Nazim Bəydəmirli: “Uşaqların, gənclərin, pensiyaçıların, hərbçilərin icbari tibbi sığortasını dövlət büdcəsinin hesabına həyata keçirməlidir”
Xəbər verdiyimiz kimi, fevralın 26-da, bütün ölkə Xocalı soyqırımının 27-ci ildönümünü qeyd etdiyi bir gündə səhiyyə naziri Oqtay Şirəliyev Azərbaycan Tibb Universitetinin Tələbə poliklinikasının ləğv edilməsi haqqında əmr imzalayıb. Hətta həmin tibb müəssisəsində əslən Xocalıdan olan, ailəsini qətliamda itirən Yeganə İsmayılova kimi insanların çalışdığını da nəzərə almayıb.
Oqtay Şirəliyevin imzaladığı əmrlə 13 həkim, 13 tibb bacısı, 11 kiçik tibb işçisi öz iş yerini itirdi. Aralarında əcnəbilər də olan tələbələr isə, müayinə və müalicə alacaqları poliklinikadan məhrum edildilər.
Təxminən 40 nəfərin işlədiyi bir müəssisənin ləğv edilməsinin ideya müəllifinin isə Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyli olduğu iddia edilir. Hərçənd, professorun belə bir təşəbbüslə çıxış etməsinin səbəbini bilmirik. Eyni zamanda rektorun bu təşəbbüsü ATU-nun Həmkarlar İttifaqı komitələri ilə razılaşdırıb-razılaşdırmadığı da məlum deyil.
Prezident İlham Əliyevin yeni iş yerlərinin açılması istiqamətində siyasət apardığı bir dönəmdə səhiyyə nazirinin bu addımı necə qiymətləndirilməlidir? Universitet nəzdindəki poliklinikanın bağlanması hansı zərurətdən doğub? Poliklinika üçün ayrılan ərazi hansı məqsədlər üçün istifadə olunaca? İşsiz qalan əməkdaşların taleyi necə olacaq?
Bütün bu suallarıla Səhiyyə Nazirliyinin mətbuat xidmətindən cavab almaq niyyətində idik. Amma çox təəssüf ki, nazirliyə dəfələrlə zəng vursaq da, bütün zənglərimiz cavabsız qaldı. Onu da qeyd edək ki, son zamanlar rəsmi qurumların əksər mətbuat xidmətləri nədənsə öz həmkarları ilə ünsiyyətdən qaçır, bununla da bizim işimizə ciddi əngəl törətmiş olurlar.
Səsimizə səs verilmədiyini görüb Səhiyyə Nazirliyinin internetdəki rəsmi səhifəsinə qəzetimiz adından məktub yolladıq, amma həmin məktub da cavabsız qaldı.
Odur ki, sözügedən məsələ ilə bağlı üçün iqtisadçı Nazim Bəydəmirliyə müraciət etdik. Nazim müəllim məsələ ilə bağlı “Hürriyyət”ə bunları dedi: “Bilirsiniz ki, səhiyyə sahəsində müxtəlif islahatlar aparılır, yəni bir neçə səhiyyə idarəsinin bir idaradə birləşdirilməsi həyata keçirilir, qarşıda bir sıra poliklinikanın özəlləşdirilməsi də planlaşdırılır.
Təbii ki, bu islahatlar haqda əvvəlcədən məlumat verilir, eyni zamanda heç kəsin işsiz qalmayacağı da bildirilir. Ümid edək ki, belə də olacaq, işsiz qalan insanlar digər anoloji poliklinika və xəstəxanalara köçürüləcək.
Ümumiyyətlə, əgər səhiyyə sahəsində özəl sektor fəaliyyət göstərirsə, həmin sektorda dövlət idarələrinin çox olması məqsədəuyğun deyil.
Onu da bilirsiniz ki, icbari tibbi sığorta ilə basğlı pilot layihələr həyata keçirilir və Səhiyyə Nazirliyi dövlət mülkiyyətində olan poliklinika və xəstəxanaları, klinika və hospitalları daha çox himayə edir.
Onu da deyim ki, ölkədə özəl səhiyyə sektoruna qarşə antipatiya formalaşdırılır, qara piar aparılır. Bunlara son qoyulmalıdır. Əslində sahibkarlığın mahiyyəti ondan ibarətdir ki, dövlət, özəlliklə də Səhiyyə Nazairliyi həm dövlət xəstəxanalarına, həm də özəl səhiyyə müəssisələrinə eyni gözlə baxsın, hamının hüquq və vəzifə bərabərliyi olsun.
Amma çox təəssüf ki, dövlət büdcəsindən maliyyələşdirilən xəstəxanaların əksəriyyətində qeyri-qanuni olaraq pullu xidmət göstərilir, indiyədək də belə olub. Bu baxımdan, hesab edirəm ki, uşaqların, gənclərin, pensiyaçıların, hərbçilərin icbari tibbi sığortasını dövlət büdcəsinin hesabına həyata keçirməlidir və elə bir şərait yaratmalıdır ki, sığorta şirkətləri istənilən özəl klinika ilə işləyə bilsin.
Mən səhiyyə sahəsində islahatların davam etdiyinə ümidliyəm və sözüegedən məsələnin də həmin islahatların tərkib hissəsi olduğunu düşünürəm.
Nazirin sözügedən sərəncamı nədən məhz Xocalı soyqırımının ildönümündə imzalamasını şərh edə bilmərəm. Amma bunda hansısa şəxsi qərəzin, şəxsi marağın olduğuna inanmıram, çox guman ki, bu sadəcə bir təsadüfdür. Mətbuatın məsələyə bu cür yanaşmasını da doğru saymıram.
Amma səhiyyədə kifayət qədər problemlər var. Mənim fikrimcə, bu problemlərin səbəbi səhiyyənin idarəedilməsi mexanizminin sovet sistemindən qalmasıdır. Bu problemlərin tez bir zamanda ardan qaldırılması üçün, dediyim kimi, məmur sahibkarlığı ləğv olunmalıdır, himayə edilən klinikalar olmamalıdır, özəl klinikaların lisenziyaları məhdudlaşdırılmamalıdır (biz də qarşılaşmışıq bu neqativ halla) bir sözlə, hamıya eyni gözlə baxılmalıdır. Yəni dövlət təsərrüfat fəaliyyəti ilə nə qədər az məşğul olsa, bir o qədər yaxşı olar. Bu bazar iqtisadiyyatı fəlsəfəsinə tamamilə ziddir, hesab edirəm ki, gələcək islahatlar məhz bu yöndə aparılmalıdır”.
Hazırladı: İnci TÜRKEL, Hurriyyet.org