Bu ilin oktyabr ayında irlandiyalı müğənni Şineyd O Konnor sosial media hesabından verdiyi açıqlamada İslam dinini qəbul etdiyini açıqlayıb. O, katolik xristianlığı tərk etdiyini və müsəlman olduğu üçün qürur duyduğunu deyib: “Bu, hər bir ağıllı ilahiyyatçının təbii olaraq çatacağı bir nəticədir. Bütün müqəddəs kitablar bizi İslama aparır”. 51 yaşlı ifaçı adını da dəyişərək Şühəda Davitt qoyub.
Müsəlmanlığı qəbul edən məşhurlar
2017-ci ilin yanvarında Amerikanın qalmaqallı aktrisası Lindsi Loxan İslam dinini qəbul edib. 30 yaşlı Hollivud ulduzu bundan sonra “İnstagram” səhifəsindəki bütün fotolarını yığışdırıb. O, yalnız “Alaikum salam” sözünü saxlayıb. Aktrisa hələ 2015-ci ildə fəal şəkildə “Quran”la maraqlanıb. Son illərdə isə dəfələrlə müsəlman ölkələrinə səfərə gedib.
Əsl adı Kassius Kley olan Məhəmməd Əli 18 yaşında Olimpiya çempionu, 22 yaşında isə artıq dünya çempionu idi. Qəzetlərdə onun haqqında belə yazılırdı: “O, kəpənək kimi süzür, arı kimi sancır”. Müsəlman dinini qəbul edib, adını Məhəmməd Əli olaraq dəyişdirməsi böyük əks-səda doğurmuşdu. 1974-cü ilə qədər Məhəmməd Əli 25 titullu boks döyüşünün qalibi olmuş super ulduz idi. 1981-ci ildə Əli boksdan getdiyini elan etdi. Bir müddətdən sonra məlum oldu ki, o, parkinson xəstəliyinə tutulub.
2015-ci ildə amerikalı bir qadın Məşhəd şəhərində kəlimeyi-şəhadəti gətirərək müsəlman olub. Ziyarət etdiyi Məşhəd şəhərində İmam Rzanın fikirləri və düşüncələri ilə yaxından tanış olan bir amerikalı xanım şiə fiqhinə əsasən İslam dinini qəbul edib və İmam Rzanın hərəmindəcə kəlimeyi-şəhadəti gətirərək müsəlman olub. O, 4 illik araşdırmalardan sonra İslam dininin yeganə haqq dini olduğuna qərar verib. Amerikalı müsəlman xanım bundan sonra həyatını İslam üzərində quracağını, İslam dinini, əsl qaynaqları olan Qurani-Kərim və İslami hədislərdən, eyni zamanda İslam alimlərindən öyrəndiklərini Amerika və başqa bölgələrdə yaşayan insanlara da öyrədəcəyini söyləyib. Elina xanım İslam dininin ona rahatlıq, xoşbəxtlik verdiyini, Allahın ayələrini dinləməkdən böyük zövq aldığını bildirərək, hicabın yalnız bir örtük olmadığını, əksinə, bir inanc və əqidə olduğunu, hicabın qadın fitrətinin tələbi olduğunu, İslami mədəniyyət və sivilizasiyanı əks etdirdiyini qeyd edib.
İqtisadi böhran və mənəvi dəyərlərin sarsılması nəticəsində italyanlar İslam dininə üz tuturlar. İtaliyanın İslam Birliyi İcmasının verdiyi məlumata görə, ildə təxminən 5 min italyan İslamı qəbul edir. Son illərdə 70 mindən çox italyan İslam dinini qəbul edib. İslam dinini qəbul edənlərin sayına görə bu ölkə Almaniya və İngiltərə ilə bir sırada durur.
İtaliyanın nüfuzlu “AGP” internet saytının verdiyi xəbərə görə, bu hal bütün Avropada müşahidə edilir. İslamı qəbul edənlərin əksəriyyəti ali təhsilli, xristianlığın əsaslarını yaxşı bilən və cəmiyyətdə nüfuz sahibi olan adamlardır.
İslama gələnlər arzuladıqlarını bu dində tapdıqlarını və müsəlmanların qeyri-müsəlmanlara qarşı yaxşı davrandıqlarını da vurğulayırlar.
Fransanın Marsel şəhərində fəaliyyət göstərən sosial elmlər ali məktəbinin doktorantı Loik lepokun dediyinə görə, 2011-ci ildə 40 min, 2006-cı ildə 100 min fransız İslamı qəbul edib.
2016-cı ildə təkcə ABŞ-da 25 min yerli sakin İslamı qəbul edib. Bu göstərici Böyük Britaniyada 32 min, Fransada 40 min, Almaniyada 4,5 min və Rusiyada 11 min nəfər təşkil edir.
Statistika onu göstərir ki, ABŞ-da qadınlar İslamı kişilərdən 4 dəfə çox qəbul edir.
Kvonsi Universitetinin professor Kevin Bris islamlaşmış Qərb insanları ilə bağlı müəyyən araşdırma aparıb. Onun fikrincə, amerikalı və avropalı insanlar müasir cəmiyyətin mənfi əlamətlərindən qaçaraq İslama sığınırlar.
Beləliklə, Qərb ölkələrində müsəlmanların sayının kəskin artımı təkcə mühacirətlə deyil, İslamı qəbul edənlərin sayının artması ilə bağlıdır. Statistikaya görə, Almaniyada hər 2 saata 1 nəfər, Böyük Britaniyada isə 80 dəqiqəyə 1 nəfər İslamı qəbul edir.
Bu göstəricinin xüsusən yüksək olduğu ölkə isə Fransadır. 5 milyondan artıq müsəlmanın yaşadığı ölkədə son illər 120 mindən artıq şəxs İslamı qəbul edib. Onlar arasında Frank Riberi, Anelka və Tyeri Anri kimi tanınmış futbolçular da var. ABŞ-da isə təkcə son 12 ildə 1300-dən artıq məscidini inşa olunması İslamın sürətlə yeni qitələrə doğru yayıldığını göstərir.
Demoqrafiya üzrə ekspertlərin hesablamalarına görə, 2050-ci ildə Avropa Birliyi əhalisinin 15%-i müsəlman olacaq. Bu rəqəm 2100-cü ildə 50%-i keçəcək. Paralel olaraq, 2100-cü ildə İslam dünyada ən geniş yayılmış dinə çevriləcək. Hazırda bu dinə sitayiş edənlərin sayı 1,5 milyard nəfərdisə, 80 il sonra bu rəqəm 3,5 milyardı keçəcək.
50 yaşlı müğənni Canet Cekson isə qətərli milyarder Uissam Əl Mandandan uşaq dünyaya gətirib. Körpəsinə İssa adı verilib. Övladı dünyaya gəlməzdən öncə müğənni həyat yoldaşının təklifi ilə İslamı qəbul edib. Müğənni dinini dəyişdikdən sonra hicaba keçib.
Model Kendra Spirs şahzadə Rəhim Ağa-xan ilə ailə həyatı qurduqdan sonra islamı qəbul edib. O, adını da dəyişərək şahzadə Salva olub. Lakin əri ona fotosessiyalardan iştirak etmək qadağası qoymayıb. Cütlüyün İrfan adlı oğlu var.
Dini mütəxəssis Kənan Rövşənoğlu “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, əslində insanların dinə üz tutması bir mənada ruhi ehtiyacdır. Onun sözlərinə görə, hər zaman bu tendensiya olub, lakin xüsusilə indiki narahat və mənəvi böhranın yaşadığı dünyada bu meyl daha da güclənib: “İnsanlar ruhi rahatlığı, axtardıqları ədalət və şəfqəti dində tapırlar. Çünki ətraf cəmiyyət sürətlə qəddarlaşır, insanlar daha çox fərdiyyətçiliyə yuvarlanır. Belə bir vəziyyətdə dinlər və dini icmalar bir mənada xilas adası rolunu oynayır. İslamın bu işdə daha çox önə çıxması isə sonuncu din olan İslamda Tövhid - Tək Allah inancının mükəmməl olması ilə bağlıdır. İslam bu mənada mükəmməldir, insanların ruhi ehtiyaclarını və mənəvi boşluqlarını tamamilə dolduracaq gücdədir. Bu səbəbdən də hər nə qədər haqqında mənfi təbliğat aparılsa da, İslama yönəlmə sürətlə artır”.
Sevinc TELMANQIZI