2 milyon 200 min əhalinin faydalanacağı sosial paket


Ekspertlər prezidentin əhalinin güzəranının yaxşılaşmasına yönəlik tədbirlərini dəyərləndirir

Xəbər verdiyimiz kimi, prezident İlham Əliyev iqtisadi və sosial məsələlərlə bağlı keçirdiyi müşavirədə çıxışında Azərbaycanda geniş sosial paketin hazırlandığını bildirib. Onun verdiyi məlumatdan aydın olub ki, əhalinin güzəranının yaxşılaşmasına yönəlik tədbirlər davam etdiriləcək.

Həm banklar, həm xalq, həm iqtisadiyyat üçün mühüm addım

Ölkə prezidentinin son addımlarını dəyərləndirən Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimlinin dediyinə görə, əhali dövlət başçısının problemli kreditlərə dair belə bir mövqeyini çoxdan gözləyirdi:“Problemli kreditlər məsələsinin həlli həm əhali, həm banklar, həm də bütövlükdə iqtisadiyyatımız, dövlət üçün mühüm əhəmiyyət kəsb edir. Yaxın vaxtlarda problemli kreditlər məsələsinin həllinə dair rəsmi sənədlərdə onun əsas məqamları məlum olacaq. Bununla belə, prezidentin çıxışının məntiqinə əsasən indidən də demək olar ki, Azərbaycanda problemli kreditlərin həlli variantı digər ölkələrlə müqayisədə daha əhatəli olacaqdır.  Problemli kreditlərin həllindən qazanan tərəf həm də bank sektoru olacaq. Banklar iqtisadiyyatın qan-damar sistemidir. Bu baxımdan, təbii ki, problemli kreditlərin və toksik aktivlər məsələsinin həll edilməsi bankların sağlamlaşdırılması üçün önəmlidir”.

İqtisadçı-ekspert Pərviz Heydərov da hesab edir ki, dövlət başçısının problemli kreditlər məsələsinin tezliklə çözüləcəyini anons etməsi mühüm hadisə oldu: “Prezident də xatırlatdı ki, bu, sadə məsələ deyil. Problemin həllinə ehtiyatla yanaşmaq tələb olunur. Belə ki, məsələni təkcə pul ayırmaqla həll etmək mümkün deyil. Bəzi ekspertlər qeyd edirlər ki, məsələni 2015-2016-cı illərdə həll etmək lazım idi. Ona görə ki, devalvasiyaya görə əhali və vətəndaşlar heç bir məsuliyyət daşımırlar və guya bu, hökumətin və dövlətin günahı sayılırdı. Əvvəla, borca girən tərəf istənilən halda riskə daxil olur. İkincisi də ki, devalvasiya normal iqtisadiyyatı olan ölkələrdə adi bir prosesdir. Və mərhələlərlə demək olar, fasiləsiz baş verir. Əslində banklar özləri də vaxtilə riskə gediblər. Yəni istənilən halda devalvasiya baş verə biləcəyini nəzərə almayaraq, dollar ilə kredit vəsaitlərini necə gəldi paylayıblar”.

Ä°lgili resim

Pərviz Heydərov 

Ekspertin fikrincə, nə banklar, nə iş adamları, nə də ki, əhali bu kreditlərin ödənilməsi, yaxud bağlanması işinin öhdəsindən təkbaşına gələ bilməz: “Odur ki, bu məsələnin həllində dövlətin köməyi tələb olunurdu. Ancaq dövlətin də bu qədər vəsaiti bütövlükdə üzərinə götürməsi düzgün deyil və qeyri-mümkün sayılırdı və sayılmaqda da davam edir. Hökumətin hazırladığı plan və mexanizm əslində nədən ibarətdir bilmirəm. Əsas odur ki, dövlətimiz bu məsələnin də həllində əhalinin tərəfindən çıxış edəcək”.

Ä°lgili resim

Əli Məsimli

Aztəminatlı ailələrə uşaqpulu bərpa olunmalıdır

Ə.Məsimli bildirir ki, minimum əmək haqqının, minimum pensiyanın, tələbələrin təqaüdlərinin, sosial müavinətlərin artırılması  sosial paketin tərkib hissəsidir: “Prezident bildirdi ki, bu çox böyük proqram 500 mindən çox əhalini əhatə edəcək. Bundan əlavə, problemli kreditlərdən əziyyət çəkən vətəndaşların da sayı müəyyən edildikdən sonra təqribən 2 milyon 200 min əhali dövlətin sosial təşəbbüslərinin icrasından böyük dərəcədə faydalanacaq. Göründüyü kimi, prezidentin haqqında danışdığı sosial paket kifayət qədər əhatəli xarakter daşıyır. Bu baxımdan sosial paketdə yeni doğulan uşağa görə verilən müavinətin artırılması istiqamətində atılan addımın aztəminatlı ailələrə ”uşaq pulu" verilməsinin bərpa edilməsi ilə tamamlanmasını zəruri hesab edirik”.

Təhsil kreditlərinin əhatə dairəsi genişləndirilməlidir

Millət vəkili ikinci vacib məsələ kimi təhsil kreditlərini qeyd edir: “Təhsil sistemimizin rəqabət qabiliyyətliyini təmin etməkdən ötrü hələ çox iş görmək lazımdır. Universitetlərdə təhsil alan tələbələrin hər 3 nəfərindən 2-si (son illər bi rəqəm daha da artıb) ödənişli əsaslarla təhsil alır. Orta əmək haqqının 550 manat, xeyli insanın 200-300 manat maaş aldığı şəraitdə təhsil haqlarının yuxarı həddi 5 min manata çatır. Dövlət ali məktəblərində də ödənişli təhsil xeyli artıb. Ya dövlət ali məktəblərində təhsil pulsuz olmalı, ya da Azərbaycanda da təhsil cəmiyyətini formalaşdıran Boloniya sisteminə keçən əksər olkələrdə olduğu kimi, təhsil kreditləri mexanizminin tətbiq dairəsi genişləndirilməlidir. Təhsil Strategiyasında göstərildiyi kimi, gələn ildən təhsil kreditlərinin tətbiq dairəsinin genişləndirmək və yaxın illərdə onun əhatə dairəsini yoxsul ailələri əhatə etmə səviyyəsinə çatdırılmasını zəruri hesab edirik”.

P.Heydərov qeyd edir ki, sosial müavinətlərin artırılmasında məqsəd əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində tədbirləri davam etdirmək və əhatə dairəsini daha da genişləndirməkdir: “Müəyyən illəri çıxmaq şərtilə bu addımlar həmişə atılıb. Sadəcə olaraq, indiki kimi geniş və əhatəli xarakter daşımayıb, sistemli və kompleks təsiri bağışlamayıb. Bu da ondan irəli gəlirdi ki, iqtisadiyyatın idarə olunmasında mənfiliklər var idi, istehlak bazarı indiki kimi nəzarətdə saxlanılmırdı, dövlət büdcəsinə gəlirlilik üzrə dayanıqlıq və vergi və rüsumların yığılmasında xaos amilləri hökm sürürdü. Bəzən qeyd edirlər ki, Azərbaycan dövlətinin maliyyə vəziyyəti yaxşıdır və əhalinin sosial müdafiəsi neft pulları hesabına niyə artırılmır və təmin edilmir. Sosial ödənişləri kor-koranə artırmaq böyük mənfi iqtisadi hadisələrə zəmin yarada bilər. Kölgə iqtisadiyyatı geniş xarakter daşıyan vəziyyətdə dövlət və hökumət öz maliyyə resurslarını sosial ödənişləri ucdantutma artırmaq yolu ilə xərcləyə və əridə bilməz. Məlum olduğu kimi, bu ildən kölgə iqtisadiyyatına qarşı böyük mübarizəyə başlanıb. 300-ə yaxın vergi dəyişiklikləri olub. Real sektora yanaşma və onu idarəetmə tərzi yeni forma alıb. Və bu da imkan verir ki, əhalinin sosial müdafiəsini gücləndirmək baxımından ödənişlər inamla artırılsın. Hökumət sosial ödənişləri neft pulları hesabına deyil, iqtisadiyyatın real sektorundan əldə olunan gəlirlər sayəsində artmasını istəyir. Hansı ki, buna indi hələ ki zəif də olsa imkan yaranıbdır.... Və bu imkanın getdikcə genişlənəcəyi gözlənilməkdədir”.(“Yeni Müsavat”)


Tarix: 27-02-2019, 08:50
Xəbəri paylaş





Xəbər lenti