Torpaqlarımızın bütövlüyü uğrunda canından keçən polislərin ailə üzvləri bu suala cavab istəyir
Mahmud Hacıyev: “Ədalətli, yaxud ədalətsiz olmasından asılı olmayaraq, bu fərman yalnız hərbi qulluqçulara aiddir”
Namizəd Səfərov: “Şəhid polislərin ailə üzvləri öz hüquqlarını tələb etməli və haqlarını almalıdır”
Qarabağ müharibəsində şəhid olan DİN əməkdaşlarının ailə üzvləri redaksiyamıza müraciət ediblər. Onlar 11 min manatlıq birdəfəlik ödəməni ala bilmədiklərindən şikayətçidirlər. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən onlara bildirilib ki, bu ödəmə yalnız şəhid olmuş hərbi qulluqçuların ailə üzvlərinə şamil edilir.
Xatırladaq ki, 2018-ci ilin 19 aprelində Respublika Prezidenti İlham Əliyev şəhid ailələrinə 11 min manat pul ödənməsi ilə bağlı fərman verib. Fərmana əsasən, 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə bu Fərmanla müəyyənləşdirilmiş qaydada 11 min manat məbləğində birdəfəlik ödəmə veriləcək. Birdəfəlik ödəmə hərbi qulluqçuların Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq müəyyən edilən vərəsələrinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən veriləcək.
Məsələyə aydınlıq gətirmək üçün keçmiş polis rəisi Mahmud Hacıyev və hüquqşünas Namizəd Səfərova müraciət etdik.
Mahmud Hacıyev polislərin birmənalı şəkildə hərbi qulluqçu hesab olunmadığını əsas gətirərək, 11 manatlıq birdəfəlik ödənişin onlara şamil olunmadığını qanunauyğun saydığını bildirdi.
“Bəs bu nə dərəcədə ədalətlidir?” sualına elspert belə cavab verdi: “ Qanun belə tələb edir. Hərbi qulluqçular deyiləndə hərbçilər nəzərdə tutulur. Polis güc strukturu olsa da, Hüquq Mühafizə Orqanlarına aiddir. Çox guman ki, ya pulun məbləğinə görə, ya da hər hansı digər səbəbdən qanun bu şəkildə formulə edilib. Odur ki, ədalətli, yaxud ədalətsiz olmasından asılı olmayaraq, bu fərman yalnız və yalnız hərbi qulluqçulara aiddir”.
Hüquqşünas Namizəd Səfərovun mövqeyi isə tamamilə fərqli oldu. O, bildirdi ki, hansı silahlı qüvvələrin tərkibində olmasından asılı olmayaraq şəhid statusu almış bütün şəxslərin ailə üzvləri, varisləri adı çəkilən fərmana uyğun olaraq ayrılan 11 min manatı almalıdır: “Bu hakimiyyət Vətən uğrunda canından keçən insanların ailələrinə o cüzi məbləği verməmək üçün min bir oyundan çıxır, min bir bəhanə gətirir. Şəhid olan şəxs hərbçidir, polis əməkdaşıdır, ya sadə vətəndaşdır, könüllüdür - heç bir fərqi yoxdur, bu insan öz ölkəsinin ərazi bütövlüyü naminə canından keçib. Onlara hər hansı fərq qoyula bilməz. Döyüşdə həlak olubsa, şəhiddir, bütün şəhid ailələrinə isə 11 min manat pul ayrılıb və bu pul onlara verilməlidir. Dövlət bütün layihələrə pul tapır, bircə şəhidlərimizin ailələrinə 11 min manatı ödəməkdən boyun qaçırmaq üçün olmazın bicliklərə əl atır, müxtəlif qərarlar verir, bu qərarları hər kəs istədiyi kimi şərh edir. Əslinə qalsa, ödəniləcək 11 min manat devalvasiyadan sonra tamamilə dəyərdən düşüb. Xatırlatmaq istəyirəm ki, şəhid ailələrinə yardım məqsədilə pul ayrılması qərarı Azərbaycan Respublikasının ilk prezidenti Əbülfəz Elçibəy tərəfindən verilmişdi. Əslində prezident İlham Əliyevin sərəncamına ehtiyac yoxdur. Bu pul çoxdan şəhid ailələrinə verilməli idi.
Mən bununla bağlı mətbuatda açıqlama vermişəm. Yeni sərəncamın verilməsi mənasızdır, mövcud sərəncamın icrası təmin olunmalıdır. Əbülfəz Elçibəyin bütün şəhidlərə şamil edilən sərəncamı ləğv olunmayıb, bu gün də qüvvədədir və icrasını gözləyir. Bu məsələ dəfələrlə müxtəlif səviyyələrdə müzakirə olunub, hətta Milli Məclisdə də bəzi millət vəkilləri tərəfindən qaldırılıb, amma sərəncamın icrası hələ də uzadılır.
Bu il verilən sərəncamla bağlı isə onu deyə bilərəm ki, polis əməkdaşlarıda elə hərbi qulluqçuların bir hissəsidir. Onların hüquqi rejimi, əmək haqları başqa qanunlarla tənzim olunsa da, onların hərbiri hərbi qulluqçudur. Polisin vəzifəsi torpaqların bütövlüyünü sərhəddə qorumaq deyil axı, amma o zaman polisləri də döyüşlərə cəlb etdilər, onlar da bir vətəndaş kimi Vətənləri qarşısında öz borclarını yerinə yetirdilər və aralarında qəhrəmancasına həlak olanlar onlarla, yüzlərlədir. Nə olsun ki, polis Daxili Qoşunların tərkibində deyil, döyüşüblərsə, demək hərbçidirlər, hərbi tapşırıq yerinə yetiriblər. Bu baxımdan müharibədə həlak olanlara heç bir fərq qoyulmamalıdır. Ona qalsa, bu gün yalnız orduya çağırılanlar döyüşür, təbii ki, indi şəhid olanların hamısı ordumuzun üzvləridir, hərbçilərdir, onların arasında polis əməkdaşları yoxdur. Amma 90-cı illərdə vəziyyət fərqli idi, o zaman polislər də hərbçilərlə çiyin-çiyinə vuruşurdu ön cəbhədə. Buna görə də onları hərbçilərdən ayırmaq olmaz, onların da ailələri ayrılan məbləği almalıdır. Şəhid polislərin ailə üzvləri öz hüquqlarını tələb etməli və haqlarını almalıdır. Mənim hesabıma görə, bu məbləğ 250 milyonu aşır, bu pulun ödənilməsi üçün dövlət büdcəsindən xeyli vəsait ayrılmalıdır. Əslində bu məsələ vətəndaşı deyil, dövləti qayğılandırmalıdır, dövlət bu pulun ödənilməsini ən yüksək səviyyədə təmin etməlidir. Özü də hesab edirəm ki, bu günkü devalvasiya nəzərə alınaraq həmin məbləğ 11 min manat deyil, 11min dollar (yəni, hardasa 20 min manat) həcmində ödənilməlidir. Çünki bu günkü qiymətlərlə 11 min manat şəhid ailələrinin heç bir ehtiyacını ödəyə bilməz, bu pulla nə mənzil, nə də maşın almaq mümükün deyil.
Mən dəfələrlə mətbuatda, sosial şəbəkələrdə şəhidlərin “qan pulu”nun ödənilməsinin nə qədər vacib olduğunu xüsusi vurğulamışam, tələb etmişəm ki, bu pul ən qısa zamanda ödənilsin. Əgər bu gün biz şəhidlərin “qan pulu”nu onların ailələrinə ödəmiriksə, sabah kim gedib Vətənimizin azadlığı uğrunda döyüşər? Döyüşçü bilməlidir ki, o həlak olsa, dövlət onun ailəsini başsız qoymayacaq.”
Banu Oğuz, Hurriyyet.org
P.S. Ümid edirik ki, sonucda ədalət zəfər çalacaq və şəhid ailələri öz haqqını alacaq. Biz də bu işdə onlara bacardığımız qədər kömək etməyə çalışacağıq.