Sahil Babayevlə Fuad Musayevin ortaq əməlləri: “işvermə” və “inəkpaylama” yalanları
Son zamanlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən bu il ölkədə 30 min yeni sosial iş yeri yaradılması barədə açıqlamalar verilir. Amma bu iş yerlərinin harada yaradılması, bu işlərə qəbulun necə aparılması, bu işçilərin konkret kimə tabe olması və hansı işlərlə məşğul olacağı haqqında səhih məlumat verilmir. Ona görə də cumhuriyyet.az olaraq mövzu ilə bağlı kiçik bir araşdırma apardıq və bir sıra gizli mətləbləri üzə çıxardıq. Yaradılan iş yerlərinə qəbul edilən işçilər ƏƏSMN tərəfindən yaradılmış “DOST” iş adlı müəsissə ilə əmək müqaviləsi bağlayır. Əmək haqqı da nazirliyə bu məqsədlə ayrılmış vəsait hesabına ödənilir. Amma bu işçiləri işlədən yerli “komxozlar”dır. İşçilərin görməli olduqları iş isə yerli icra hakimiyyətlərinindir.Qeyd edək ki, bu ilə qədər bu məqsədlə ayrılan vəsait yerli icra hakimiyyətlərinin xərclər smetasında nəzərdə tutulurdu. 2019-cu ildən isə həmin vəsait nazirlik vasitəsilə ödənilir. Elə bizim diqqətimizi də bu məsələ daha çox özünə cəlb elədi. Məlum oldu ki, əslində vəsaitin nazirlik xətti ilə verilməsi və müqavilələrin “DOST” iş mərkəzi ilə bağlanması yalnız görüntü üçündür. İşçilərin əksəriyyəti icra hakimiyyətinin birbaşa göstərişi ilə işə götürülür və demək olar ki, əksəriyyəti işə çıxmayaraq əmək haqqının çox hissəsini icra hakimiyyətinə verirlər. Onların görməli olduğu işi isə başqa dövlət qurumlarının işçilərinə iməcilik adı ilə zorla icra etdirirlər. Bununla bağlı cumhuriyyet.az-a daxil olan məlumata görə, bir çox rayonlarda həmin işçilərə ümumiyyətlə əmək haqqı verilmir, belə şəxslərə “pensiya üçün stajınız toplanır” deyərək işə təyin etmək üçün rüşvət də alırlar. Vəsaitin nazirlik vasitəsilə ödənilməsi isə bu işin başında duranların törətdikləri maxinasiyanı, gənc və islahatçı nazir kimi cəmiyyətə sıranan Sahil Babayevin çətiri altında gizlətmək məqsədi daşıyır. Göründüyü kimi işsizliyin aradan qaldırılması baxımından xoş niyyyətlə atılan bu addım büdcəni talan edən bir dəstə quldurun əlavə gəlir mənbəyinə çevrilməkdədir. Bu gün rayonlarda heç kim 200-300 nəfər işçinin təmizliklə məşğul olduğunu görməyib və 180 manat maaşla kiminsə göstərilən işlərdə 8 saat işləməsi mümkün deyil. Adı həmin işlərə yazılmış şəxslər məmurların yaxın adamlarıdır ki, onların çoxunun bu işdən xəbəri yoxdur, vardırsa da qeyd etdiyimiz kimi staj xatirinə bu işə razılaşıblar.Bu prosesdə maraqlı fiqurlardan biri də S. Babayevin bir müddət bundan əvvəl Dövlət Məşğulluq Xidmətinin rəisi postuna təyin etdiyi nazirin uzun illər əvvəl bank sektorundan tanıdığı dostu Fuad Musayevdir. Fuad Musayev Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Milli Konfederasiyasının prezidenti Məmməd Musayevin oğludur. Amma Sahil Babayev Məmməd Musayevin oğlunu yüksək vəzifəyə təyin etməklə kifayətlənməyib, onun özünü də nazirlikdə yaradılan DOST-da işlə təmin edib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST Agentliyinin) Müşahidə Şurasının ilk iclasında Sahil Babayev Şuranın sədri olub. Məmməd Musayev isə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyevlə birlikdə 7 nəfərlik Şura üzvündən birinə çevrilib.
Məmməd Musayevin oğlu, ƏƏSMN-in Dövlət Məşğulluq Xidmətinin rəisi Fuad Musayev, həm də Sahil Babayevin hazırda böyük narazılıqla qarşılanan “inəkpaylama” aksiyasında əsas yeri tutur. Bu faktlar göstərir ki, Sahil Babayev – Fuad Musayev işbirliyinin bağları çox dərindir. Yəqin elə bu səbəbdəndir ki, Sahil Babayev hətta böyük pulların dövr etdiyi yoxsullara paylanılan inəklərin və digər mal-materialların alınması kimi “böyük məsələ”ni də dolaysı ilə Fuad Musayevin nəzarətinə verib. Bununla bağlı cumhuriyyet.az-a daxil olan məlumata görə, mal-qaranın alınmasına məsul MMC də F. Musayevin nəzarətindədir. Adının çəkilməsini istəməyən nazirlik əməkdaşı isə deyir ki, narazılıqlara səbəb olmuş həmin MMC və onun rəhbəri haqqında cəmiyyətə ətraflı məlumat verilməlidir: “Kimindir bu MMC? Həmin MMC nə vaxt yaranıb və onun belə bir iş təcrübəsi varmı?”.Nazirliyin ÜSY alan vətəndaşlara payladığı heyvanların sağlam olmadığını, onların dişsiz, qısır, bəzi hallarda qotur olmasının bu sistemdə korrupsiyanın, pis idarəçiliyin davam etməsinin göstəricisi olduğunu barədə mətbuatda xeyli yazılıb. Belə görünür ki, ünvanlı sosial yardıma şərik olanlar, indi də özünüməşğulluq proqramından qazanmağa balşayıblar. Sosial müfəttişlər proqram çərçivəsində ailəyə təsərrüfat yaratmaq üçün ayrılan vəsait hesabına alınan heyvanların qiymətini artırmaqla yanaşı, onların çıxdaş və zay olanlarını alır, sağlam və baha qiymətə rəsmiləşdirirlər. Sahil Babayevin nazirlikdəki “Qara qutusu” sayılan nazir müavini Anar Əliyev mətbuata açıqlamasında vətəndaşlara qısır, dişsiz, şikəst, qotur heyvanların verilməsi hallarının olmasını dolayı da olsa, gizlədə bilməyib. Nazir müavini bildirib ki, verilən mal-qara ilə bağlı hər hansı problem yarananda, müvafiq aktivlərlə dəyişdirilib.
İndi kimsə xalqa başa salsın ki, nazir müavini “Problem yarananda dəyişdirlib”lə nə demək istəyib? Yəni bu, medianın iddia etdiyi kimi xəstə heyvanların paylanılmasını təsdiq etmirmi?Qeyd edək ki, nazir müavini A. Əliyev bu məsələdə F. Musayevlə S. Babayevin ortaq anlaşdığı MMC-dən danışsa da, onun adını çəkməyib. Sadəcə, qeyd edib ki, “biz təchizatçı şirkətlə aktivlərin, əmlakların alınması və təhvil verilməsi ilə bağlı müqavilə bağlamışıq: “Maldarlıqla əlaqədar olanda isə biz bütün hallarda şirkətdən müvafiq baytarlıq arayışları tələb edirik. Vətəndaş aktivlərin keyfiyyəti ilə razı olmadığı halda həmin aktivlər dəyişdirilir”.
Tarix: 26-03-2019, 09:26