Sahil Babayev 1-ci qrup Qarabağ əlilinə niyə rədd cavabı verib? - "...probleminizi həll etməyə imkanımız yoxdur"
Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, korpus 18, Mədən -1, ev 215-də kirayədə yaşayan 1-ci qrup Qarabağ Müharibəsi əlili Rəsulova Sevgili Almurad qızı prezident İlham Əliyevə və bir sıra dövlət qurumlarının rəhbərliyinə müraciət ünvanlayıb. Bir nüsxəsi də Siam.az-a daxil olan müraciətdə deyilir:
"Mən, 1990-ci ildən Ağdam rayonunda “20 Yanvar” könüllü özünümüdafiə batalyonunun yaradılmasında iştirak edərək Xocalı, Ağdərə, Laçın rayonlarının müdafiəsində döyüşmüşəm. Döyüşlərdə 3 dəfə ağır yaralanmışam. Sağlamlıq vəziyyətim çox ağır olduğundan Ulu Öndərin tapşırığı əsasında Türkiyə Cumhuriyyətində “Gülhanə” Əsgəri Hospitalında 1 il 6 ay müalicə olunmuşam. 1994-cü ildə isə Ulu Öndərin yardımı sayəsində müalicəmi davam etdirmək üçün Amerika Birləşmiş Ştatlarının Nyu-York ştatına aparılmış və 2 aydan çox müalicə olunmuşam.
8 il əlil arabasında gəzmişəm, 2013-cü ildə Almaniyada müalicə olunduqdan sonra əlil arabasından nəhayət ki, ayağa qalxmağı bacarmışam. Hal-hazırda da sağlamlığımın tam bərpası üçün müalicə reabilitasiya tədbirlərini davam etdirirəm. Bu gün həyatda qalmağıma və yaşamağıma görə Ulu Öndər Heydər Əliyevə və şəxsən Sizə borcluyam.
Cənab Ali Baş Komandan! Siz hər zaman Azərbaycanın ərazi bütövlüyü uğrunda əlil olmuş biz vətəndaşların yanında olmusunuz, bizim mənzil-məişət və digər problemlərimizin həll olunmasına köməklik etmisiniz.
2013-cü ildə sağlamlığımda yenidən ağır problemlər yarandığından (onkoloji xəstəliyə qarşı) müalicəm üçün Mingəçevirdə yaşadığım mənzilimi, qiymətli əşyalarımın hamısını satıb müalicə və əməliyyata sərf etmişəm.
Sağlamlıq vəziyyətimdə yaxşılaşma olsa da, hal-hazırda davamlı müalicəyə və reabilitasiyaya ehtiyacım var. Ona görə də müalicələrimi davam etdirmək və daimi həkim nəzarətində olmaq üçün Bakı şəhərində yaşamaq məcburiyyətində qalmışam. Qohumlarımın maddi yardımı ilə Maştağa qəsəbəsində 3 sot torpaq sahəsi almışam ki, babat bir daxma inşa etdirib içində tək yaşayıb ömrümü başa vurum. Lakin hazırda maddi imkanım olmadığına görə bu arzumu həyata keçirə bilmirəm. Mənə əlilliyə görə 220 manat və Prezident təqaüdü olaraq 182 manat verilir ki, bununla da yalnız kirayə haqqını və minimum qidalanmağımı təmin edirəm. Müalicəmi davam etdirmək üçün ləzım olan dərmanları əldə etməyim imkan xaricindədir. Məsələilə bağlı 3 ay əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi naziri cənab Sahil Babayevin qəbulunda oldum. Sağ olsun birinci məni qəbul etdi, dinlədi və söz verdi ki, əlimdən gələni edəcəyəm ki, bu probleminiz həll olsun. Çox təəssüflər olsun ki, Nazirlikdən aldığım cavabda qeyd edilir ki, probleminizi həll etməyə imkanımız yoxdur. Eyni cavabı Fövqəladə Hallar Nazirliyi də vermişdir. Ona görə də məcbur olub Sizə müraciət edirəm.
Cənab Ali Baş Komandan! Dəfələrlə bu barədə yuxarı direktiv orqanlara teleqram və ərizə ilə etdiyim müraciətlərə çox təəssüflər olsun ki, formal və başdansovudu cavablar verilir. Mən inanıram ki, müraciətim Sizə şəxsən çatarsa məmuniyyətlə mənə köməklik göstərilməsi barədə göstəriş verərdiniz. Odur ki, son dəfə ümidlə Sizə KİV vasitəsilə müraciət edərək xahiş edirəm. Balaca bir mənzil tikintisinə lazım olan inşaat materiallarının alınıb mənə verilməsi üçün köməklik göstərəsiniz. Əvvəlcədən minnətdarlığımı bildirirəm".