Ekspert mümkün təhsil islahatlarının istiqamətlərini göstərdi
Azərbaycan prezidenti Novruz bayramı münasibətilə xalqa ünvanladığı müraciətində ölkənin ciddi islahatlar astanasında olduğunu bəyan edib. İslahatların bir istiqamətini təhsil sahəsi təşkil edəcək. Məlumdur ki, təhsil hər bir xalqın, ölkənin inkişafında ən mühüm halqalardan birini təşkil edir. Bu gün iqtisadiyyatda, sosial həyatda, elmdə, innovasiyalarda, texnologiyalarda böyük uğur qazanan məhz vaxtilə təhsilə sərmayə qoyan ölkələrdir.
O da məlumdur ki, Azərbaycanda təhsil sahəsi inkişaf səviyyəsinə görə bizimlə eyni mövqedə olan bir sıra ölkələrdən geri qalır. Cəmiyyətdə təhsil sisteminin problemlərinə dair müzakirələr getdikcə güclənməkdədir. Bu baxımdan, ölkə başçısının qeyd etdiyi islahatların təhsilimizdə haradan başlanacağı, hansı istiqamətləri əhatı edəcəyi böyük maraq doğurur. Hələlik islahatların konturları açıqlanmasa da, mövcud vəziyyəti dəyərləndirməklə mümkün istiqamətləri müəyyənləşdirmək mümkündür. Musavat.com-un təhsil sistemindəki mümkün islahat istiqamətləri barədə sualını cavablandıran təhsil üzrə ekspert Kamran Əsədovun dediyinə görə, son beş il ərzində Azərbaycan təhsilində çox mühüm addımlar atılıb, islahatlar həyata keçirilib: “2013- cü ildə ölkə prezidenti İlham Əliyev tərəfindən qəbul edilmiş “Təhsilin İnkişafı üzrə dövlət strategiyası” nəticəsində təhsilin əhatə dairəsi genişlənib, əlçatımlılığı təmin olunub. Lakin bununla yanaşı, etiraf edək ki, Azərbaycan təhsili bütün göstəricilərinə görə dünya standartlarından geri qalır. Hesab edirəm ki, müasir dünyanın təhsil meridianında özünə yer tutmuş dünya standartlarına uyğun modern təhsil sisteminin yaradılması istiqamətində fəaliyyətlər davam etdirilməlidir. Düzdür, son illər ərzində respublikamızda təhsilin bütün pillələrində islahatyönümlü tədbirlər həyata keçirilir. Amma hələ də ciddi irəliləyiş hiss olunmur. Bunlara görə də hesab edirəm ki, ciddi islahatlara ehtiyac var”.Ekspert hesab edir ki, 2013-cü ildən təhsildə başlanmış islahatların eyni tempdə qalması vacibdir: “Bundan başqa, bəlkə də ən vacib nüans odur ki, təhsilin bütün səviyyələrində rüşvətin, korrupsiyanın kökü kəsilməlidir. Düzdür, Təhsil Nazirliyi səviyyəsində belə hallara rast gəlmək mümkün deyil. Amma yerlərdə bu kimi hallrla bağlı mütəmadi məlumatlar gəlir. Beş ilə yaxın müddətdə təhsil sistemində çoxsaylı müsbət işlər görülüb. Lakin təhsil sistemində həll olunmayan bir sıra problemlər var idi. Belə ki, pedaqoji təhsil olmayan şəxslər hələdə direktor vəzifəsində qalır. Hətta son 5 il ərzində çox sayda pedaqoji təhsili olmayanlar müsahibədən keçib direktor təyin olunub. Hansısa neqativ hallar zamanı çevik reaksiya verilmirdi. Xəstə öləndən sonra təcili yardım gələn kimi olurdu hər şey. Yəni mətbuat xidməti o qədər də operativ işləmirdi. Saxta sənədlərdən istifadə edərək, dövlət nümunəli olmayan diplomla müəllim kimi fəaliyyət göstərənlərin hamısı azad edilmədi. Onlar hələdə fəaliyyət göstərirlər. Bundan əlavə, diaqnostik imtahanlarda iştirak edib az bal toplayan müəllimlərlə bağlı əməl iş görülmədi”.
Yeni islahatlara gəlincə, K.Əsədovun fikincə, orta ümumtəhsil məktəblərində şagirdlərin bütün siniflər üzrə ölkə ərazisində qəbulu və yerdəyişməsi mərkəzləşdirilmiş qaydada həyata keçirilməlidir: “Uşaq baxçaları da Təhsil Nazirliyinə birləşdirilməlidir. Ali məktəb sistemində islahatlar aparılmalıdır. İctimaiyyət nümayəndələri ilə görüşlər mütəmadi olaraq keçirilməlidir. Son 5 ildə müsbət xarakterizə edilən məsələlər davam etdirilməlidir. Nazir, müavinləri və əməkdaşları məktəblərə mütəmadi olaraq gedib sinifdə real vəziyyəti görməlidirlər. “Təhsil haqında” qanun yenidən işlənib hazırlanmalıdır. Ali təhsil haqqında ayrıca qanunun qəbulu vacibdir. Təhsilin idarə olunamsına yanaşma dəyişməli, məktəblərin özünü maliyyələşdirməsinə, kadrların seçimində muxtariyyətin verilməsinə keçmək lazımdır. Ən ciddi problemlər yaşanan dərslik siyasəti xüsusi nəzarətə götürülüb ayrı Dərslik qurumu yaradılmalıdır. Xarici ölkələrdə təhsil alan azərbaycanlı tələbələrin diplomların tanınması proseduru dəyişməlidir. Hal-hazırda diplomların tanınması ilə ilə bağlı mövcud olan sistem vətəndaşların hüquqlarını pozur. Rayon təhsil şöbələri ləğv olunmalıdır. Rayonlarda orta məktəblər icra hakimiyyətinin inzibati nəzarətindən çıxarılmalıdır. Azərbaycanda fəaliyyət göstərən universitetlərə qəbulu sadələşdirmək, xarici ölkələrdən tələbə cəlbini genişləndirilmək lazımdır. Hesab edirəm ki, təhsilin maliyyələşdirilməsi istiqamətində islahatlara ehtiyac var. Orta və ali məktəblər təhsil xidmətləri göstərməlidir. Peşə təhsilinə xüsusi diqqət yetirilməli, onların məzunlarının əmək bazarının tələblərinə uyğun olaraq hazırlığı həyata keçirilməlidir. Müəllimlərin əmək haqqı artırılmalı, onlara dövlət qulluqçusu statusunun verilməsi lazımdır. Tələbə yataqxanalarının tikintisini genişləndirmək lazımdır. Ali təhsil müəssisələrinin tədris və təlim imkanlarını müasir tələblərə cavab verən səviyyədə yenidən qurulması çox vacibdir. Hesab edirəm ki, yaxın gələcəkdə biz bu məsələlərlə bağlı ölkə başçısı cənab İlham Əliyev tərəfindən mühüm qərarların qəbul edilməsini görə biləcəyik”.
Dünya