Pensiya yaşına yenidən baxılsın - Deputat
"Biz pensiya islahatları ilə bağlı çox ciddi qanun layihələri qəbul etdik. Biz pensiya yaş həddini dəyişdirdik. Kişilərin və qadınların pensiya yaşını 65 edib, eyniləşdirdik. Bəs bu nə verdi dövlət büdcəsinə? Dövlət büdcəsinə əlavə vəsait gətirib çıxardımı? Ümumiyyətlə, bunu hesabladılarmı?”
Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin iclasında "Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deputat Vahid Əhmədov deyib.
Deputat bildirib ki, aparılan pensiya islahatlarının hələ ki, müsbət nəticəsi yoxdur.
"Ona görə də hesab edirəm ki, "Pensiya sistemi haqqında” qanuna yenidən baxmağa çox böyük ehtiyac var. Yeni nazir Sahil Babayevə təklif edirəm ki, pensiya yaşı ilə bağlı məsələyə ciddi şəkildə baxılsın. Biz ciddi bir şəkildə pensiya yaşını artırdıq. Mən başa düşə bilmirəm ki, 65 yaşında qadını biz pensiyaya çıxardırıq”.
Tarix: 14-11-2018, 21:24