“Şəkərim yüksəkdir, tez-tez komaya düşürəm. Ayağımı çəkə-çəkə qalmışam, müharibədən qəlpə qalıb, əvvəl ağrısı olmazdı, indi dəhşətli ağrıları olur, ancaq əməliyyat edib çıxara bilmirlər. Çünki şəkərim imkan vermir. Əlimdə 250 manatlıq maaşım olan işim var, onu da itirmək üzrəyəm. Səhhətim işi davam etdirməyə imkan vermir. Bir tərəfdən də evsizlik… Çox bərbad durumdayıq”.
Siyəzəndə yaşayan Nicat Cabbarov 4 il yarım torpaqların azad olunması uğrunda döyüşüb. Qarabağ müharibəsi veteranıdır. Ayağına dəyən güllənin qəlpəsi hələ də çıxarılmayıb. Ancaq indiyədək ona əlillik təyin olunmayıb. Ailə baçısıdır, üç azyaşlı övladı var, işləyir, 250 manat maaş alır. Ancaq maaşı nə dolanışığa yetir, nə dərmanlarına… Üstəlik də evsizlik…
“Üç ailə bir qəzalı evdə…”“Ata evimizdə qardaşımın, onun oğlunun ailəsi və mənim ailəm yaşayır. Üç ailə qəzalı evdə əziyyət çəkirik. Üstəlik, atam o vaxt evi qardaşıma bağışlayıb. Mənsə ora ailəmlə sadəcə, getməyə yerim olmadığı üçün müvəqqəti sığınmışam. Bir tərəfdən canımın ağrısı, bir tərəfdən dolanışığın çətinliyi, bir tərəfdən də ailələr arasında məişət münaqişələri… İstədim özümüz üçün ayrıca işıq, qaz sayğacları quraşdırım, qaz idarəsindən dedilər, əvvəl gərək qardaşın evi səninlə rəsmi bölsün. Bu da mümkün deyil deyə sayğac qoymurlar. Eyni damın altında yaşayışımız hərtərəfli dözülməz həddə çatıb”.
“Azı 20 il keçib, hələ indi sənəd qəbul edirlər”Canında qəlpə gəzdirən veteranın ikinci problemi ona əlillik təyin olunmaması ilə bağlıdır:
“Əlbəttə ki, borcumuzdur, ancaq imkanımız yoxdur”Siyəzən Rayon İcra Hakimiyyətindən Meydan TV-yə bildirilib ki, Nicat Abbasov quruma müraciət edib: “Bir neçə dəfə sayğaca görə müraciət edib, qaz idarəsinin nümayəndəsini dəvət etdik, öz yanında maraqlandıq ki, necə kömək etmək olar. Nümayəndə də bildirdi ki, eyni damın altında iki sayğac qanunla yolverilməzdir. Bölgü olmasa, mümkün deyil. Mənzil üçün müraciət edib, bildirmişik ki, yalnız Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə müharibə əlilləri və şəhid ailələri üçün tikilir. İcra hakimiyyətinin isə mülki vətəndaşlar üçün mənzil fondu yoxdur. Belə bir imkan olsa, əlbəttə ki, torpaqlarımız uğrunda döyüşüb, ilk növbədə, belə insanları nəzərə almaq borcumuzdur”.