əlillər, işsizlər, yoxsullar haray qoparır
Sahil Babayevin nazir postuna gətirilməsi ƏƏSMN sistemində mövcud olan problemləri nəinki azaldıb, əksinə son 4 ayda bu sahədə olan problemlərin üzərinə daha ciddi problemlər əlavə olunub.

Cahan.info xəbər verir ki,
bu barədə Demokratik Musavat səhifəsində feysbuk istifadəçiləri yazıblar.

Nazirliyin düşdüyü bu cür dözülməz vəziyyət Sahil Babayevin heç vecinə də deyil, yalnız nazirliyə dost-tanış yığmaqla məşğuldur. Bildirilir ki, onun gəlişindən sonra əlillik dərəcələrinin verilməsində sanki sistem “donub”.

Nazir az qala çalışır ki, əlillik bütövlükdə ləğv olunsun. Eyni problem məşğulluq idarələrində, sosial yardımların verilməsində yaşanır. Vətəndaşlar 4 aydır əlillik sənədlərini nazirlikdən keçirə bilmirlər.

https://www.facebook.com/1806646542715750/photos/rpp.1806646542715750/1902849473095456/?type=3&theater

Şərhlərdən də görünür ki, vətəndaşlar nazirdən məktublarına, teleqramlarına cavab verməyi xahiş edirlər. Azər Əhədov, Hafiz Abbasov və başqaları nazirin fəaliyyətini tənqid ediblər, nazirliyə vurduqları teleqrama cavab verilməsini gözlədiklərini bildiriblər.

Xalqın yeni nazir Sahil Babayevdən gözləntisi ölkədə əmək qabiliyyətli əhalinin işlə təminatı, işçilərin əmək hüquqlarının müdafiəsi, əhalinin məşğulluğunun artırılması və aztəminatlı ailələlərə dövlət qayğısının gücləndirilməsi istiqamətində islahatların həyata keçirilməsidir.

Lakin nazir Sahil Babayevdə sələfinin izindən gedərək nazirliyin fəaliyyət istiqamətləri üzrə fundamental islahatlar aparmaq əvəzinə məmurların soyqırımını həyata keçirməklə məşğuldur.

Elchi.az yazıb ki, sabiq nazir Səlim Müslümov işlədiyi müddətdə heç olmasa pafoslu çıxışlarla xalqın könlünü aldı. Sələfi isə buna belə lüzum görmür.

Yenilər dərk etməlidir ki, xalqın güzaranı heç də yaxşı deyil. Bu gün əhalinin böyük çoxluğu işləmir və dolanışıqları dözülməz vəziyyətdədir. Ölkəni intihar dalğası bürüyüb və sosial problemlər daha da dərinləşir. Dövlət büdcəsində sosial sahəyə küllü miqdarda vəsait ayrılır. Lakin bu vəsaitlər əhalinin sosial problemlərinin həllinə yönəlmir.

“Reytinq”ə verilən məlumata görə, təyinatından 3 ay ötən yeni nazir Sahil Babayev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) mərkəzi aparatı və strukturlarına daxil olan qurumlarda indiyədək 100-dən çox şəxsi vəzifədən uzaqlaşdırıb:

“Düzdür, bunların arasında vəzifədən getməyi haqq edənlər də kifayət qədərdir. Elə nazirliyin sabiq Aparat rəhbəri Əjdər Cəbiyevin, Səlim Müslümovun əmisi oğlu, nazirin müşaviri Yalçın Müslümovun, bacısının həyat yoldaşı olan DSMF-nin Nəsimi şöbəsinin müdiri Əsgər Əsgərovun, dayısının kürəkəni olan Əmək müfəttişliyinin rəisi Fuad Əlizadənin, həmçinin ƏƏSMN-in Daxili nəzarət, Kadrlarla bağlı şöbə müdirlərinin və daha bir neçə şəxsin işdən çıxarılması ictimaiyyətin böyük kəsimi kimi, daxildə də alqışlandı.

Lakin keçmiş zabit Sahil Babayevin “ayaq səsləri”nin vahiməsi bundan o yana gedə bilmədi. O, nazirlikdə “güclü şəxslərə” nəinki nüfuz etməyi bacardı, əksinə, kənardan nazirliyə gətirdiyi təcrübəsiz kadrlarla “qaş düzəltdiyi yerdə, göz çıxarmağa” başlayıb”.

Cahan.info “Reytinq”ə istinadla xəbər verir ki, O, Aparat rəhbəri vəzifəsini kənardan müşavir postuna gətirdiyi, hələ də ƏƏSMN-in strukturunu mənimsəməmiş Anar Əliyevə həvalə edib.

Əlillərin sosial müdafiəsi siyasəti şöbəsinin müdiri vəzifəsini Sabir Qocayevə, Əmək siyasəti şöbəsinin müdiri vəzifəsini Əbülfət Məhərrəmova, Daxili nəzarət şöbəsinin müdiri vəzifəsini sektor müdiri Heybət İmanova, Kadr və kadr hazırlığı şöbəsinin müdiri vəzifəsini sektor müdiri Nərmin Bayramova, İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsini kənardan gətirdiyi və müqavilə ilə həmin şöbəyə müavin təyin etdiyi Fazil Talıbova həvalə edib.

Nazirliyin və DSMF-nin digər çoxsaylı şöbələrində də eyni vəziyyətdir. Hətta elə anlar olub ki, nazir əvəzediciləri belə vəzifədən çıxarıb və onların da yerinə təyinat aparılmayıb. İndi elə şöbələr var ki, orada sektor müdiri həm müavin, həm də müdir vəzifələrini icra edir. Çox maraqlıdır ki, nazir boşalan və vacib vəzifələrə təyinat apara bilməsə də, kənardan nazirliyə topladığı təcrübəsiz kadrları vasitəsi ilə bir ucdan hələ də dəyişiklikləri davam etdirir

Yeni nazirin saxta pensiya adı ilə pensiyaçılara qarşı fəaliyyəti onu Səhiyyə Nazirliyi ilə üz-üzə qoyub. Belə bir iddia ilə çıxış edən nazirlik əməkdaşının sözlərinə görə, S. Babayev iki həftə əvvəl bununla bağlı İşçi Qrupu yaradıb: “Həmin İşçi Qrup ünvanlı sosial yardımları araşdırmaqda bəlkə də tamam ilə haqlıdır.

Amma onların əlil və digər pensiya hüquqlu şəxslərin sənədlərinə məhəl qoymadan araşdırmaq, hətta bu zaman bəzi xəstələrlə kobud davranmağa nə hüquqları, nə də mənəvi haqları var.

Yəqin ki, bir neçə gün əvvəl saytlarda telejurnalistlərdən birinin xərçəng xəstəsi olan bacısının başına açılan oyundan xəbəriniz var. Bəli, həmin xəstəyə Əlillərin Bərpa Mərkəzindən zəng edib, çox kobud danışaraq təhdid ediblər.

Deyiblər ki, dərhal mərkəzə gəlməsən, əlilliyə görə ödəniş (pensiya) dayandırılacaq. Bu fakt göstərir ki, ƏƏSMN tamamilə qanunsuz bir addım atmaqla kifayətlənməyib, eyni zamanda, digər nazirliyin saləhiyyətinə də kobud müdaxilə edib. Əvvəla, prezident İlham Əliyevin də hər dəfə dediyi kimi, heç bir məmur xəstə və ya adi vətəndaşla kobud danışa, onu təhdid edə bilməz.

İkincisi, hamı əla bilir ki, pensiya təyinatları Səhiyyə Nazirliyinin müvafiq epiqrizləri əsasında təyin edilir. Yəni bunu dəyişdirmək və ya ona düzəliş etmək səlahiyyəti də ƏƏSMN-in rəhbəri Sahil Babayevin işi deyil. ƏƏSMN yalnız onu təsdiqləməklə görəvlidir.

Üçüncüsü, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin kurasiyasında onkoloji xəstələrə aid heç nə yoxdur. Belə olan halda, təhdid dolu zənglər tamamilə qanunsuz olmaqla yanaşı, həm də hüquqi məsuliyyət yaradır.

Paralel.az yazıb ki, Sahil Babayev nazir təyin olunduğu zaman ilk açıqlamalarından biri bu oldu ki, ölkədə bütün təqaüdçülərin pulu eyni vaxtda ödəniləcək. Lakin həmin açıqlamadan xeyli zaman keçməsinə baxmayaraq, iki aydır ölkə vətəndaşlarının təqaüdlərinin adənilməsi arasında mövcud olan ayrıseçkilik davam edir.

Başqa bir müşahidə olunan mənfi hal odur ki, vətəndaşın cənab nazirin qəbuluna düşmək istəyi xeyli çətinləşdirilib. Ölkə Prezidenti cənab İlham Əliyev bütün çıxışlarında hər bir məmurdan xalqa xidmət göstərməyi ciddi şəkildə tələb etdiyi halda, cənab Sahil Babayev xalqın müraciətlərinə laqeyd yanaşır və onların şəxsən qəbul olunub şikayətlərinə baxılmasına hörmətsizlik göstərdiyi müşahidə olunur.

Xüsusən, Qarabağ müharibə veteranlarının müalicəsinin təşkil olunmasına, dövlətin bu məqsəd üçün ayırdığı vəsaitin öz təyinatı üzrə xərclənməsinə normal yanaşmır.

Bu tənqidlərlə bağlı nazirliyin mövqeyini dərc edə bilərik.