Gömrük Komitəsi 3 il əvvəl alınan əlil arabası üçün rüsum tələb edir

 

Tural Əliyev: “Malın dəyərini ödəməli olacağıq”

“3 il əvvəl xaricdən sifarişlə aldığım əlil arabası üçün Bakı Baş Gömrük İdarəsi rüsum tələb edir. Halbuki o zaman sabiq nazir Səlim Müslümovun xahişi ilə həmin araba gömrükdən keçirilmişdi. Bir qəpik də ödəməmişdik”. Bunu birinci qrup əliliyi olan Tural Əliyev deyib.
O qeyd edib ki, indi nazir gedib və görünür, gömrük rüsumu yada düşüb: “Yenidən rüsumun ödənilməsini tələb edirlər”.“Dedilər, 4 min manat rüsum ödəməlisiniz”
T.Əliyev bildirib ki, dostu 2016-cı ildə həmin əlil arabasını ABŞ-ın “Gofondme.com” saytından sifariş edib:
“Özü də araba mənim şəxsi vəsaitim hesabına alınmayıb. Dostum təkərli əlil arabasının alınması ilə bağlı hesab açmışdı. Qısa müddətdə insanlar həmin hesaba pul köçürdülər. Vəsait yığıldı, araba sifariş verildi. Araba gələndə Hava limanında Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları bildirdilər ki, keçirmək üçün 4 min manat rüsum ödəməlisiniz. Biz həmin vaxt mətbuatda və sosial şəbəkələrdə bunu yaydıq”.
“Səlim Müslümov mənə şəxsən zəng etdi”
T.Əliyev bildirib ki, bundan sonra əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov ona şəxsən zəng edib:
“Dedi ki, narahat olma, gömrüyün rəisi ilə danışmışam, məsələni həll etmişəm, gedin arabanızı götürün. Getdik, 6-7 saat gözlətsələr də, arabanı bizə təhvil verdilər”.
“Sənədlər məhkəməyə göndərilir”
Onun sözlərinə görə, həmin vaxt problemin tamamilə həll edildiyini düşünərək, arabanı götürüb, evə gəliblər.
T.Əliyev bildirib ki, bunun üstündən 3 ilə yaxın vaxt keçəndən sonra, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşı ona zəng edərək bildirib ki, o vaxt deklorasiya yazılıb və 2 il ərzində bu pulu ödəmək barədə öhdəlik götürülüb. Həmin rüsumu indi ödəmək lazımdır:
“Arabanı götürən zaman nə mən, nə də ailə üzvlərimdən heç kim heç nəyə imza atmamışıq. Gömrüyün əməkdaşına bildiririk ki, məsələ nazir səviyyəsində həll olunub. Cavab olaraq gömrüyün əməkdaşı bildirdi ki, sənədlər məhkəməyə göndərilir”.
“Cərimə və rüsumu ödəməsəm, malın dəyərini ödəməli olacağıq”
Tural Əliyev bildirib ki, gömrüyün əməkdaşı ona 4 min manatdan əlavə 500 manat da cərimə olunacağını deyib:
“İndi həmin 4 min manat qalxıb olub 4 min 500 manat. Əlavə cərimə də gəlib üstünə. Mənə dedilər ki, əgər cərimə və rüsumu ödəməsəm, malın dəyərini ödəməli olacağıq. Arabanın dəyəri isə 14 min dollardır”.
Meydan TV problemlə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edib. Nazirlikdən məsələni araşdıracaqlarını, onlarlıq nəsə varsa, həll edəcəklərini bildiriblər.
Dövlət Gömrük Komitəsindən isə münasibət öyrənmək mümkün olmayıb.
Tarix: 3-10-2018, 15:02
Xəbəri paylaş





Xəbər lenti