Qazancı olmayanların tibbi sığorta yükü: NECƏ ÖDƏNƏCƏK


Qazancı olmayanların tibbi sığorta yükü: NECƏ ÖDƏNƏCƏK

Ölkəmizdə tibbi xidmətlər baha olduğundan bəzən vətəndaşlar vaxtlı-vaxtında həkimə müraciət edə bilmir.

Bu səbəbdən də vaxtında aşkarlanmadığı üçün xəstəliklər ağırlaşır, ölüm halları artır. Bu səbəbdən də hesab edilir ki, icbari tibbi sığortanın əsas məqsədlərindən biri də bu cür halların qarşısının alınması olmalıdır. Amma verilən açıqlamalardan məlum olur ki, sığortalı olmaq heç də asan və ucuz olmayacaq.

Gələn ildən vətəndaşlar İcbari Tibbi Sığorta Agentliyinə müəyyən sığorta haqqları ödəyəcəklər. Vətəndaş xəstəxanaya müraciət etdiyi vaxt onun müayinə və müalicə xərcləri Agentlik tərəfindən xəstəxanaya ödəniləcək. Sığorta haqqı işçilərin əməkhaqlarından və sahibkarların gəlirlərindən tutulacaq. Qeyri-rəsmi işləyənlər və işləməyən insanlar isə gələn ildən tibbi xidmətlərdən yararlanmaları üçün sabit illik sığorta haqqı ödəməli olacaqlar.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev bildirib ki, sərbəst məşğul əhali sığortalanmaq üçün illik 120 manat sığorta haqqı ödəməli olacaqlar. “Sərbəst məşğul əhali - qeyri-rəsmi işləyənlər, evdar qadınlar və s. Bunlar üçün sabit bir məbləğ tətbiq olunacaq. Yəni, qanunla 120 manat sığorta haqqı ödəməli olacaqlar. Bu şəxslər illik 120 manat ödəməlidirlər ki, sığortalı sayılsınlar”.

Bütün işləyən şəxslərdən əməkhaqqının 2%-i qədər, işəgötürənlərdən isə işçilərinə ödədikləri əməkhaqqının 2%-i qədər sığorta haqqı tutulacaq. Əhalinin müəyyən kateqoriyasının - 18 yaşınadək uşaqların, pensiya yaşında olan vətəndaşların, əlillərin, aztəminatlı ailələrin, tələbələrin və hamilə qadınların sığorta haqlarını dövlət öz üzərinə götürəcək.

Heç bir yerdə işləməyən və hər hansı bir gəliri olmayan işsiz əhali, o cümlədən də evdar qadınlar üçün 120 manat tibbi sığorta haqqı tələb olunması isə məqsədəuyğun hesab edilmir. 

Həkim-terapevt Rasif Bağırov “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, ümumiyyətlə icbari tibbi sığortanın tətbiqi vətəndaşların bu sahədə arxayınçılığına son qoyulması baxımından əlverişlidir: “İnsan fikirləşir ki, mən ehtiyatlı olacağam və mənə heç nə olmayacaq. Amma qəflətən başına hansısa hadisə gəlir. Və o zaman ikiqat xərci çıxır. Sığorta insanların gözləmədiyi hadisələrin baş verdiyi proseslərlə mübarizə aparması üçün kömək məqsədi daşımalıdır. Heç kəs bədbəxt hadisələrdən sığortalanmayıb”. 

Həkim hesab edir ki, icbari tibbi sığorta üçün nəzərdə tutulan məbləğlər kifayət qədər böyük vəsaitdir: “Ailə üzvlərinin hər biri üçün vəsait ödənilməsi doğru deyil. Orta aylıq əməkhaqqı nəzərə alınsa, işləməyən şəxslərlə işləyənlərin tibbi sığortası arasında uyğunsuzluq yaranır. Ölkədə hər kəs 1000 manat maaş almır ki. Böyük əksəriyyət 350-400-500 civarında əmək haqqı alır. 500 manatdan hesablansa, bu 100 manat pul edir. Belə olan halda necə olur, işləyən şəxs 100, evdar qadın isə 120 manat sığorta ödəyir. Bizim respublikada vətəndaşların yaşayış səviyyəsi nəzərə alındıqda bu, yüksək məbləğlərdir. İl başlayanda tibbi sığorta sənədi almaq istəyən şəxs ailəsində 4 nəfər varsa, təxminən 400 manat pul ödəməlidir. Bu, Azərbaycan vətəndaşının büdcəsi üçün həddindən artıq çoxdur. Hazırda bir çox ailələrdə bir nəfər işləyir. Heç iki nəfər işləyən ailələrdə əməkhaqları toplandıqda ortaya böyük bir rəqəm çıxmır”. 

Rasif Bağırov deyir ki, icbari tibbi sığorta hansısa çərçivələrdə aparıldığı təqdirdə bunun effekti olmayacaq: “Bu, tibbi sığortadırsa, tibbin bütün sahələrinə aid olan prosesləri əhatə etməlidir. Necə olur ki, bir sahəni əhatə edir, digərini yox. Bunun səbəbi nədir? Vətəndaş hiss etməlidir ki, tibbi sığortanın ona xeyri var. Əgər xəstənin əlinə yenə də dərman reseptləri veriləcəksə, o zaman tibbi sığorta nəyə lazımdır? Dərmanlar, bir sıra xəstəliklər salınmadığı halda, bu tibbi sığorta nəyə gərəkdir? Hazırda Azərbaycanda çox yayılmış bir sıra xəstəliklər var ki, onların müalicəsi zamanı həddindən artıq vəsait xərclənir və xəstələr bu sahələrdə çox əziyyət çəkir. Bu sahələri icbari tibbi sığortanın əhatə dairəsinə salmırlar. Adi, xırda problemlər üçün bu qədər pul tələb edilməsi doğru deyil. Doğrudur, burada bir sıra məsələlər öz həllini tapacaq, amma bu Avropa tipli sığorta olmayacaq. Belə bir sığortanın tətbiqi üçün bizdə bir sıra prosedurlar həyata keçirilməlidir, ölkə əhalisinin əməkhaqqları, dolanışığı normal səviyyədə olmalıdır”.
Xatirə Nəsirova


Tarix: 12-03-2019, 21:05
Xəbəri paylaş





Xəbər lenti