“Uşaq pulu” bərpa oluna bilər- Milli Məclisdə müzakirəyə çıxarılacaq


Azərbaycanda uşaqlara dövlət tərəfindən verilən müavinətin bərpa edilməsi məsələsi Milli Məclisdə müzakirəyə çıxarılacaq.

Bu barədə BakuPost-a millət vəkili Fazil Mustafa məlumat verib. Bildirib ki, 100 valideynin "uşaq pulu”nun bərpası ilə bağlı parlamentə müraciətindən sonra belə bir qərar verib: "Valideynlərin "uşaq pulu”nun bərpa edilməsi ilə bağlı millət vəkillərinə müraciəti ilə tanış olmuşam. Çox haqlı müraciətdir, orada əsaslandırılmış fikirlər var. Bu məsələni gündəmə gətirmək niyyətindəyəm. Bu pulun konkret təyinatı üzrə verilməsi vacibdir. Hətta verilən pulun təyinatı üzrə xərclənməməsinə görə məsuliyyət belə nəzərdə tutula bilər. Dövlət verilən pulun məhz uşaqların ehtiyacı üçün xərclənməsini tələb edə bilər. Mücərrəd formada uşaqlara hansısa müavinətin nəzərdə tutulmasındansa, "uşaq pulu”nun verilməsi daha uyğundur. O müraciəti almışam, bununla bağlı fikirlərimi büdcə layihəsinin müzakirəsi zamanı gündəmə gətirəcəyəm”.


Deputat müraciətdə gənc ailələrin 1 və ya 2 uşaqdan artıq övlad istəməməsinin sosial problemlərlə əsaslandırılmasına da münasibət bildirib: "Azərbaycanda ailələrin 1 və ya 2 uşaqdan artıq övlad istəməməsinin səbəbi tam da bununla bağlı deyil. Çünki Azərbaycanda elə ailələr var ki, qız uşağının dünyaya gəlməsini istəmirlər. Bu artıq sosial mülahizələrlə deyil, anormallıqla bağlıdır. Bunu tam sosial mülahizələrlə əsaslandırmaq olmaz. Amma bütövlükdə uşaq pulunun verilməsi, stimullaşdırma vacibdir. Hesab edirəm ki, bu, uşaqların daha sağlam böyüməsi üçün müəyyən stimul yarada bilər”.

Qeyd edək ki, 100 valideyn adından parlamentə "uşaq pulu”nun bərpa edilməsi üçün müraciət daxil olub. Həmin müraciətlə ətraflı BURADAN tanış ola bilərsiniz.

Tarix: 1-11-2018, 20:58
Xəbəri paylaş





Xəbər lenti