Baku Medikal Plazanın həkimi Vüsal Mahmudov:-Ailə əməliyyata lazım olan 10.000 manatı toplasa belə, həmin xəstəni qəbul etməyəcəyik

      Baku Medikal Plazanın uzman otroped travmatoloqu Vüsal Mahmudov bu gün sosial şəbəkə və saytlarda 15 yaşlı Sevda Məmmədovanın əməliyyatının baş tutmaması ilə bağlı xəstənin yaxınlarının yaydığı məlumata münasibət bildirirək, əslində klinika və xəstə ailə arasında nə baş verdiyinə aydınlıq gətirdi.
Medicina.az həkimin açıqlamasını təqdim edir:

"O ailə düzgün məlumat verməyib. Çox səhifələr və saytlar da elə onların dediklərini verir, amma həkimin rəyini, fikrini öyrənmirlər. İlk olaraq qeyd edim ki, o yayılan informasiya həqiqətə uyğun deyil. 

15 yaşlı Sevda Məmmədova beyin iflici xəstəsidir, o xəstələr sağalmır, gəzmir. O xəstə də illərdir yataqda qaldığından ayaqları, qolları əyilib, vətərləri inkişafdan qalıb. 

Bu xəstəyə 1 ay əvvəl baxanda dedim ki, həm yumşaq toxumada, həm sümüklərdə problemlər var. Əgər təkcə yumşaq toxuma əməliyyatı olacaqsa məbləğ cəmi 4000 manat edir. Sonradan biz baxacağıq, sümüklərə də ehtiyac olacaqsa, sonra da sümüklər olunmalıdır. Ola da bilər ki, hamısı birlikdə olunsun.
Onlar gedib növbəti dəfə gəldilər ki, bizim 2000 manatımız var, siz vətərlərin yarısını əməliyyat edin, sonra qalan yarısını. Bu absurd bir şeydir. Ailənin istəyilə usagı yarı-yarı əməliyyat etmək mümkün deyil. Dedik uşağa yazıqdır, həm də mümkün deyil.  Biz rentgen çəkdik, gördük sümüklər də əyilib. Ona görə dedik ki, bu uşaqda eyni vaxtda 12 əməliyyat olacaq, həm vətərlər, həm sümüklər. Bunun yolu budur.

O zaman ailə dedi  ki, yaxşı. Onda bizə rəsmi kağız verin ki, bu qızın əməliyyatına bu qədər pul lazımdır, biz elan verək, televiziyalara çıxaq pul yığaq, sonra əməliyyat edək. Biz razılaşdıq.  Biz həqiqətən o qıza kömək etmək istəyirdik”.

Həkim bundan sonra ailənin saytlarda şikayət yaydığını eşidib və təəccübləniblər. 

" Biz həkimik. Pulu alıb cibimizə qoymuruq. Bura özəl klinikadır, ödəmə kassaya olunur. Bu qədər əməliyyat üçün tam normal, hətta güzəştli bir rəqəm demişik. Məbləğ 12.000 yox 10.000 deyilib. Biz ailə ilə dəfələrlə üzbəüz söhbət etmişik, izah etmişik, öncədən hər şeyi razılaşmışdıq. Bizə təşəkkür etdilər, indi də belə xəbər yayırlar. Ayıbdır. 

Biz xəstəyə əməliyyat təyin edib, sonra imtina etməmişik. Biz onlardan pul almamışıq. Xəstəyə baxmışıq, kömək etmək istəmişik. Bu məgər günahdır? Belə bir şikayət hansı məntiqə sığır”.

Həkim bundan sonra ailə  əməliyyata lazım olan 10.000 manatı toplansa belə, bir daha həmin xəstəni qəbul etməyəcəyini də bildirdi. 

Xatırladaq ki, Ağcabədi rayon sakini 15 yaşlı Sevda Məmmədovanın əməliyyatının baş tutmamasına görə qohumları Baku Medikal Plaza və həkimlərinin onları aldatması ilə bağlı məlumat yayıblar.
Tarix: 28-02-2019, 16:28
Xəbəri paylaş





Xəbər lenti