“Cənab Prezident, ümidimiz ancaq Sizədir!“ - İkinci qurup əlildən Cəlilabadın icra başçısı ilə bağlı ŞİKAYƏT
İkinci qurup əlil olan Cəlilabad rayon sakini Nuriyev Faba Ovezovic oğlu Prezident İlham Əliyevə müraciət edib.
Demokrat.az xəbər verir ki, Cəlilabad rayon, Səməd Vurğun küçəsi Qaz İdarəsinin binasında yaşayan Nuriyev Faba Ovezovic oğlu müraciətində rayon İcra Hakimiyyətinin başçısından və digər aidiyyatı qurum rəhbərlərindən şikayətlənib.
İkinci qurup əlil olan Faba Nuriyev hazırda əlilliyə görə 61 manat müavinət və 282 manat sosial yardım aldığını söyləyib:
"Aldığım müavinət və sosial yardım mənim iynə-dərmanıma, dolanışığıma belə çatmır. Hazırda yaşadığım yer Qaz İdarəsinin qəzalı vəziyyətdə olan binasıdır. Burada şərait çox acınacaqlı vəziyyətdədir. Dəfələrə bizə ev tikilməsi üçün Prezident Administrasiyasına, Nazirlər Kabinetinə və Ombudsman Aparatına müraciət etmişik.
Sonuncu dəfə Prezident Administrasiyasında qəbulda olan zaman bizi Cəlilabad rayon İcra Hakimiyyətinə yönəltdilər. Bundan sonra İcra Hakimiyyəti bizə 1 kub taxta, 14 ədəd "fanerka", 10 ədəd sement, 30 ədəd daş (kubik) verdi. Ancaq biz bu tikinti materialları ilə necə ev tikək? Dəfələrlə Cəlilabad rayon İcra Hakimiyyətinə müraciət etsək də, bizi dinləyib problemin həllinə köməklik edən yoxdur.
Möhtərəm cənab Prezident İlham Əliyev, ümidimiz ancaq Sizədir. Xahiş edirik ki, bizə köməklik göstərilməsi üçün lazımı addımlar atasınız".
O qeyd edir ki, uzun illərdən bəri mövcud olan probleminin həlli ilə nə rayonun deputatı olan Malik Həsənov, nə də icra başçısı maraqlanmır.
Tarix: 4-03-2019, 15:18