Müharibə veteranlarının müavinətləri ilə bağlı Baş nazir Novruz Məmmədova və Əmək və Əhalinin Sosial Müdafiəsi naziri (ƏƏSMN) Sahil Babayevə etdikləri müraciətə cavab ala bilmədikləri üçün narazıdırlar.
Mia.az xəbər verir ki, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov bununla bağlı yenidən müraciət edib. Müraciəti təqdim edirik:
"Bildiyiniz kimi, ötən həftənin bu günü biz Baş nazir Novruz Məmmədova və Əmək və Əhalinin Sosial Müdafiəsi naziri (ƏƏSMN) Sahil Babayevə xitabən bir məsələni artıq neçənci dəfə gündəmə gətirmişdik ki, sizə daha 1 həftə vaxt veririk ki, Qarabağ müharibəsi veteranlarının ALMALI olduqları müavinatla bağlı rəsmi münasibət açıqlayın.
Bu gün deyilən vaxt artıq başa çatdı və ortalıqda sıfır nəticə var.
Buradan Baş nazir Novruz Məmmədova və Sahil Babayevə xatırlatmaq istəyirəm ki, ola bilsin ki, siz özünüzü çox ağıllı və savadlı sayırsınız. Olsun. Amma, Azərbaycan qanunları məhz sizin indiki halda çox səhv yolda olduğunuzu açıq-aydın təsdiq edir və sizdən təkidlə tələb edir ki, MƏSLƏNİ yubatmayın. Həll edin.
Qısaca xatırladım ki, Azərbaycanda «Müharibə Veteranı» statusu olan şəxslərə 2006-ci ildən etibarən kommunal, nəqliyyat xərcləri üzrə güzəştlərin əvəzinə aylıq müavinət təyin edilib. Bir dəfə də bu məsələdə "çaşanlar" oldu və həmən səhv o vaxt millət vəkili, H.Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın məsələyə müdaxiləsindən sonra həllini tapdı.
Müharibə veteranı, ələlxüsus da Qarabağ müharibəsi iştrakçısı olan şəxslərin işləyib-işləməməsindən asılı olmayaraq, bütün müharibə veteranlarına bu müavinat Prezidentin fərmanına uyğun olaraq verilməlidir.
Məsələnin bir balaca mənəvi tərəfi də ondan ibarətdir ki, bu məbləğ işləyənlərə 55 manat, işləməyən pensiyaçılara 11 (on bir) manat miqdarında verilirdi.
2012-ci ilin mayın 1-dən etibarən isə sabiq ƏƏSM naziri "xoş sözlərə layiq" Səlim Müslümovun özbaşınalığı, vəzifə səlahiyyətlərini kobud aşması nəticəsində 11 manat müavinatın verilməsi dayandırılıb. "Ağıllılar" bu absurd addımlarını onunla əsaslandırmağa çalışırlar ki, guya təzə qanunda əmək pensiyası alan müharibə veteranları artıq "Müharibə Veteranı" olmalarına baxmayaraq o müavinatı ala bilməzlər.
Ay sizin "super savadınıza" və "ağlınıza" Allah ağıl versin. Məgər mənim və mənim kimi minlərlə Qarabağ müharibəsinin iştrakçısı pensiyaya çıxanda o STATUS ləğv olunur? Axı bu mümkün deyil. O ad ÖMÜRLÜKDÜR!
İndi müharibənin nə olduğunu bilməyən, ancaq kabinetlərdə vəzifə pillələrində addımlayan Novruz Məmmədov və dünənin uşağı olan, Bakı qeydiyatında olmasına baxmayaraq elə Bakı şəhərində "həqiq hərbi xidmət keçən" Sahil Babayev hardan anlasınlar və başa düşsünlər ki, "Müharibə Veteranı" statusu hər adama verilmir və o status dövlət tərəfindən ölkənin ərazi bütövlüyü və suverenliyi uğrunda xüsusi xidmətləri olan şəxslərə rəsmi qaydada verilir və onların bütün imtyaz və güzəştləri "Veteranlar haqqında" Qanunla açıq və aydın şəkildə tənzimlənir.
Bizim bəzi "ağıllı" məmurlarımız, xüsusən də Dövlət Sosial Müdafiə Fondu əmək pensiyası alan müharibə veteranlarına veteran müavinətinin verilməsini «Sosial müavinətlər haqqında» 07.02.2006-cı il tarixli Qanunun tələblərindən irəli gəldiyini bildirir. Belə ki, həmin qanunun 7.0.6-cı və 11.1.5-ci maddələri əmək pensiyası almaq hüququ olan şəxslərin kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinətlə təmin olunmasını istisna edir. Ancaq DSMF rəsmiləri nədənsə unudurlar ki, «Sosial müavinətlər haqqında» Qanun "Veteranlar haqqında" Qanundan sonra qəbul edilib və hətta Afrikada belə qanun GERİYƏ şamil olunmur və yeni qanun da qüvvədə olan əvvəlki qanunun müvafiq müddəasını ləğv etrməyib. Bu məsələ barəsində Ali Məhkəmənin İnzibati İqtisadi Məhkəməsi də 2013-cü ildə Qərar qəbul edib ki, Səlim Müslümov adlı şəxs özbaşınalıq edib və müavinatların ödənilməsi dayandırıldığı tarixdən davam etdirilməlidir.
Biz hələ onu demirik ki, veteran müavinətinin məbləği Azərbaycanda mütəmadi olaraq artırıldığı halda, pensiyaçı müharibə veteranları bu artımlardan yararlanmayıblar.
Ən qısası isə bax budur.
Müharibə veteranı əmək pensiyası almaq hüququ əldə etdikdə veteran statusunu itirə bilərmi?
Əmək pensiyası müvafiq iş stajına görə təyin olunur və vətəndaşın ƏMƏK FƏALİYYƏTİNƏ görə təyin edilir. Müharibə veteranı müavinəti isə bu kateqoriyadan olan vətəndaşlara verilən bir İMTYAZDIR, ay yoldaş tovarişlər, cənab və misyolar! Bu məsələni əgər siz hələ də özünüz üçün ayrıd edə bilməmisinizsə, yazıqlar olsun sizə. Axı bu yazdıqlarım hətta orta məktəb şagirdlərinə aydın olan bir 2 vur 2 məsələsidir.
2006-cı ildə «Sosial müavinətlər haqqında» Qanun qəbul olunduqdan sonra Prezidentin müavinətlərlə əlaqədar 613 nömrəli, 26.12.2001-ci il tarixli və 257 nömrəli, 11.07.2005-ci il tarixli fərmanları ÖZ QÜVVƏSİNİ İTİRMƏYİB!!
Bunu mən yox, QANUNLAR deyir, hörmətli Baş nazir Novruz Məmmədov və hələ də hansı vəzifədə olduğunu tam axıradək dərk etməyən Sahil Babayev!
Ali Məhkəmə Sizə "Müharibə Veteranı" müavinətinin ödənilməsinin davam etdirilməsi vəzifəsini DSMF-nin Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş Departamentinə həvalə edib.
Bəs Siz nədən yazdıqlarımıza və qaldırılan məsələyə heç bir reaksiya vermirsiniz ya da özünüzü görməməzliyə vurursunuz?
Gözlüyürsünüz ki, sabah minlərlə əsl müharibə veteranı durub ağılla-başla gedib lazımı instansiyaya bu məsələni çatdırsın? O da problem deyil. Elə bircə addım bəs edər ki, ölkədə səs-küyə səbəb ola biləcək bir hadisə baş versin. O hadisənin adı isə, ən azından ölkə başçısının yeni ƏƏSM naziri təyin etməsi qədər sadə və ciddi qərarı ola bilər. Sizə vəzifə həvalə olunub ona görə ki, işləyəsiniz, vətəndaşlara xidmət göstərəsiniz. Siz isə Qanunlara belə məhəl qoymursunuz. Kimdir sizi belə səhlənkarlığıa və özbaşınalığa görə vəzifədə saxlıyan?
Ən azından unutmayın ki, biz müharibə veteranları qanunla təsbit olunmuş hüquqlarımızın təmin olunması üçün 1-cə dəfə Ali Baş Komandana müraciət etsək, bir çox vəzifəlilərin adının qarşısında qısa bir zamanda "sabiq" və "eks" nazir, komitə sədri, icra başçısı və digər epitetlər peyda olar.
İnanmaq istərdik ki, yaxın günlərdə bu məsələ ilə bağlı nəhayət ki, bir cavab eşidəcəyik. Olmazsa, o məşhur məsələdə deyildiyi kimi:" Əgər dağ Məhəmmədə tərəf gəlmirsə, onda Məhəmməd dağa tərəf gedəcək".