Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib ki, məhkəmə sahəsində olan çatışmazlıqlar mütəmadi olaraq aradan qaldırılır: “Azərbaycan hökuməti Dünya Bankı ilə elektron məhkəmə sahəsində uğurlu layihə həyata keçirir. Layihənin uğurlu olmasını Dünya Bankı da dəfələrlə təsdiqləyib. Amma düşünək ki, Anqlo-Sakson hüquq sistemində yaranmış 1000 illik təcrübə 10 il ərzində Azərbaycanda olacaq, əlbəttə ki, bu, real deyil. Bu, mərhələlərlə olacaq bir işdir və çox uzun bir prosesdir. Ümumiyyətlə məhkəmə sahəsində aparılan islahatların nəticələri heç də 1-3 ilə meydana çıxan deyil”.
“Yeni Sabah” xəbər verir ki, nazirin bu açıqlamasına iqtisadçı ekspert Natiq Cəfərli reaksiya verib. O, bildirib ki, anqlo-sakson hüququ deyil, lap kontenental hüquq olsa da məsələnin məğzi bu deyil: “Axı məhkəmələr ədalətli və müstəqil deyillər. Bunun düzəlməsi üçün tək zaman deyil, siyasi iradə lazımdır! Siyasi iradə olsa, əslində məhkəmə sistemini düzəltmək üçün bir neçə ay kifayət edər, istəyirsiniz sxemini də yazım, götürün, istifadə edin: Məhkəmə hakimiyyətində islahat əvvəl ən yuxarı instansiyadan – Ali Məhkəmədən başlanmalıdır, aşağıdan yox, məhz ən yuxarıdan.
Ali Məhkəmənin 41 üzvü var, ölkədə onlarla vicdanlı, dürüst, savadlı hüquqşünaslar var, onların içindən 41 nəfər seçib Ali Məhkəməyə təyin edirsən, hətta ştat sayını 2 dəfə artırmaq da olar ki, işlərin baxılma sürəti artsın. Hamısına ayda minimum 8000-10000 manat maaş təyin edirsən, aşağı instansiyalardan gələn səhv, ədalətsiz, pulla verilmiş məhkəmə qərarlarını ləğv edir, ədaləti bərpa edirlər.
Paralel olaraq da Apellyasiya Məhkəmələrini də eyni qayda ilə yenidən formalaşdırırsan, bu məhkəmələrdə çalışan hakimlərin sayı cəmi 133 nəfərdir, onlara da 5000-7000 arası maaş təyin edirsən, həmin hakimlər aşağı instansiyalardan gələn səhv, ədalətsiz, pullu qərarları ləğv edib geri göndərirlir.
Qaldı ilkin instansiya məhkəmələri, həmin məhkmələrdə çalışan hakim sayı 281 nəfər, İnzibati-iqtisadi məhkəmələr 39 nəfər, Ağır cinayətlər məhkəmələri 52 nəfərdir – onlar görsələr ki, Apellyasiya və Ali Məhkəmədə verdikləri qərarlar ləğv edilir, ədalət bərpa olunur, o zaman ya düzgün çalışacaqlar, ya da məsləkdən gedəcəklər.
Ölkədə bütün hakimlərin ştat yeri 600 nəfər, faktiki çalışanların sayı isə 569 nəfərdir, yəni bu boyda məmləkətdə 600 nəfər savadlı, vicdanlı, dürüst hüquqşünas yoxdurmu? Təbii ki, var, hətta bundan qat-qat çox belə gənclərimiz, təcrübəli hüquqşünaslarımız var, amma məhz siyasi iradə yoxdur - hörmətli Sahil müəllim, problem məhz burada düyünlənir”.