Ölən şəxslərin pensiyası varislərinə verilə bilərmi...


Ekspert: “Buna o zaman getmək olar ki...”

Bu il Rusiyanın pensiya qanunvericiliyinə maraqlı bir dəyişikliyin edilməsi nəzərdə tutulur. Ölkədə başladılan pensiya islahatlarının son ili hesab olunan cari ildə ölkənin “Sosial sığorta haqqında” qanununa sonuncu dəyişikliklər olunacaq. Rusiya Dövlət Dumasının təklif etdiyi dəyişikliklərdən birində vəfat etdikləri təqdirdə Rusiya vətəndaşlarının pensiyasının yığım hissəsinin onların varislərinə verilməsi nəzərdə tutulur. Burada söhbət vətəndaşın pensiya yaşına çatmadan vəfat etməsindən gedir. Pensiya yaşına çatıb bir ay belə ödəniş alan şəxslər üçün bu hüquq itirilmiş sayılır.

Onu da bildirək ki, bu qayda bütün dünyada geniş tətbiq olunur. Hesab edilir ki, vətəndaşın uzun illər boyu əmək haqqından ödədiyi sosial sığorta haqqı onun varislərinə də olsa qaytarılmalıdır. Bu qaydanın Azərbaycanda da tətbiqi mümkündürmü? Uzun illər boyu əldə etdiyi gəlirdən Pensiya Fonduna iri məbləğdə vəsait ödəyən insanların yaxınları onun pensiya varisi niyə də olmasın?

Sualları cavablandıran iqtisadçı-ekspert Pərviz Heydərov bildirir ki, artıq neçə illərdir Azərbaycanda da pensiya islahatları həyata keçirilir: “Bizdə pensiya sistemində bir sıra çatışmazlıq var. Bu baxımdan, Rusiyanın tətbiq etməyə hazırlaşdığı, dünyanın əksər ölkələrində olan bu qaydanı bizdə tətbiq etmək mümkün deyil. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin hesablamlarına görə, vətəndaş illər boyu ödədiyi sosial sığorta haqqı hesabına 12 il pensiya ala bilər. On iki ildən sonra bu məbləğ tükənir, buna qədər ya vətəndaş vəfat edir, ya da vaxt bitəndən sonra dövlət ona pensiya verməyə başlayır. Bu, vətəndaşın ödədiyi sığorta məbləğindən və ödəniş müddətindən asılı olmadan belədir. Hökumət mütəxəssisləri bu on iki illik müddəti əsaslandırarkən adətən Avropa ölkələrinin təcrübəsinə istinad edirlər. Eyni arqumentlə pensiya yaşını da artırırlar. Doğrudur, Avropada da belədir. Amma Avropada orta ömür müddəti bizimkindən yüksəkdir axı... Bizdə problem ondadır ki, az qala hər muzdlu işçiyə bir pensiyaçı düşür. Nəticədə pensiyaların mühüm bir hissəsini dövlət özü ödəməli olur. Bunun da əsas səbəbi kölgə iqtisadiyyatının yüksək olması nəticəsində qeydiyyatsız işçilərin çox olmasıdır. Yanvardan etibarən tətbiq olunan vergi islahatları bu sahədə irəliləyişə səbəb olarsa, bir pensiyaçıya düşən işçi sayı arta bilər. Bu göstərici dünya səviyyəsinə çatarsa, biz də vəfat edən şəxslərin pensiya kapitalını onların varislərinə ödəyə bilərik”.

PÉrviz HeydÉrov ile ilgili görsel sonucu

Ekspert bildirir ki, Avropada pensiya məbləği minimal və sığorta hissələrinə bölünmür: “Avropada pensiya yalnız yığım hissəsindən, yəni ödədiyi sığorta haqqının məbləğinin imkan verdiyi hissədən ibarətdir. Bizdə isə uzun illər mövcud olmuş şərtlər daxilində yalnız yığım hissəsini tətbiq etmək mümkün deyil. Dövlət büdcəsi hesabına minimal məbləğ də əlavə edilir yığım hissəsinin üstünə. Bu baxımdan, bizdə vəfat edən şəxslərin ödədiyi sığorta haqqının onun varislərinə verilməsini təmin etmək mümkün deyil”.

P.Heydərovun sözlərinə görə, Azərbaycanda problem yaradan amillərdən biri də özəl pensiya fondlarının olmamasıdır:“Özəl pensiya fondlarının yaradılması təcrübəsindən istifadə olunacağına dair uzun müddətdir müzakirələr gedir, lakin hələ də bu sistem tətbiq olunmayıb. Özəl pensiya fondlarının olması vətəndaşlar üçün seçim imkanı yaratmaqla bərabər, yığım şərtlərinin də onların xeyrinə dəyişməsini şərtləndirə bilər”.//“Yeni Müsavat//


Tarix: 23-02-2019, 09:47
Xəbəri paylaş





Xəbər lenti