Sarımsaq kötüyünü eşşək südündə qaynat iç, xırrıp kəsilsin...


Sarımsaq kötüyünü eşşək südündə qaynat iç, xırrıp kəsilsin...
Azərbaycanda 1 litri 80 manata eşşək südü satılacaq. Bunun üçün 100-ə yaxın eşşəyin saxlanıldığı fermada tikilib. Abşeron rayonu Məhəmmədi qəsəbəsində tikilən fermada 100-ə yaxın eşşək saxlanılır. Sahibkar Ülvi Hidayətzadə deyir ki, bu ferma nəinki Azərbaycanda, eləcə də Qafqazda ilk eşşək fermasıdır. Onun sözlərinə görə, buradakı heyvanların hamısı həkim nəzarətindən keçib, peyvənd olunub. Fermada gün ərzində 10-15 litr süd əldə ediləcək. Qiymətlər isə müxtəlif olacaq. Gələcəkdə bu südün xaricə satışı da planlaşdırılır. Müvafiq sertifikatlar alındıqdan sonra eşşək südünün satışa çıxarılması mümkün olacaq. Məsələ ilə bağlı Qida Təhlükəsizliyi Agentliyindən bildirilib ki, hazırda həmin ferma ilə bağlı araşdırmalar aparılır. Onlar araşdırmalarını aparmaqda olsunlar, biz də eşşək südünün faydaları haqqında bilgi verək.

Açığı, eşşək südünün dərman vasitəsi kimi istifadə edildiyini ilk dəfə "Ögey ana” filmində ölməz sənətkarımız Nəsibə Zeynalovanın yaratdığı Fatmanisə obrazının dilindən eşitmişəm: "Bir az sarımsaq kötüyünü eşşək südündə qaynat iç, xırrıp kəsilsin, bir az da içinə qırmızı istiot əlavə etsən, lap yaxşı olar...”. Görünür, eşşək südünün faydaları elə o vaxtdan xalqa bəlli olub. İlk olaraq eşşək südünün tərkibi haqqında kiçik araşdırma aparıb, insan və inək südü arasındakı fərqi öyrənməyə çalışdıq.

Eşşək südü: tərkibində yağ 1.21%, zülal 1.74%, laktoza 6.23% nisbətindədir.
İnək südü: tərkibində yağ 3.48%, zülal 3.45%, laktoza 4.73% nisbətindədir.
İnsan südü: tərkibində yağ 3.38%, zülal 1.64%, laktoza 6.69% nisbətindədir.

Bu gün dünyada eşşək südünü ən çox istehsal edən ölkə İtaliyadır. Lakin İtaliyada eşşək südü istehsalı ilə əlaqədar müxtəlif qanuni tənzimləmələr var. Eşşək fermalarına alınan uzunqulaq, heyvan xəstəliklərinə qarşı peyvənd, testlər və dərmanlanma edildikdən sonra süd istehsalına başlanılmalıdır. . Eşşəklərin təmiz və gigiyenik mühitlərdə, əl dəymədən südlərinin alınması vacibdir. +4 dərəcədə toplanıb soyudulan südlərin təmiz və gigiyenik süd emal təsislərinə yollanması lazımdır. Fabriklərdə pasterizə edildikdən və sterilizasiya əməliyyatından sonra eşşək südü satışa çıxarılmalıdır. İndiyədək ana südünə ən yaxın süd keçi südü hesab edilirdi, amma aparılan araşdırmalardan sonra məlum olub ki, eşşək südü daha çox faydalıdır. Südün faydası onun miqdarının az olması ilə də ölçülür. Belə ki, bir inək sutkada orta hesabla 20-30 litr süd verirsə, eşşək sadəcə 2 litr verə bilir. Eşşəkdən gündə 4 dəfə, aralarında 2 saatdan az müddət olmamaqla, süd sağıla bilər. İndi bir çox dünya ölkələrində eşşək fermaları qurulub. Eşşəklərə baxılması və qidalandırılması olduqca rahatdır. Uuzunqulaqlar çox az miqdarda yemək yeyirlər, saxlanması ucuz başa gəlir, əvəzində isə baha qiymətə satılan südlərindən yaxşı gəlir əldə edilir. Belə ki, Avropada eşşək südünün 1 litri 100 dollar civarındadır.

Eşşək südünün faydalarından danışan fitoterapevt Elnur Eldaroğlu qeyd etdi ki, insan səhhətində yaranan bir çox problemlərinə həllində eşşək südündən istifadə edilir: "Sinir hüceyrələrinin yenilənməsinə və immunitet sisteminin qüvvətlənməsinə kömək edir. Eşşək südündə omeqa-3 və omeqa-6 yağ turşuları bol miqdarda tapılar. Bu səbəblə, ürək və damar xəstəliklərinin qarşısının alınmasına, alzheimer və sinir sistemi xəstəlikləri, xolesterini salmaq üçün çox faydalıdır. İnək südünə nisbətlə 60 qat daha çox C vitamini ehtiva edir. Mədə və bağırsaqlarda, həzm sistemində və nəfəs yollarında olan xəstəliklərin müalicəsində böyük rol oynayır. Qəbizliyin qarşısını alaraq, bağırsaqları rahatlaşdırır.

Eşşək südü dərini təmizləyir və qidalandırır. Bu süddən kosmetik vasitə kimi də istifadə etmək olar. Dəridə qırışların əmələ gəlməsinin qarşısını alır. Bunun ən gözəl nümunə kimi isə Kleopatranın daim eşşək südü vannası qəbul etməsini göstərmək olar. Onu da qeyd edim ki, inək südü içilən zaman kalori aldırır, qarın hissədə köp olur. Amma eşşək südündə bu kimi hallar baş vermir. Həmçinin diqqət yetirməli olduğumuz bir məsələ isə həm eşşəyin, həm də südün, satışa çıxarılmamışdan əvvəl yoxlanışdan keçirilməsidir. Mütləq, hər ikisi mütəxəssis tərəfindən yoxlanılmalıdır”.

Tibb üzrə ekspert Adil Qeybulla bildirdi ki, qədim türk təbabətində eşşək südündən daim istifadə olunub: "Daha çox ağciyər, vərəm xəstəliklərinin müalicəsində effekt göstərən bir məhsuldur. Onun tərkibində olan bioloji aktiv maddələr insanın bronxlarının möhkəmlənməsinə kömək edir. Amma bunun sənaye istiqamətində istehsalını və istifadəsinin real elmi əsasını təmin etmək zaman məsələsidir. Bu südü elmi təbabətin bir hissəsi etmək istəyiriksə, onunla bağlı ciddi elmi araşdırmalar aparıb, tərkibini, əsas təsir elementlərinin miqdarını öyrənmək lazımdır. Yalnız belə ciddi araşdırmalardan sonra eşşək südünün kütləvi istehsalına qərar verilə bilər. Bu gün Almaniya istehsalı olan xeyli dərman preparatları Şərq reseptləri əsasında hazırlanır. Həmin preparatlar dərman bitkilərindən hazırlanır. Hazırda dünyada Şərq və Qərb təbabəti arasında bir sintez gedir. Amma gəlin görək bu süd məhsulundan dünyada necə istifadə edilir, beynəlxalq təcrübədə bir əsası varmı? Dünya bu süd məhsulunu necə qiymətləndirir? Ümumdünya Səhiyyə Təşkilatının reyestrində eşşək südü müalicə vasitəsi kimi tanınırmı? Bütün suallara cavab tapdıqdan sonra bu süd məhsulu haqqında geniş danışmaq olar. Əlbəttə, faydası var, bunu inkar etmirik. Amma bu üsul müalicənin bir elementi ola bilərmi? Bu, artıq zaman məsələsidir”.

Məsələ ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinin də mövqeyini öyrəndik. Agentlikdən verilən məlumata görə, qurumun mütəxəssisləri sözügedən təsərrüfat sahəsinə baxış keçirib və məlum olub ki, həmin təsərrüfat subyekti qanunvericiliyi pozaraq, qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyətə başlayıb: "Məlumat üçün bildiririk ki, qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin qeydiyyatı qanunvericiliyin tələblərinə uyğun olaraq Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həyata keçirilir. Qeyd olunan təsərrüfat subyekti bir neçə gün əvvəl məhsulların keyfiyyət göstəricilərini müəyyən etmək üçün Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinə nümunələr təqdim etmiş və nəticələrlə bağlı heç bir müvafiq sənəd olmadan, məhsulun satışına başlayıb. Qeyd olunanlar "Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun (maddə 7) kobud şəkildə pozulmasıdır və bununla bağlı Agentlik tərəfindən həmin təsərrüfat subyektinin fəaliyyəti nəzarətə götürülüb, heyvanlardan qan və süd nümunələri götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib”.

Agentlik bəyan edir ki, heç bir elmi əsaslara, tədqiqat işlərinə, laborator müayinələrinin nəticələrinə istinad etmədən, ulaq südünün yüksək keyfiyyətə malik, müalicəvi məhsul kimi təqdim olunması yolverilməzdir və bu, insanlar arasında çaşqınlığa gətirib çıxarır. Ümumiyyətlə, beynəlxalq təcrübədə bu tip yeni təsərrüfat sahələri fəaliyyətə başlamazdan, məhsullar istehlakçılara təqdim olunmazdan əvvəl, bu sahədə elmi-təcrübi işlər həyata keçirilir, məhsulun normativ-texniki sənədləri hazırlanıb təsdiq olunur, istehsalın standartları müəyyənləşdirilir və yalnız bundan sonra məhsulların istifadəsi haqqında müvafiq qərar qəbul olunur. Hazırda ölkəmizdə ulaq südünün istifadəsi, müalicəvi əhəmiyyəti barədə heç bir normativ sənəd mövcud deyil.

Qida Təhlükəsizliyi Agentliyi tərəfindən qeyd olunan təsərrüfat subyektinin fəaliyyəti ilə bağlı araşdırmalar davam etdirilir, aparılan araşdırmaların nəticəsi ilə bağlı məlumatlar ictimaiyyətə təqdim olunacaq".
\\kaspi.az\\ 
Tarix: 27-10-2018, 15:55
Xəbəri paylaş





Xəbər lenti