Bakıda qurumuş və təhlükə insan həyaıtna təhlükə törədən ağaclar çoxdur.
Bu ağaclar küləyin təsirindən hər an aşıb faciəyə səbəb ola bilər. Təhlükə mənbəyi olan ağacların vaxtında kəsilməsi və ya budanması ilə məşğul olan qurumlar isə çox hallarda sakinlərdən gələn müraciətlərə biganə yanaşır. İş o yerə çatır ki, faciə baş verir və aidiyyatı qurumlar üzərinə düşən məsuliyyəti bu halda da boynundan atır.
Maraqlıdır, hazırda paytaxtda kəsilməsi, yaxud budaması vacib olan təhlükəli və qurumuş ağaclar varmı? Son 2 gündə ağacların aşaraq insan həyatına təhlükə yaratması barədə xəbərlərdən sonra bu məsələ yenidən gündəmə gəlib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova Cebhe.info-ya açıqlamasında qurumun belə ağacların monitorinqinin aparmadığını deyib.
Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov da monitorinqin onlar tərəfindən aparılmadığını bildirib:
“Ekologiya və Təbii Sərvətlər Nazirliyi bizim qurumun fəaliyyətini bilməz. Ümumiyyətlə, torpaq mülkiyyəti olan qurumlar bu monitorinqi həyata keçirməlidir. Yəni, yerli icra hakimiyyətləri və bələdiyyələr ərazisində olan təhlükəli ağacları müəyyənləşdirib Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, yaxud da bizə müraciət etməlidirlər. Lazım olarsa, həmin müraciətə birgə baxış keçirib akt tərtib edə bilərik. Yaşıllıqlarla bağlı Nazirlər Kabinetinin 321-ci saylı qərarı var. “Yaşıllıqların götürülməsi” qaydasında göstərilir ki, istifadəsində olan torpaq sahələrində yerli icra hakimiyyəti orqanları, bələdiyyələr bu səlahiyyəti həyata keçirir. Biz sadəcə, xidmət edən bir təşkilatıq və qurumumuzda o qədər işçi yoxdur ki, monitorinq keçirək. Əslində o qərarın özü normal deyil. Çünki məntiq ondan ibarətdir ki, yerli icra hakimiyyəti orqanları və bələdiyyələrin yaşıllıqlarla bağlı mütəxəssisi yoxdur. O zaman necə baxış keçirsinlər?”
Qurum rəsmisi deyib ki, əvvəllər Bakı Yaşıllaşdırma İdarəsinin hər rayonda sahə rəisləri fəaliyyət göstərirdi: “Onlar hər hansı bir fakt əsasında, məsələn hansısa ərazidə 6 qəzalı, 7 qurumuş ağacın olduğunu aktlaşdırırdılar. Akt qeydiyyata alınırdı, təkrar baxış keçirilirdi və qısa müddət ərzində ağac ərazidən ya götürülürdü, ya da budanırdı. Amma indi yaşıllıqlarla bağlı qərar qəbul etmək səlahiyyətimizdə deyil. Gözləyirik ki, ya vətəndaş müraciəti, ya da Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xüsusi rəyi olsun. Əgər Ekologiya və Təbii Sərvətlər Nazirliyi ağacın kəsilməsi ilə bağlı rəy vermirsə, onu necə etmək olar? Ona görə də belə xoşagəlməz hadisələrin qarşısını almaq mümkün olmur və bədbəxt hadisələr yaşanır”.
Orxan Məmmədov əlavə edib ki, ümumiyyətlə, quruma təhlükəli və qurumuş ağaclarla bağlı müraciətlər çox olur: “Bakıda əkilən ağacların 80-85 faizi 1960-70-ci illərdə əkilib. Bu ağaclar artıq boy atıb. Onları budamaq lazımdır. Amma biz o hüquqa malik deyilik. Bakı Yaşıllaşdırma İdarəsi yalnız parklarda olan ağaclara nəzarət edir. Əyiləni götürürük, budamaq lazım olanda texniki qulluq göstəririk”.