Cahan.info-nun məlumatına görə, bunu Cəbrayıl qaçqını, yunan-roma güləşi üzrə Avropa çempionu, üç dəfə Avropa üçüncüsü, bir dəfə dünya bürünc mükafatçısı Babaşov Xurşud Gəray oğlu yazıb.
Onun sözlərinə görə, Gənclər və İdman Nazirliyi tərəfindən “İdman ustası” fəxri adına layiq görülüb vəyığmanın üzvüdür.
X.Babaşov İmişlidə çadır şəhərciyində yaşayıb, sonra Bakıxanov qəsəbəsində məskunlaşıb. Onun 15 nəfərlik külfəti ilə yaşamağa yeri yoxdur. Çünki müvəqqəti məskunlaşdığı mənzildən çıxırlar.
Ona görə Babaşovlar ailəsi Suraxanıdakı neft buruqlarının arasında, şəraiti olmayan yöndəmsiz bir yerdə yaşamaq məhkum olub. Məlumatı gundemxeber.az yazıb.
Belənailiyyətlər əldə edən idmançının yaşadığı kiçik daxmada heç bir şəraitin olmaması, onun gələcək karyerasına ciddi zərbələr vurmaqdadır.
X.Babaşov “Qaçqınkom”un yeni sədri Rövşən Rzayevin mənzil problemini həll edəcəyinə inanır. Ancaq burdan iki sual meydana çıxır:
Azərbaycanı dünyaya tanıdan, uğurlar qazanan idmançımıza niyə gənclər və idman naziri Azad Rəhimov bir ev bağışlamayıb?
Nə üçün Azərbaycan Güləş Federasiyası bu istedadlı insana dəstək olmayıb? Hara xərclənib bu vəsaitlər? Niyə R.Rzayev ona edilən müraciətlərə reaksiya vermir? Axı Ə.Həsənov pis-yaxşı mətbuatda gedən müraciətləri araşdırırdı, tapşırıq verirdi.
Prezident onu “Qaçqınkom” sədri postuna təyin etməyib ki, kreslosunda otursun, köçkünlərin problemləri ilə maraqlanmasın.
Necə olur prezident Şamaxıda zəlzələdən ziyan çəkənləri ziyarət edir, şəhid anaları ilə görüşür, giləmeyvə yığılmasına cərimə tətbiq olunması barədə qərarı ləğv edir, amma R.Rzayev qaçqın-köçkünlərlə maraqlanmır.
Eyni suallar Azad Rəhimova da ünvanlanmalıdır. Avropa çempionu olan idmançımız daxmada yaşayır. Bu, ölkəmiz adına rəzalətdir, dövlətin və idmana qayğı göstərən prezidentin siyasətinə tamamilə ziddir.
Ancaq məmurlar X.Babaşovun problemini həll etməyiblər və iş bu yerə qədər gəlib çıxıb. Dövlət tərəfindən idmançılara qayğı var, büdcədən pullar ayrılır. Amma gördüyünüz kimi, nə köçkün kimi ona “Qaçqınkom” sahib çıxıb, nə idmançı kimi nazirlik dəstək olub.
Avropa çempionumuz müraciətində yazır ki, 15 nəfərlik ailə üzvləri ilə birlikdə çətin durumda yaşayır və belə bir acınacaqlı durumdan xilas olmaq üçünölkə rəhbəri cənab İlham Əliyevdən yardım gözləyir:
“Mən bu gün xalqımı, dövlətimi varlığımdan da daha çox sevirəm. Həmişə çalışmışam və bundan sonra da çalışacağam ki, müstəqil Azərbaycanımızın adını daha uca zirvələrə qaldırım, üçrəngli bayrağımızın ən yüksək tribunalarda dalğalanmasına səbəb olum.
İstərdim ki, indiyə kimi əldə etdiyim uğurlarımı nəzərə alıb, mənə lazım olan köməkliyinizi göstərəsiniz, gələcəkdə yeni-yeni uğurlarımı əldə edə bilim. Belə bir səbəblər üzündən də, bu yöndə xahişimi Sizə çatdırmağı özüm üçün borc bilirəm”.
Cahan.info xəbər verir ki, bu müraciət bəzi saytlarda işıqlansa da, idmançının ürəkparçalayan vəziyyətinə nə nazirlik, nə komitə münasibət bildirib.
Bu da Azad Rəhimovla Rövşən Rzayevin necə işlədiyini, prezidentin fəaliyyətinin nədən ibarət olduğunun fərqini ortaya qoyur.
Nazir və komitə sədri gözləyir ki, məsələ böyüsün, utancverici hal yuxarılara qədər gedib çıxsın, prezident məsələdən xəbər tutsun. Onlar anlamır ki, məmurların yarıtmazlığı, biganəliyi nəticəsində ölkədə belə problemlər dolub-daşır, mediaya ayaq açır.
X.Babaşov müraciətinin sonunda yazır: “Sevindirici hal odur ki, Azərbaycan ismançılarına bəslənilən münasibət bu gün hər kəsin gözü önündədir. Bu yöndə atılan hər bir addım, məhz ölkəmizə yeni-yeni uğurlar gətirməyə imkan verir.
Sözsüz ki, bu cür yanaşmaların varlığında dövlət başçımızla yanaşı, birinci vitse-prezidentin, çox hörmətli Mehriban xanım Əliyevanın da xüsusi xidmətləri var.
Mən də bir idmançı olaraq belə bir yanaşmaların varlığını görüb qürur hissi keçirirəm və gələcəyə olan ümidlərim birəbeş artır.
Sözsüz ki, əldə etdiyimiz hər bir uğur müstəqil Azərbaycanımızın dünyada daha çox şan-şöhrət tapmasına və tanınmasına səbəb olur”.
Amma heyf ki, evsiz-eşiksiz, daxmalarda külfətlə yaşayan, şəraitsiz evdə çürüyən, xəstəlik saçan neft buruqlarının yaxınlığında gecəqonduya sığınan idmançımız var. O, Avropa çempionudur və neçə-neçə belə oğullarımızı məmurlar küsdürərək, ölkədən didərgin salaraq narazı qoyurlar.
Onlar isə başqa dövlətlərin bayrağı altında möhtəşəm uğurlar qazananda Azərbaycan həm sevinir, həm məyus olur.
Çünki onlar bizi təmsil edə bilərdi. Necə ki, Ramil Quliyev nümunəsi var. Ümidvarıq ki, bu tənqidlərdən sonra Azad Rəhimovla Rövşən Rzayev tədbir görəcəklər...