İki qurum “arasında qalan” uşaq bağçaları: ASAN xidmətə verilir?


İki qurum “arasında qalan” uşaq bağçaları: ASAN xidmətə verilir?

Ölkəmizdə məktəbəqədər təhsil müəssisələrinin problemləri aktual olaraq qalır.

Parlamentin büdcə müzakirələri zamanı da bu sahəyə bir daha toxunuldu. İnsan Hüquqları üzrə müvəkkil Elmira Süleymanova uşaq bağçalarının İcra hakimiyyətlərinin tabeliyindən çıxarılaraq Təhsil Nazirliyinə verilməsini təklif etdi. Uşaq bağçalarının problemlərindən bəhs edərkən ilk növbədə bu müəssisələrin sayının az olmasını qeyd etmək lazımdır. Özəl uşaq bağçalarında ödəniş haqqının yüksək, dövlət bağçalarının sayının isə az olması valideynləri çıxılmaz vəziyyətə salır. 

Uşaqları bağçaya aparan valideynlərə bu müəssisələrdə adətən “yer yoxdur” cavabı verilir. Bu səbəbdən də xüsusilə anaların bir qismi işləmək imkanından məhrum olurlar. Uşaq bağçalarının sayının az olması xüsusilə mərkəzdən kənarda yaşayan sakinlərə problem yaradır. Bağçaya uşaq qəbulu ilə bağlı bir sıra başqa neqativ amillərə də rast gəlinir. Bu məsələdə ən çox adı hallanan mərkəzdə yerləşən uşaq bağçalarıdır. 

Digər tərəfdən isə uşaq bağçalarında tədris və tərbiyənin səviyyəsi ilə bağlı problemlər var. Bu məsələ bütünlüklə bağçaların hamısını əhatə etməsə də, bir sıra bağçalarda məktəbəqədər hazırlığın səviyyəsinin çox aşağı olduğu bildirilir. Bu məsələ xüsusilə bölgələrdə daha aktual xarakter daşıyır. Hazırda məktəbəqədər təhsil müəssisələri İcra hakimiyyətlərinin tabeliyində olsa da, bu müəssisələrə faktiki olaraq nəzarət mövcud deyil. Heç olmasa paytaxtda uşaq bağçalarının infrastrukturunun yenilənməsi ilə bağlı bir sıra işlər görülüb. Rayonlarda əksinə, icra hakimiyyətlərinin tabeliyinə verildikdən sonra bağçaların infrastrukturu ümumiyyətlə dağılıb.
Amma qeyd etmək yerinə düşərdi ki, problemlər bağçalar Təhsil Nazirliyinin tabeliyində olanda da vardı. 

Xatırladaq ki, uşaq bağçaları 2011-ci ilin dekabrına qədər Təhsil Nazirliyinin tabeçiliyində olub. Bu tarixdən isə Nazirliyin tabeliyindən alınaraq İcra hakimiyyətlərinin tabeliyinə verilib. Məktəbəqədər təhsil müəssisələrinin Nazirliyin tabeliyindən çıxarılmasına da bu sahədə olan problem və şikayətlərin yol açdığını demək olar.
Uşaq bağçalarının icra hakimiyyətlərindən alınması məsələsi ilk dəfə Təhsil Nazirliyi tərəfindən də gündəmə gətirilib. Nazirlik bunu qurumun ümumtəhsilin ilk pilləsi olan uşaq bağçalarına nəzarət funksiyasını yerinə yetirə bilməməsi və buna görə də məktəbə hazırlığın səviyyəsinin aşağı düşməsi ilə əsaslandırır. 

Qeyd edək ki, bir sıra ekspertlər də hesab edirlər ki, bağçalar Nazirliyin tabeliyinə verilməlidir.

Təhsil eksperti Elşən Qafarov da bir qədər əvvəl “Cümhuriyət” qəzetinə verdiyi açıqlamada bildirib ki, Azərbaycan Respublikasının Təhsil Qanunun və dövlətin təhsil prinsiplərinə əsasən, təhsilin bütün pillərilə arasında əlaqə və vəhdətlik mövcuddur. Bu baxımdan da o, bağçaların Nazirliyin tabeçiliyinə verilməsinin vacib olduğunu bildirib. Təhsil eksperti də qeyd edib ki, Nazirliyin məktəbəqədər təhsil müəssisələrinə müdaxilə edə bilməməsi bu müəssisələrdə olan neqativ halların qat-qat çox olması ilə nəticələnib və bu müəssisələrdə təhsilin çöküşünə səbəb olub. Elşən Qafarov, eləcə də bir sıra ekspertlər hesab edirlər ki, bağçalar Nazirliyin tərkibinə qaytarılmalı və bu məsələ ləngiməməlidir.

Məsələnin digər tərəfi isə Nazirliyin tabeliyində olan müəssisələrdə təhsilin səviyyəsi ilə bağlıdır. Bu gün orta məktəblərdə də təhsilin səviyyəsi aşağıdır. Bu baxımdan uşaq bağçalarının yenidən Nazirliyin tərkibinə qaytarılması hansı irəliləyişə səbəb olacaq? 

Ona görə də bağçaların idarəçiliyinin alternativ üsullarla həyata keçirilməsi ilə bağlı təkliflər də ortaya çıxır. Məsələn, hesab edilir ki, bağçalara qəbul prosesi “ASAN xidmət”in səlahiyyətlərinə verilə bilər. Xatırladaq ki, belə bir təcrübə peşə məktəbləri ilə bağlı həyata keçirilib. Peşə təhsili Təhsil Nazirliyinin Peşə Təhsili üzrə Dövlət Agentliyinin tabeliyində qalsa da, bu məktəblərə qəbul “ASAN-Peşə” layihəsi üzrə “ASAN xidmət” mərkəzləri tərəfindən ödənişsiz qaydada həyata keçiilir. 

Bunun bəzi neqativ halların qarşını aldığı qeyd olunur. Bu təcrübənin baxçalara da şamil olunmasının məktəbəqədər təhsil müəssisələrinə uşaq qəbulunda müsbət irəliləyişlərə səbəb olacağı güman edilir. Doğrudur, qəbulun hansısa qurumun səlahiyyətində olması yer azlığı problemini həll etmir. Yer çatışmazlığı probleminin həlli, əsasən, bağçaların sayının artırılmasından keçir. Hesab olunur ki, dövlət bu sahəyə ayrılan vəsaitləri çoxaltmalı və bölgələr üzrə məktəbəqədər təhsil müəssisələrinin sayı artırılmalıdır. Bağçaların publik hüquqi şəxslərə çevirilməsi ilə bağlı da təkliflər mövcuddur. (Cebhe.info)



Tarix: 22-11-2018, 07:54
Xəbəri paylaş





Xəbər lenti