Azərbaycanda boşanma epidemiyası sürətlə yayılır – “Əsas səbəb kasıblıq və…”


bitmap-img6




Ötən il Azərbaycanda bağlanan nikahların təxminən üçdə biri boşanma ilə nəticələnib. Ədliyyə Nazirliyinin rəsmi statistikasına görə, 2018-ci ildə respublikada 62 min 484 nikah, 14 min 857 min boşanma qeydə alınıb. Bu o deməkdir ki, əhalinin hər 1000 nəfərinə orta hesabla 1,5 boşanma düşür. Bu rekord göstərici yalnız rəsmi nikah bağlayan ailələrə aiddir. Nəzərə alsaq ki, xüsusən rayonlarda yaşı nikah bağlamaq üçün yetərli olmayan xeyli sayda gənc qeyri-rəsmi ailə qurur, statistikanın iki dəfəyə yaxın artma ehtimalı var.

Dövlət Statistika Komitəsinə inansaq, boşanma faizi illərdir ki, artan istiqamətdə davam edir. Məsələn, 2015-ci ildə boşanmaların sayı 12 min 764 idisə,  2016-cı ildə bu rəqəm 13 min 114, 2017-ci ildə  isə 14 min 514 olub.

Əvvəllər ailələrdə boşanmalar daha çox sonsuzluq, uşağın olmaması ilə əlaqədar idisə, artıq statistika göstərir ki, uşaqlı ailələrdə də boşanma hallarına geniş rast gəlinir. Yəni, əvvəlki kimi uşağın olması ailənin davamlılığının təminatı olmaq rolunu çoxdan itirib.  Rəsmi məlumata görə, 1990-cı illə müqayisədə 2017-ci ildə bir uşağı olan ailələrdə boşanma halları 70,95 faiz, 2 və daha çox uşağı olan ailələrdə boşanma halları 38,25 faiz artıb.

Ailəni bunlar dağıdır: kasıblıq, kişinin evə pul gətirməməsi, mobil telefonlar, internet…

Boşanmaların son dövrlər bu qədər artmasının səbəbi nədir? Cəmiyyətdə bu neqativ statistikanı azaltmaq üçün hansı addımlar atılmalıdır? Tibb Universitetinin dosenti Rəşid Mahmudovun sözlərinə görə, hazırda boşanmaların ən əsas səbəbi kişinin evə pul gətirməməsidir: “İkinci səbəb telefonla bağlıdır, telefonlar da boşanmalara səbəb olur. Bundan başqa, qayınanaların və qohumların gəlinə münasibəti, kişinin ailədə rolunun zəifliyi boşanmalara səbəb olur. Boşananlardan soruşsan isə nə səbəblər deyəcəklər…”

R. Mahmudov deyir ki, maarifləndirmə, insanların savadlandırılması və digər məsələlərlə bu problemin qarşısını almaq mümkün deyil: “Hər ailənin öz qibləsi var, Ailəni heç bir qanunla idarə etmək mümkün deyil. Nə qədər maarifləndirsən də heç bir xeyri olmayacaq. Çünki cəmiyyətdə qınaq yoxdur. İndiki qızlar bir otaqlı ev və maşın istəyir, bir də bir kişi olsun, öz istədiyini eləsin. Bu danılmaz həqiqətdir. Başqa heç bir səbəb ola bilməz”. 

“Biz də buna məəttəl qalmışıq…” – millət vəkili

Millət vəkili Aqiyə Naxçıvanlı da boşanmaların yüksək həddə çatmasından narahatlığını ifadə edib: “Sözün düzü, biz də buna məəttəl qalmışıq. Dövlət gənclər üçün hər cür şərait yaradır, yetkinləşməkdə olan nəslin inkişafına hər cür dəstək olur. Bununla belə, bizim cəmiyyətə yad olan hallarla qarşılaşırıq”.

Millət vəkilinin sözlərinə görə, son vaxtlar bizim ölkə üçün xarakterik olmayan hallar yaşanır: “Bu vətəndaş nikahı hardan çıxıb? Nə islamda, nə Ailə Məcəlləsində, nə də konstitusiyada belə bir şey yoxdur. Gənc nəsil hansısa modeldən nümunə götürürsə, bu, bizim üçün qeyri-məqbuldur”.

A.Naxçıvanlı hesab edir ki, ağsaqqallar gənclərə öyüd-nəsihət verərək bu problem aradan qaldıra bilərlər.

Dünyada da boşanma səviyyəsi artır

Avropada son 30-40 ildə nikahlara görə boşanmaların həcminə diqqət yetirəndə görürük ki, boşanmaların səviyyəsi təxminən 50 faizədək yüksəlib. Hətta davam edən bu dinamikanın yaxın 30 ildə 80%-ə yüksələ biləcəyi proqnozlaşdırılır. Dünyada boşanmaların qurulan nikahlarla müqayisədə faiz göstəriciləri yüksək olan ölkələr bunlardır:

10. ABŞ – boşanma göstəricisi 53%

9. Fransa – boşanma göstəricisi 55 %

8. Kuba – boşanma göstəricisi 56 %

7. Estoniya – boşanma göstəricisi 58 %

6. Lüksemburq – boşanma göstəricisi 60 %

5. İspaniya – boşanma göstəricisi 63 %

4. Çexiya – boşanma göstəricisi 66 %

3. Macarıstan – boşanma göstəricisi 67 %

2. Portuqaliya – boşanma göstəricisi 68 %

1. Belçika – boşanma göstəricisi 71 %

Boşanma səbəblərinə gəlincə isə, bu hər bir ölkə və xalq üçün eyni deyil. Fərqli mentalitet, özünəməxsus sosal-mədəni inkişaf tarixi və fərqli sosial-iqtisadi inkişaf səviyyələri və digər amillər burada xüsusi rol oynayır.

Məsələn, Rusiyada boşanmalara səbəb olan amillər arasında əyyaşlıq və narkomanlıq amili 41% ilə ön cərgədə gedir. Daha sonra evsizlik (26%), qohumların ailə işlərinə müdaxiləsi (14%) və sonsuzluq (8%) problemləri üstünlük təşkil edir. Türkiyədə boşanmalara səbəb olan amillər arasında qadın (61.5%) və kişinin (40.2%) ailədə bir-birinə münasibətdə məsuliyyətsiz və laqeyd davranmalarıdır. Daha sonra maddi sıxıntı (qadınlar 42.6%, kişilər 17.8%) və zorakılıq (qadınlar 36.4 %, kişilər 2.5 %) halları boşanmalara səbəb olur(virtualaz.org).

Tarix: 21-02-2019, 16:34
Xəbəri paylaş





Xəbər lenti