyil. Bəzən pasiyenti digər xəstəliklərdən xilas etmək üçün həyata keçirilir”.

Tarix: 28-09-2018, 17:15
Xəbəri paylaş





Xəbər lenti