İcbari tibbi sığortada mühüm yenilik: Bahalı əməliyyatlar da siyahıda


İcbari tibbi sığortada mühüm yenilik: Bahalı əməliyyatlar da siyahıda

İcbari tibbi sığortanın xidmətlər zərfinə orqan transplantasiyası və süni mayalanma da salına bilər.

Bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən məlumat verilib. Məlumata görə, Azərbaycanda gələn ildən etibarən orqan transplantasiyası və süni mayalanmanın limitli şəkildə icbari tibbi sığortanın xidmətlər zərfinə daxil edilməsi planlaşdırılır. Həmin xidmətlərdən istifadənin tənzimlənməsi çox şəffaf şəkildə həyata keçiriləcək. 

Belə ki, müraciət edən şəxsin bu xidmətlərdən yararlanması üçün müəyyən şərtlər irəli sürüləcək. Hazırda qiymətləndirmələr üçün meyarlar hazırlanır. Bu xidmətlərdən yararlanmaq istəyən şəxsə dair məlumatlar meyarlara cavab verəcəksə, onda onun sənədləri qəbul olunacaq. O, həmçinin adını müraciət etdiyi xidmətdən yararlana biləcək şəxslərin siyahısında görə biləcək. Bildirilib ki, xidmətlər zərfinə əlavələr zamanı əhalinin müraciətləri nəzərə alınır. Qeyd edək ki, Mingəçevir, Yevlax və Ağdaşda icbari tibbi sığortanın pilot layihə kimi tətbiqi ilin sonunadək həyata keçiriləcək. 

Məlumdur ki, istər orqan transplantasiyası, istərsə də süni mayalanma bahalı prosedurlardır ki, əksər hallarda vətəndaşların iqtisadi durumu yol vermədiyinə görə, ümumiyyətlə bu prosedurlardan imtina edirlər. Ümumiyyətlə, bu prosedurlara görə, xarici ölkələrə müraciət edənlərin sayı da çoxdur. Bu baxımdan, həmin əməliyyatların icbari tibbi sığorta zərfinə daxil edilməsi vacib hesab edilir. 

Həkim terapevt Rasif Bağırov “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, adıçəkilən sahələrin icbari sığorta zərfinə salınması müsbət haldır. Eləcə də o, digər bahalı əməliyyatların da bu sistemə salınmasını vacib hesab edir. Terapevt orqanların və transplantasiya əməliyyatının bahalı olduğunu, amma süni mayalanma prosesində qiymətlərin şişirdildiyini əlavə etdi:

“Süni mayalanma prosesinin maya dəyərinə baxsaq, o elə də bahalı əməliyyat olmamalıdır. Sadəcə bunu alver predmetinə çevirirlər. İnsanların övlad sahibi olmaq arzusu, mental dəyərlər üzərində alver edirlər. Amma sığorta məsələsində nəzarət vacibdir ki, həkimlər burada kənaraçıxmalar etməsinlər. Bu belə olarsa, vətəndaşlar üçün xeyirli olar”.

Rasif Bağırov deyir ki, ümumiyyətlə ağır əməliyyatlar, əsasən də ürək, şuntlama əməliyyatlarının icbari tibbi sığortanın xidmətlər zərfinə daxil edilməsi məqsədəuyğun olar: “Bu əməliyyatlar növbəlilik əsasında həyata keçirilir. Məsələn, ağır ürək xəstəsi bu növbəni gözləyə bilmir axı. Ona görə də bütün bunlar icbari tibbi sığorta paketinə salınsa, xəstələrə böyük kömək olar. 

Eləcə də, təəssüf edirəm ki, onkoloji xəstəliklər, həm də göz xəstəlikləri icbari tibbi sığorta xidmətləri zərfinə salınmayıb. Hansı ki, onların salınması çox yaxşı olardı. Çünki Azərbaycanda onkoloji xəstələrin sayı hədsiz çoxdur. Onkoloji xəstəliklərlə bağlı prosedurlar da ağırdır. Digər tərəfdən isə onkoloji xəstəxana dövlət hesablıdır. Bu tibb müəssisəsi Azərbaycan səhiyyə qanunlarına uyğun fəaliyyət göstərsə, müəyyən prosedurlar ödənişsiz təmin olunsa, xəstələr bu qədər əziyyət çəkməzlər. Ümumiyyətlə, bahalı, vətəndaşların iqtisadi həyatına təsir edən sahələr icbari tibbi sığorta xidmətinin əhatəsinə daxil edilsə, yaxşı olar.

Xatirə Nəsirova

Tarix: 24-02-2019, 07:41
Xəbəri paylaş





Xəbər lenti