“Xalq Sığorta” aprel döyüşçüsünün sığorta pulunu niyə vermir? (ABSURD SƏBƏB)

 2016-cı ildə Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərində yerləşən hərbi zavodunda baş vermiş güclü partlayış səbəbindən Şirvan şəhəri, Üzeyir Hacıbəyli küçəsində yerləşən 64 nömrəli evə ciddi ziyan dəyib. Lakin evi sığortalayan “Xalq Sığorta” şirkəti vətəndaşın sığorta pulunu 3 ildir ki, vermir.
Bu barədə Qaynarinfo-ya zərərçəkmiş Zaur Əhmədov özü məlumat verib. O, məsələ ilə bağlı dəfələrlə müvafiq qurumlara müraciət etdiyini, lakin heç bir nəticəsi olmadığını deyib.
“Mən evi 2015-ci ildə ipoteka ilə almışam. 2016-cı ildə evin yaxınlığında hərbi zavodda partlayış olub. Özüm hərbçi olduğumdan daim işdə olurdum və evdə tam yaşayış yox idi. 2016-cı ilin avqustunda gələndə gördüm ki, evin divarı bölünüb. Bir tərəfdən baxanda, o biri tərəf görünürdü. Ev sığortalı olduğundan bu haqda sığorta şirkətinə məlumat verdim. Amma uzun müddət şirkətdən heç kəs gəlmədi və dedilər ki, baxmırıq. Nəhayət 2017-ci ildə dəfələrlə etdiyim şikayətlərdən sonra “Xalq Sığorta”nın tapşırığı ilə Şirvanda yerləşən “Azsurvey” MMC-dən gəlib evə baxdılar. Baxandan sonra dedilər ki, evdə drenaj sistemi olmadığına görə çökmə olub. Bu səbəbdən də pul düşmür. Qayıtdım ki, əgər belə idisə, müqaviləni bağlayanda hansısa bir xəbərdarlıq edərdiniz. Lakin bildirdilər ki, guya o vaxt evə baxan işçilər təcrübəsiz olublar, ona görə diqqət edilməyib. Müqavilə bağlanıb, bunun üçün vəsait ödəmişəm, indi deyirlər ki, işçilər təcrübəsiz olublar. Qeyd edim ki, evdə heç bir konstruksiya işi aparılmayıb. Müraciətimdən sonra rəy vermələri üçün Fövqəladə Hallar Nazirliyindən də gəlib baxdılar. Əvvəlcə dedilər ki, partlayış səbəbindən çökmə olduğu üçün evə ziyan dəyib. Lakin bir həftə sonra məktub göndərdilər ki, bu evə rəy verə bilmərik, hansısa institutla müqavilə bağlamalısız. İnstitut da deyir ki, məsələni “Xalq Sığorta” ilə həll edin. Yaxşı indi mənim evimə kim rəy verməlidir?! Əgər ev həqiqətən drenaj sisteminin olmamasından bu vəziyyətə düşübsə, onda dediyim kimi müqavilə bağlayanda deyərdilər. Bununla bağlı məhkəməyə də müraciət etmişdim. Bu ilin fevralın 15-də keçirilməli olan məhkəmə fevralın 21-də nə mənə, nə də vəkilimə xəbərdarlıq edilmədən keçirildi və şikayətim təmin olunmadı. Yasamal Rayon Məhkəməsinin hakimi dedi ki, yaxınlıqda hərbi zavodda partlayış olub, amma evə mərmi düşməyib. Anlamıram. Məgər evə mərmi düşdükdən, mən və ailə üzvlərim həlak olduqdan sonramı sığorta ödənilməli idi?! Bizim evin yaxınlığında da bir neçə evdə çatlar əmələ gəlib, orta məktəb sökülüb və təzədən tikilib. Mən 24 il bu vətənə xidmət etmişəm. Kapitan rütbəsinə qədər yüksəlmişəm, Aprel döyüşlərində iştirak etmişəm, amma indi belə haqsızlıqlarla üzləşirəm”, – deyə o, şikayət məktubunda bildirib.
“Xalq Sığorta” şirkətinin mütəxəssisi Toğrul Abbasov isə Qaynarinfo-ya açıqlamasında bildirib ki, Zaur Əhmədov müraciətlərinin heç birində partlayış səbəbindən evinə zərər dəydiyi iddiasını qeyd etməyib və həmin ərəfədə yaxınlıqda partlayış olub-olmaması haqda da məlumatları yoxdur. Toğrul Abbasov həmçinin məsələnin məhkəmə müstəvisində öz həllini tapdığını vurğulayıb.
“Bizim nümayəndələrimiz həmin evdə ekspertiza keçirib. Məlum olub ki, evdə drenajın olmaması və bünövrənin düzgün qoyulmaması səbəbindən çatlar əmələ gəlib. Bu da sığorta təminatına daxil deyil. Bununla bağlı Zaur müəllim dəfələrlə icbari büroya müraciət edib. Biz həmin məktubları da cavablandırmışıq. Eyni zamanda məhkəmədə də bizim haqlı olduğumuz təsdiqlənib. Burada ödəniş etməməkdən söhbət gedə bilməz. Partlayış səbəbindən evə zərər dəyməsi məsələsini də ilk dəfə sizdən eşidirəm. Bizə etdiyi müraciətlərin heç birində bu barədə bir şey yazmayıb. Ola bilər ki, həmin ərəfədə yaxınlıqda partlayış olub, bu barədə dəqiq məlumatım yoxdur. Amma evə məhz drenaj sisteminin olmaması səbəbindən zərər dəyib. Məhkəmə ali orqandır. Onun çıxardığı qərarı heç kim poza bilməz. Məhkəməyə müraciət edib və məhkəmə də bizim və qiymətləndiricinin doğru rəy çıxartdığı qənaətinə gəlib. Ona görə burada hansısa ikinci bir məsələdən danışmaq artıq olar”, – deyə o, bildirib.
Şirkət rəsmisi vətəndaşın müqavilə bağlanılarkən drenaj məsələsinə toxunulmaması ilə bağlı etirazına da aydınlıq gətirib: “Biz banklarla müqavilə bağlayaraq, işləyirik. Bu səbəbdən sığortaladığımız bütün evləri bir-bir yoxlamağımız fiziki olaraq mümkün deyil. Necə ki, avtomobillər icbari sığortalanır, bu da elə. Yəni, biz gedib hər bir avtomobili ayrılıqda yoxlamırıq ki, hansı problemləri var?! Evin sığorta müqaviləsində də təminatlar qeyd olunub. Həmin müqavilədə sözügedən məsələyə görə sığorta təminatı nəzərdə tutulmayıb. Biz təminatlara daxil olmayan bəndlərdə müvafiq şərtlər qoymuşuq və həmin şərtlərə görə də təminatı ödəməkdən imtina etmişik. Ali orqan olan məhkəmə də təsdiqləyib ki, həqiqətən evə dəymiş zərər təminata düşmür”.
Şirkət rəsmisinin açıqlaması çox maraqlı məqamı ortaya çıxarır: “Xalq Sığorta” “tələblərə cavab verməyən” evləri onda niyə sığortalayır? Necə yəni “evlərə baxmadan sığortalıyırıq”? Əgər müqavilə bağlayıb, evi sığortaya qəbul edirsinizsə, ödənişi qəbul etmisinizsə, deməli indi sığorta hadisəsinə görə də ödəniş etməlisiniz. Qanunların nə deməsindən asılı olmayaraq, bu, istənilən özünə hörmət edən şirkətin mənəvi borcudur. Həm də söhbət sağlamlığını bu VƏTƏN üçün ortaya qoyan hərbçimizdən gedirsə…
Axı onlar bu VƏTƏNİ qorumasa, siz rahat pul qazana bilməyəcəksiniz, cənablar!
Tarix: 6-03-2019, 21:35
Xəbəri paylaş





Xəbər lenti