Bakupost.az-ın "Sənətdən kənar” layihəsində oxucularımız yazıçıların, sənət adamlarının müxtəlif mövzularda fikirlərini, yaşadıqlarını, həyat hekayətlərini öyrənəcək, onların fərqli tərəflərini də tanıyacaq. Layihənin budəfəki qonağı tanınmış yazıçı, Kulis.az ədəbiyyat saytının baş redaktoru Şərif Ağayardır. Şərif bəylə buddizm haqqında söhbətləşdik.
- Şərif bəy, kənardan sizə baxanda budda rahatlığı görmək olmur. Maraqlıdı, buddizmə sevginiz necə yarandı?
- Son zamanlar, deyirlər, çox sakitləşmisən, müdrikləşmisən. Bunu mənə qüsur tutanlar da tapılır. Bəzən hiss edirəm ki, təmkinli olmağım kimlərisə qıcıqlandırır. Həyatımız bozdur. Görünür, mənim də təmkin və soyuqqanlı hərəkətlərimlə bu bozluğa qarışmağımı istəmirlər. Buddist təmkinim yoxdur. Elə bir mənəvi sərvətə sahib olsam, xoşbəxtliyi tapardım. Kifayət qədər çılğın və bəzən də səbirsiz adamam. Öz-özümə panikə girdiyim də olur. Lakin ümumi olaraq öz ciddi nəzarətimdəyəm. Təmkinim Azərbaycan polisi kimidir, asayişimi total şəkildə təmin edir. Buddizmə gələndə, bu sahənin elə dərin bilicisi deyiləm. Bir qələm adamı kimi, Budda ilə 30 yaşdan sonra yaxından tanış olmuşam və həvəskar səviyyədə nələrsə öyrənməyə çalışmışam. Buddizmdə hər şeyin real və praktiki olması, heç nəyin qeybə hesablanmaması məndə maraq doğurub. Başqa cəhətlər də var, təbii. Misal üçün, din kimi qadağaların tətbiq edilməməsi, insanın təbii halına sayğı göstərilməsi və s.
- Siz müsəlmansız, yoxsa buddist?
- Mənim dini dünyagörüşüm yarımüsəlmandır. Facebook profilimdə də müvafiq xananı bu cür doldurmuşam. Bir dəfə bir müsəlman qardaş mənim belə yazmağıma etiraz olaraq inboxda çox mədəni hücuma başladı. Onu bir az sorğu-suala tutdum, məlum oldu ki, özü də yarımüsəlmandır. Söhbət Allahı, Məhəmməd peyğəmbəri qəbul edib, Quranın möcüzəsinə inanıb islamın hökmlərinə əməl etməməkdən gedir. Yəni anlayacağın bizdə çoxu yarımüsəlmandır, lakin bunun fərqində deyillər. Yerdə qalan əlli faizimdə xristianlıq da var, yəhudilik də, atəşpərəstlik də, bütpərəstlik də, sən dediyin buddistlik də, hətta şamançılıq da.
- Herman Hesse buddizmi araşdırırdı. Bu həvəs onu Hindistana apardı, şərq fəlsəfəsini öyrənməyə vadar etdi. Siz də nə zamansa Hindistana getmək istəyərdiniz?
- Hindistanın təbiətinə həmişə vurğun olmuşam. Bu istək əvvəllər şəkilli kitablardan, hind nağıllarından gəlirdisə, sonradan coğrafiya dərsləri və hind filmləri ilə daha da möhkəmləndi. Allah eləməmiş, nə vaxtsa dünyanı gəzmək imkanım olsa, ilk gedəcəyim yerlərdən biri Hindistandır. Xüsusən Qanq çayına məni sehrli bir qüvvə çəkir. İzahını tam aydın bilmirəm. Görünür, məşhur filmlə də bağlıdır. Daha doğrusu, filmin adı ilə. "Qanq, sənin suların niyə bulanıqdır?” Bu ifadədə müdhiş bir kədər və cazibə duyuram. Bir də uşaqlıqdan dünyanın ən hündür yeri marağımı kəsb edib. Dağlar möcüzəvidir. Mən dağlara baxanda Allahın varlığını hiss edirəm. Özü də dağlara dırmaşmağı yox, kənardan, bəlli bir məsafədən tamaşa eləməyi sevirəm. Dağlara dırmaşmağın mahiyyətində bir cahillik, bir eqoistlik var. Buddistlərsə dağda Allahı yox, təbiətin enerjisini görür. Bizi yaradan və daimi öz ağuşunda saxlayan təbiət əbədi enerjisini daha çox dağlarda ifadə edir. Fikir ver, peyğəmbərlərin də çoxunun dağla, mağarayla bir əlaqəsi var. Buddanın, budda rahiblərinin də eləcə.
- Hesse "Sidharta” əsərini yazdı, bəs siz?
- Məni belə böyük bir qələm adamı ilə müqayisə edirsənsə, sağ ol. Zarafat edirsənsə, yumor hissin pis deyil. Sırf buddist temada nəsə yazmaq gücünü özümdə hiss etmirəm. Amma son yazılarıma buddizmin ciddi təsir etdiyini etiraf edə bilərəm. Bu, mənə mənəvi zövq verməklə yanaşı, daxili rahatlıq, tarazlıq gətirir.
- Budda deyir, xoşbəxtliyin açarı sevdiklərindən azad olmaqdır. Nə vaxtsa sevdiyiniz adamlardan ayrılmaq fikrinə düşmüsünüz?
- Məncə, sevgidən çox iddiadan danışır Budda. Sən sevirsənsə, problem deyil, onu əldə etmək istəyirsənsə, yenə problem deyil, əgər əldə edə bilməyəndə özünü bədbəxt hiss edirsənsə, problem başlayır və bu problemi özün yaratmış olursan. Sənə bir misal deyim. Mən hər səhər işə düz 30 km yol gəlirəm. Şəhərəcən avtobus bir saata qədər yol gedir. Adamlar o qədər gərgin olur, bir-birini o qədər incidir, inanılmazdır.
- Yorulmursunuz o boyda yolu piyada getməyə?
- Zamanımı elə bölürəm, kitabla elə ünsiyyətə girirəm, avtobusun gecikməsi daha çox səhifə oxumağımın xoş səbəbinə çevrilir. Eyni zamanda, hansı küçəni xolesterin əleyhinə yürüyüşlə piyada gedəcəyimi düşündükcə daxilimdə yaşamaq, yazmaq gücü artır. Beləliklə, gərginlikdən, ümidsizlikdən, çətinliyin qarşısında sınmaqdan özümü asanlıqla xilas edirəm. Hər gün yolumun uzaqlığını problemə çevirsəm, işə gəlib çatanacan yorulacam. Buddizmə görə, problem yoxdur. O, insanın uydurmasıdır. Diqqətlə fikir versən, görərsən ki, doğrudan da belədir. Yəni belə deyək, əsasən belədir.
- Müasir dünyamızda bir buddist olmaq, nirvanaya çatmaq necə, məqsədə uyğundur?
- Ümumilikdə, bütün fəaliyyətlərdə nəticəyə varmaq insanın başlıca məqsədi olmalıdır. Ancaq bu alınmayanda dərd eləməyə dəyməz. Mənzilə vardın-varmadın prosesin özü maraqlıdır. Hər kəs nirvanaya, aydınlanmağa can atmalıdır. Söhbət sırf buddizmdəki prosesdən getmir. Misal üçün, biz yazı adamıyıq, istəyirik ki, dünyanın ən gözəl əsərini yazaq, ən istedadlı adamı olaq. Bizim üçün də nirvana budur. Əgər buna qovuşa bilməyib həvəsdən düşürüksə, deməli, nəticəyə gedən yolu düz tutmamışıq. Nirvanaya çatmamağı dərd eləməmək özü artıq hardasa ona yetişməkdir. Sufiliyin bəzi qollarında ölüm ali məqsəd sayılır. Ancaq süni yolla deyil, təbii yolla, tanrı iradəsi ilə. Deməli, onlar ölümü hardasa nirvana hesab edirlər.
- Bu məntiqlə həyatın məqsədi ölümdür?
- Cavabım qətidir: əsla! Həyatın mənası və məqsədi ölümə doğru gedən yolda, o prosesdədir. İnsan bu dünyasını da, axirətini də bu prosesdə qazanır. Ömür ilahi fürsətdir. Buddizmdə isə əsas olan təbiətin harmoniyasını girib bir ağac kimi, bir daş kimi dinc və təmənnasız olmağı bacarmaqdır.
- Quranda da, buddizmdə də bir çox bənzər fikirlər var. Məsələn, yalandan uzaq durmaq, həqiqəti söyləmək, həqiqətə riayət etmək, etibarlı olmaq və aldatmamaq kimi nəsnələr. Bəs Buddizm Qurandan necə fərqlənir?
- Buddizmdə qaydalar var və bu qaydaları pozmağa görə heç bir cəza yoxdur. İnsanı ittiham edən, onu cavab verməyə məcbur edən bir qüvvə də yoxdur. Onların tanrıya münasibəti qəribədir. Laqeyddirlər. Tanrı varsa da, yoxsa da bir buddisti narahat etmir. Axirət, cənnət-cəhənnəm versiyaları yoxdur və qarşıya şərt kimi qoyulmur. Sadəcə, yenidən doğuluşa, yəni reinkarnasiyaya inam var. Dində bu dünya, o cümlədən kainat, təbiət, insan müvəqqətidir. Baqi deyil. Buddizmdə təbiətin enerjisi əbədidir, orqanizmlər, bitkilər ora lampa kimi qoşulur. Yolka lampaları sıradan çıxa bilər, amma o naqillərdə enerji həmişə qalır. Dində ölümün cismani bir nəsnə olduğu anlayışı buddizmə oxşasa da, burda dünyaya ikinci dəfə gəlmək söhbəti yoxdur və qadağandır. Dinə görə, hər kəsin ruhu fərdidir və hər kəs öz ruhu ilə qiyamət günü imtahana gedəcək.
Bizdə mollaların çoxu deyir, islam dəvət dinidir. Necə dəvət dinidir ki, qəbul etməyənin kafir deyə boğazını üzürdülər? Əsl dəvət buddizmdədir. Sözünü sənə deyir, reaksiyan onun vecinə deyil. Mövlana deyirdi, hər kimsənsə, gəl. Buddada isə təxminən belədir: "İstərsən, gəl, istərsən, gəlmə, mən sənə görə deyirəm”. Bu o qədər praktiki bir təlimdir ki, boyun qaçırmaq, etiraz etmək axmaqlıqdır. Çünki etiraz eləməli heç nə yoxdur. Məhz bu və buna bənzər keyfiyyətlərinə görə, buddizm din hesab olunmur. Məşhur türk tədqiqatçısı İlhan Güngörən buddizmi "Yaşamaq sənəti” kimi təqdim edir. Görürsən, necə maraqlı ifadədir? Yaşamaq da sənətdir və bunu bacaran var, bacarmayan var. Həqiqi imanı olan din xadimləri rahatlığı allaha təvəkküldə tapırlar. Bu, məntiqdən çox inancla bağlıdır. İnanc yoxdursa, rahatlığa qovuşa bilməzsən. Buddizmdə mətləb konkretdir və məntiqə tabedir. Sadəcə bir az düşünmək lazımdır. Bizim adi danışıq qaydalarımızda, el inanclarında buddist elementlərə rast gəlinir; özünə dərd eləmə, ürəyinə salma, birinin üstünə beşini qoyma və s. Dini dünyagörüşdə ad tamam dəyişir və dərdin çarəsi, təsəlli insan iradəsinin dışına atılır: Allah var, rəhmi var, Allah bilən məsləhətdir, biz kimik, yazını yazan yazıb və s.
- Buddistlər güman edirlər ki, bizim taleyimiz öz əlimizdədir, amma çoxumuzun bundan xəbəri yoxdur…
- Daha dəqiqi, xoşbəxtliyimiz təbiətdədir, onunla harmoniyaya girsək, onun kimi olsaq, rahatlığı taparıq. Buddizmin ən qəliz ifadəsi bilirsən hansıdır? Acanda yemək ye! İlk baxışdan bəsit və gülməli görünür. Elə problem də burdadır. Dayazda boğuluruq. İnsanın ən böyük dərdi istəklərinin başından basmasıdır. Bu yaxınlarda bir yazı oxudum, mütəxəssislər müəyyən ediblər ki, xərçəng insanın öz içində dəf etdiyi arzu və istəklərin nəticəsi olaraq bədəndə alternativ orqanizm kimi yaranır. Yəni biz təbiətdən o qədər uzaqlaşıb süni həyat yaşayırıq və mədəniyyət, əxlaq, etika naminə öz bioloji istəklərimizin başından o qədər basırıq ki, bədənimiz üsyana qalxır, öz daxilində başqa bir canlı yaratmaq xülyasına düşür, bu isə hər ikisinin ölümü ilə nəticələnir. Acanda çörək yemək insanın öz fitrətinə - təbiətə sədaqəti və ehtiramıdır. Bəşəriyyət təbiətdən və təbii halından cüda düşdüyü üçün mutsuzdur. Qərbin buddizmə marağı bilirsən necə yarandı? Ağlagəlməz modern inqilablar insanı səadətə qovuşdura bilmədi. Əksinə, intihar edənlərin, ruh düşkünlüyünə uğrayanların sayı durmadan artdı. Əvəzində Yaponiya, Çin və Tibetdə insanlar "heç nədən” mutludur, həyat doludur. Səbəb xüsusi institutlar səviyyəsində araşdırıldı və tapıldı. Bu, buddizm idi. İnsan xoşbəxtliyi harmoniya kimi yox, hər hansı fəaliyyətin nəticəsi kimi axtardığı üçün onu heç vaxt tapa bilmir və bilməyəcək. Xoşbəxtlik onu hiss etməmək, onun haqqında danışmamaq, onun haqqında düşünməməkdir. İnsan sağlam, ağrımayan orqanının yerini bilmir.
- "Düşmənlərinizi də sevin” – deyir, budda fəlsəfəsi. Bir ermənini sevə bilərsiniz?
- Açığı, belə bir şeyə rast gəlməmişəm. Mən bilən buddizmdə düşmən anlayışı yoxdur. Oxla hədəf harmoniyadadır. Buddizm əksliklərin fövqüdür. Xeyir də, şər də iç-içədir. Mən insanı sevirəm. İnsanlıqdan çıxan erməni də olsa, puştun da olsa, ona münasibətim mənfidir.
- Dediyiniz kimi, buddizmdə reinkarnasiya anlayışı var. Öləndən sonra başqa bir formada ya heyvan, ya da bitki formasında dünyaya qayıdacaqsan. Bu, heyvanlara da aiddir. Öləndən sonra insan formasında təzədən doğula bilərlər. Siz necə düşünürsünüz, öldükdən sonra biz bu dünyaya qayıdırıq, ya əksinə?
- Reinkarnasiya haqda müxtəlif düşüncələr var. Birində deyilir ki, insan günah işlədəndə, misal üçün, it kimi, canavar kimi yenidən doğula bilər. Yəni bu, onun cəzasıdır. Başqa biri insanın insan, heyvanın heyvan, bitkinin bitki kimi qayıtdığına əmindir. Ancaq bütün hallarda reinkarnasiya ölümün bir son olmadığına insanı əmin etməkdir. İnsan həyatın başa çatmasından vahimələnir. Necə yəni hər şey bitir?! Elə şey olar? Din deyir, axirət var, qorxma. Buddizm deyir, reinkarnasiya var, hər şey hələ sona çatmayıb. O ki qaldı mənim inancıma... Dediyim kimi... Qarışıq hisslərim var... Belə deyək, şübhəliyəm... Bəzən hansısa situasiyanın bizə birə-bir tanış gəlməsini – dejavü hissini reinkarnasiya ilə bağlayanlar olur. Ramiz Rövşənin belə bir şeiri də var: "Dünya mənə tanış gəlir”. Doğrudan da bəzən adama elə gəlir ki, dünyanın bax bu anını, bu adamları, bu küçəni, bu tini görmüsən, bu deyilən sözü eşitmisən. Məndə də belə hallar olub və diksinmişəm.
- Bu mövzuda əsər yazmağı düşünürsünüz?
- Deyə bilmərəm. Əsər çox vaxt yazılmır, adamın başına qəfil hadisə kimi gəlir. Gəlsə, niyə də yazmayım? Amma, inşallah, gəlməz. Çünki buddizm daha çox susmaq məqamıdır. Herman Hesse kimi dahinin belə, buddizm önündə bir kitablıq danışması adama naşılıq kimi görünür. Məncə, buddizmin əsl mahiyyətini Selincer başa düşdü və ömrünün sonunacan susdu. Bizim indiki söhbətimiz də, əslində, bu düşüncəyə vaqif olmadığımızın göstəricisidir. Olsun. Elə bir iddiamız da yoxdur. Söhbətdir də, elədik.
Söhbətləşdi: Oğuz Ayvaz