Ceyhun Bayramov üçün ÇIXIŞ YOLU... - Əgər rüşvətə son vermək istəyirsə...
Son illərdə Azərbaycanda təhsil sahəsində aparılan inqilabi islahatlar artıq özünün ilkin bəhrələrini verməkdədir. Təhsil sistemini dünyanın qabaqcıl təcrübələrinə əsaslanaraq yenidən qurmaq, onun keyfiyyətini artırmaq üçün proqramlar qəbul edilib, uğurlu layihələr həyata keçirilib. Azərbaycan təhsilini ənənəvi sistemdən müasir tələblərə cavab verən yeni modelə uyğunlaşdırmaq üçün bu gün də önəmli tədbirlər görülməkdədir. Əlbəttə ki, görülən bu işlər və qarşıya qoyulan strateji hədəflər Azərbaycan təhsilinin parlaq gələcəyindən xəbəb verir. Bu isə onu deməyə əsas verir ki, təhsil sahəsində əsası Ümummilli liderimiz tərəfindən qoyulmuş islahatlar bu gün Prezident İlham Əliyev tərəfindən yeni mərhələdə və yeni keyfiyyətdə uğurla davam etdirilir və bu sahədə atılan genişmiqyaslı addımlar ölkəmizdə savadlı, istedadlı gənc nəslin yetişməsinə, təhsilin böyük nailiyyətlər əldə etməsinə və nəhayət etibarilə, Azərbaycan dövlətinin sürətli inkişafında əsaslı baza rolunu oynayır. Bir sözlə, dövlətin təhsil sisteminin inkişafı prosesinə mütəmadi və yüksək səviyyəli diqqətinin nəticəsində bu sektor da keyfiyyətcə yeni və ardıcıl inkişaf müstəvisinə qədəm qoyub.
Məlum olduğu kimi, Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey, gimnaziyalarda və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumtəhsil məktəblərində I sinfə şagird qəbulu artıq 3-cü ildir ki, elektron qaydada aparılır. Birinci sinfə elektron sənəd qəbulunun tətbiqi vətəndaşların rahatlığının təmin olunmasına, valideynlərin əlavə vaxt itkisinin qarşısının alınmasına və mövcud olan bərabər təhsil imkanlarının genişləndirilməsinə şərait yaradır. Eləcə də I sinfə elektron sənəd qəbulu prosesi bu sahədə şəffaflığın təmin olunması, subyektiv amillərin aradan qaldırılması, insanlara obyektiv seçim azadlığının verilməsi, təhsil sahəsində əhaliyə göstərilən elektron xidmətlərin dairəsinin genişləndirilməsi və şagird kontingentinin uçot sisteminin təkmilləşdirilməsi məqsədilə tətbiq edilir. Ötən illər ərzində birinci sinfə şagird qəbulu sistemi ilbəil təkmilləşdirilir. Belə ki, artıq valideynlər elektron ərizəni dolduran zaman məktəb və təlim dili ilə yanaşı, müəllim seçimini də sistem vasitəsilə özləri edə bilirlər. Həmçinin, sənədlər məktəbə təqdim edilən zaman uşaqlar müsahibəyə cəlb olunmurlar. Eyni zamanda, bəzi məktəblərdə süni şagird sıxlığının qarşısını almaq məqsədilə qəbul ilk növbədə, prioritetlər (valideynin mikroərazidə yaşaması, bacı və ya qardaşın həmin məktəbdə oxuması, valideynlərdən birinin həmin məktəbdə işləməsi) əsasında aparılır. Belə ki, uşağın həmin məktəbə qəbul edilməsi üçün qeyd olunan prioritetlərdən biri olduqda, bu proses sistem tərəfindən tənzimlənir.
Digər bir yenilik isə lisey və gimnaziyalara qəbulla bağlıdır. Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumi təhsil müəssisələrinə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 160 nömrəli klassik gimnaziya və 287 nömrəli “Zəkalar” liseyinə I sinfə qəbul zamanı ilk növbədə, həmin ümumi təhsil müəssisələrinin müəyyən edilmiş mikroərazisində yaşayan vətəndaşların ərizələrinin qeydiyyatı aparılır. Həmin təhsil müəssisələrinə müəyyən edilmiş mikroərazidə yaşayan vətəndaşların uşaqları müsabiqədənkənar qəbul edilir. Bu da təbii olaraq, həmin ərazidə yaşayan uşaqların təhsil hüquqlarının təmin olunması zərurətindən irəli gəlir. Digər ərazilərdə yaşayan valideynlərin uşaqları isə həmin ümumi təhsil müəssisələrinə yalnız müsabiqə yolu ilə qəbul üçün qeydiyyatdan keçə bilərlər. Həmin uşaqlar üçün müsabiqə iyun ayı ərzində keçiriləcək.
Birinci sinfə şagird qəbulunun elektron sistem vasitəsilə tənzimlənməsi ilk növbədə, vətəndaş məmnuniyyətinə xidmət edir. Odur ki, istənilən müraciət və sorğu diqqətlə araşdırılır, müvafiq işçi qrupu hər bir məqamı nəzərə almağa çalışır. Xüsusilə qeyd etmək lazmdır ki, valideynləri düşündürən müxtəlif məsələlərin həlli ilə bağlı BŞTİ-yə olunan bütün müraciətlər ən qısa zamanda cavablandırılır, müvafiq qaydalara uyğun gələn bütün hallarda valideynlərin istəyi müsbət həll edilir.
Bu sistemin tətbiqi nəticəsində uzun illərin əsas problemlərindən biri olan dərs ili başladıqdan sonra məktəb daxilində siniflər üzrə uşaqların əsassız şəkildə yerdəyişməsinin aparılmasının qarşısı alınacaq.
I sinfə şagird qəbulunun elektron sistem vasitəsilə tənzimlənməsi eyni zamanda bir sıra məktəblərdə ənənəyə çevrilmiş “Seçmə uşaqlarla işləmək” təcrübəsinin aradan qaldırılmasına imkan verəcək. Bu, məktəblər arasında tədrisin səviyyəsinə görə fərqlərin aradan qaldırılmasına ciddi təsir edəcək vasitələrdən biridir.
Paytaxda yerləşən bir çox məktəblərə müxtəlif səbəblərdən şagird axınının çox olmasına görə bəzən yaxınlıqda yaşayan uşaqlar həmin məktəblərdə təhsil almaq imkanından məhrum olurdular. Bu isə insanların haqlı narahatlığına səbəb olur, azyaşlı uşaqların lüzumsuz yerə yollarda vaxt itirməsi ilə nəticələnirdi. İndi isə hər bir uşağın ən yaxın dövlət ümumi təhsil müəssisəsində təhsil alması üçün heç bir problem yoxdur.
Göründüyü kimi şagirdlərin birinci siniflərə qəbulunun elektron qaydada aparılması son illərin ən uğurlu layihələrindən biridir. Məhz görülən işlərin məntiqi nəticəsidir ki, bu sahədə şəffaflıq maksimum səviyyədə təmin olunub. Lakin, sirr deyil ki, bu şəffaflığın heç də yuxarı siniflərdə təmin olunması barəsində danışmaq olmaz. Yuxarı sinif şagirdlərinin müəyyən maraqlar çərçivəsində məktəblər arasında “dəyişdirilməsi” , siniflərdə bu yolla şagird sıxlığının yaradılması faktları istənilən qədərdir. Hətta bir çox hallarda şagirdin adı oxuduğu məktəbdə deyil, digər bir məktəbdə jurnalda yazılır. Beləcə direktorlar arasında baş tutan “centlmen razılaşması” nəticəsində hər iki tərəf qazanır.
Qeyd etmək yerinə düşər ki, yuxarı siniflərdə-xüsusilə X, XI siniflərdə şagirdlərin repititer yanına getməsi nəticəsində davamiyyət çox aşağı olur. Həmçinin əksər məktəblər şagirdlərin belə kurslara getməsinə özləri şərait yaradırlar. Çünki, həm şagirdin dərsə gəlməməsindən qazanırlar, həm də qəbul imtahanları nəticəsində yüksək faiz göstərmələri ilə öyünürlər. Bütün bunlar isə şagirdlərin yerdəyişməsinə vahid mərkəzdən nəzarətin olmaması nəticəsində baş verir. Nəticədə isə təhsil sahəsində total rüşvətin ayaq açmasına şərait yaranır.
Təklif edirik ki, bütün ölkə üzrə şagirdlərin vahid informasiya mərkəzi formalaşdırılsın və onların yerdəyişməsi də elektron qaydada aparılsın. Məhz vahid elektron sistemin yaradılması nəticəsində yuxarı siniflərdə şagirdlərin yerdəyişməsi sahəsində hökm sürən rüşvətxorluq, korrupsiya hallarına son qoymaq mümkündür. Yerdəyişmə prosesinin vahid mərkəzdən idarə olunması hər bir məktəbin potensialının üzə çıxarılmasına, eləcə də qaranlıq məqamların aradan qaldırılmasına köməklik edəcəkdir. İnanıram ki, bu təklifin reallaşması təhsilimizin gələcək inkişafına köməklik göstərəcək, bu sahədə şəffaflığın təmin edilməsinə şərait yaradacaqdır.
Rubrika.Az saytının məktəb kollektivləri və valideynlər arasında keçirdiyi sorğunun nəticələri də dediyimizi bir daha təsdiq edir. Rəyi soruşulan respondentlər şagirdlərin elektron qeydiyyatının aparılmasının vacibliyini, bunun şəffaflığın təmin edilməsində böyük rol oynadığını bildiriblər.Bu barədə sorğumuzda ölkənin tanınmış təhsil ekspertlərinin də müsbət fikirləri var. Gələcəkdə mövzu ilə bağlı daha ətraflı yazılar dərc edəcəyik.