Gömrük Hospitalına qeydiyyatsız dərmanlar necə gedirdi?

 Bakı Ağır Cinayətlər Məhkəməsində Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin sabiq rəisi, general-mayor Fikrət Qədiməliyev və daha yeddi nəfərin - Elnur Məmmədov, Fərman Məmmədli, Vasif Xıdırov, Cəmil Mehdiyev, Anar Məmmədov, Əlamət Quliyev və Türkiyə vətəndaşı Ateş Atanurun məhkəməsi başlayıb.

Fevralın 25-də hakim Zeynal Ağayevin sədrliyilə keçirilən məhkəmə prosesində prokuror ittiham aktını elan edib. İttihama əsasən, ölkəyə gətirilən dərmanlar gömrük nəzarətindən kənar keçirilib, daha sonra Səhiyyə Nazirliyinin müvafiq idarəsində qeydiyyatdan keçirilmədən apteklərdə satılıb.

Təqsirləndirilən şəxslərin beşi ittihamları qəbul etməyib, ikisi özünü qismən, biri isə tam təqsirli bilib.

Daha sonra təqsirləndirilən şəxslər ifadə verib. Anar Məmmədov ifadəsində bildirib ki, Ateş Atanur Bakıya dərmanlar gətirirdi, o da ondan həmin dərmanları alaraq, açdığı aptekdə satırdı. Amma həmin dərmanların qeydiyyatdan keçib-keçməməsi, Bakıya necə gətirilməsindən xəbəri yox idi:

"Dərmanlar birinci əl onda olurdu, daha ucuz idi, ona görə də mən ondan alırdım”.

Təqsirləndirilən şəxslər Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Gömrük Komitəsi əməkdaşlarının birgə keçirdiyi əməliyyat nəticəsində saxlanılıb.

Əməliyyat keçirilən yerlərdən biri də təqsirləndirilən A.Məmmədovun evi olub. Oradan çoxlu qeydiyyatsız dərmanlar tapılıb. Özü də məhkəmədə bunu təsdiqləyib: "İlk dəfə idi ki, dərmanı evə gətirirdim. Elə həyətdə bizi tutdular”.

Açdığı aptekdə "Zeytun” və "Avromed” şirkətlərindən aldığı dərmanları da satdığını deyən A.Məmmədov həmin dərmanların da qeydiyyatdan keçib-keçməməsilə maraqlanmayıb.

Təqsirləndirilən Elnur Məmmədov ifadəsində bildirib ki, əvvəl yol polisində işləyib, müfəttiş olub. Daha sonra hava limanında malların gömrükdən çıxışına baxıb. Mal gətirdiyi müddətdə gömrükdə heç bir problem yaşamayan şirkətlərə müəyyən güzəştlər edildiyini söyləyən E.Məmmədov bildirib ki, monitordan mallar keçirilərkən onların hamısına tam baxmırdılar: "Seçmə üsulu idi və problemsiz şirkətlərə tətbiq edilirdi”.

Onun sözlərindən belə aydın olub ki, Gömrük Hospitalı Dövlət Gömrük Komitəsinin tabeliyində olduğundan, bu quruma göndərilən dərmanlara güzəşt edilirdi: "O hospital bizim çalışdığımız müəssisəyə daxil idi və daxili inam vardı”.

Təqsirləndirilən Əlamət Quliyev də ifadəsində bildirib ki, gömrük müfəttişi vəzifəsində çalışıb. O, səhlənkarlıq göstərdiyini və malları dəqiq yoxlamadığını etiraf edib:

"Mallar Gömrük Hospitalı üçün aparıldığından mən heç bir ciddi yoxlama aparmadım. Əgər bilsəydim ki, başqa yerə gedir, ciddi şəkildə araşdırardım”.

Təqsirləndirilən general Fikrət Qədiməliyev isə məhkəmədə ifadə verməkdən imtina edib. Onun istintaqa ifadəsi elan olunub. O, həmin ifadəsində özünü təqsirli bilmədiyini deyib.

Məhkəmə prosesi martın 1-nə qədər təxirə salınıb.
 
Tarix: 26-02-2019, 21:39
Xəbəri paylaş





Xəbər lenti