Uşaq pulu, yoxsa müavinət - Ailələrə hansı daha sərfəlidir?


Uşaq pulu, yoxsa müavinət - Ailələrə hansı daha sərfəlidir?

İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) rəhbəri, iqtisadçı Vüqar Bayramlının uşaq pulunun tətbiq olunması ilə bağlı məsələni yenidən gündəmə gətirməsindən sonra bununla bağlı müzakirələr başlanıb. 

Bir qrup hesab edir ki, uşaq pulu təyin olunan zaman bu, rifah səviyyəsi yüksək olan ailələri də əhatə edəcək, bu baxımdan da sosial ayırmaların ünvanlı olması daha məqsədəuyğundur. Digər bir qrup isə sosial vəziyyətindən asılı olmayaraq, 18 yaşınadək bütün uşaqlara uşaq pulunun verilməsinin tərəfdarıdır. 

Məlumdur ki, ölkəmizdə aztəminatlı ailələrə ünvanlı sosial yardım verilir. Uşaq pulu təyin olunarsa, ünvanlı sosial yardım ləğv oluna bilər. Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü, deputat Musa Quliyev bildirib ki, bir çox ölkələrdə uşaq pulu tətbiq olunur, bəzilərində isə yalnız ünvanlı sosial yardım proqramı işləyir: 

“Bizdə hazırda ünvanlı sosial yardım proqramıdır. Uşaq pulu tətbiq olunacaqsa, onda ünvanlı sosial yardım proqramından imtina etməliyik”. 

Onun sözlərinə görə, uşaq pulu tətbiq edəndə çoxuşaqlı ailələrin çoxunda ehtiyac meyarının səviyyəsi yuxarı olacaq: 

“Uşaq pulu və ünvanlı sosial yardımın paralel tətbiqinin nə dərəcədə doğru olduğunu bilmirəm. Yəqin ki, ya uşaq pulu, ya da ünvanlı sosial yardım tətbiq olunacaq. Hər halda maraqlı bir mövzudur, müzakirə etməyə dəyər. Son qərarı təbii ki, hökumət verməlidir. Bunun həm də maliyyə yükü hesablanmalıdır. Ən əsası isə ailənin sosial müdafiəsində hansı daha çox rol oynayırsa, o sistem tətbiq olunmalıdır. Hazırda ünvanlı sosial yardım sistemi özünü doğruldur. Eyni zamanda özünüməşğulluq proqramları da tətbiq olunub. Uşağın doğulmasına görə çoxuşaqlı ailələr üçün müavinət var. Uşaqlarla bağlı bir neçə müavinət tətbiq olunur, amma bütün yaş qrupundan- 17 yaşa kimi olanlara tətbiq olunacaqsa, məncə böyük rəqəm istəyəcək. Bunların maliyyə mənbələri, imkanları, sosial tərəfləri ölçülüb-biçilməlidir. Hər halda bu məsələ qaldırılıbsa, bunu müzakirə etmək olar. Düşünürəm ki, müzakirəyə layiq təşəbbüsdür. Əgər uşaq pulu verilirsə, bu, 18 yaşa qədər uşaqların hamısını əhatə etməlidir. Amma hansı kateqoriyanın xərci çoxdur, azdır, tələbata uyğun uşaq pulunun məbləği müəyyənləşdirilməlidir”.

Qeyd edək ki, digər millət vəkili Hadi Rəcəbli isə mətbuata açıqlamasında Azərbaycan prezidenti tərəfindən 3 yaşınadək uşaqların sosial müdafiəsinin gücləndirilməsi barədə tapşırıq verildiyini bildirib. İqtisadçı Vüqar Bayramlı isə bunu təmsil etdiyi qurumun təklifindən sonra uşaq pulunun mərhələli şəkildə bərpası kimi qiymətləndirib. 

Maraqlıdır, uşaq pulunun təyin olunması, yoxsa ünvanlı sosial yardımın qalması daha məqsədəuyğun hesab edilir? 

Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri Sahib Məmmədov “Cümhuriyət” qəzetinə açıqlamasında əvvəllər uşaq pulunun mövcud olduğunu, ünvanlı sosial yardım təyin olunandan sonra onun ləğv olunduğunu xatırladıb: 

“İstər uşaq pulu olsun, istərsə də sosial yardım, mən ünvanlılığın tərəfdarıyam. Məsələn, kimsə biznesmendir və illik gəliri bir neçə milyon manatdırsa, ona da, təminatsıza da pul verilməsini doğru hesab etmirəm. Kiminsə uşağını saxlamaq üçün imkanı varsa, ona niyə bu pul verilsin. Hesab edirəm ki, ünvanlı olarsa, daha yaxşı olar. Azərbaycan əhali artımının aşağı olduğu ölkələrdən də deyil ki, belə bir addım atılsın. Bəzi ölkələrdə artım çox aşağıdır deyə, dövlət stimullaşdırıcı tədbirlər görür”.

Sahib Məmmədov deyib ki, aztəminatlı ailələrin durumunun yaxşılaşdırılması üçün sosial yardımlar ünvanlı olmaqla yanaşı, uşaq sayına görə də artırılmalıdır: 

“Məsələn, iki uşağa görə bir uşaq üçün nəzərdə tutulanın iki qatı deyil, üç qatı verilsin. Üç və daha artıq uşaq olduqda da müəyyən əlavələr olsun. Mən hətta uşaqları cinsə görə fəqləndirməyin də tərəfdarıyam. Məsələn, qız uşağına görə bir az artıq yardım verilsin. Amma bütün hallarda ünvanlı olmasının, yəni ehtiyacı olanlara verilməsinin tərəfdarıyam. Bu ünvanlılığın necə təmin olunmasının üsulunu tapmaq lazımdır”.

Ekspert deyir ki, bundan başqa uşaqlar üçün digər müavinətlərin təyin olunmasını məqsədəuyğun hesab edir: 

“Məsələn, hər hansı bir ailə uşağını ödənişli bağçaya qoyub və bunu ödəyə bilmir. Həmin pulun ödənilməsi təmin edilə bilər. Amma mən hamıya uşaq pulunun verilməsi təklifini alqışlamıram. Dövlət büdcəsinin vəsaiti bu istiqamətə yönəlirsə, deməli hansısa sahədən kəsilir. Bu vəsait ehtiyacı olmayanlara niyə istiqamətlənsin?” //Cebhe.info//


Tarix: 13-03-2019, 15:29
Xəbəri paylaş





Xəbər lenti