Sosial evlərdə sosial ədalətsizlik


Sosial evlərdə sosial ədalətsizlik

Aztəminatlı ailələrin mənzil əldə etməsi, vətəndaşların ev alma imkanlarının asanlaşdırılması məqsədilə yaradılan “Güzəştli mənzil” sistemi öz mahiyyətini itirməkdədir.

Bu günlərdə 152 mənzilin satılması ilə bağlı xəbərdən də məlum olur ki, məhz ödəniş qabiliyyətli olanlar mənzillərdən yararlanmaq imkanı qazanıblar. 

Məlum olduğu kimi, Mənzil İnşaatı Dövlət Agentliyinin ilk layihəsi olan Yasamal Yaşayış Kompleksinin 1-7 saylı binaları üzrə “Elektron hökumət” portalı üzərindən “Güzəştli mənzil” sistemi vasitəsilə seçilmiş ümumilikdə 174 mənzildən 152-nin alqı-satqısı başa çatıb. Xatırladaq ki, alqı-satqı yanvar ayının 25-dən başlanıb. Güzəştli şərtlərlə əldə edilmiş 152 mənzildən 37-si 1 otaqlı, 83-ü 2 otaqlı, 32-si isə 3 otaqlıdır.

Mənzil əldə etmiş vətəndaşlar arasında ən azı 3 il hərbi xidmətdə olan, həmçinin ehtiyata və istefaya buraxılmış Azərbaycan Respublikasının hərbi qulluqçuları, ən azı 3 il dövlət qulluğunda qulluq edən, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxslər və ən azı 3 il daxili işlər orqanlarında xidmət keçən xüsusi rütbəsi olan şəxslər üstünlük təşkil edir. Ümumilikdə mənzil alanların 58%-nin yaşı 35-ə qədərdir.

Qeyd etmək yerinə düşərdi ki, ölkəmizdə məşğul əhalinin böyük bir hissəsi özəl sektorda çalışır. Doğrudur, bu rəsmi rəqəmlərdə öz əksini tapmır, amma o da məlumdur ki, ölkəmizdə “kölgə iqtisadiyyatı”-nın hökm sürməsinin danılmaz bir həqiqətə çevirilib. Hətta rəsmi qurumların açıqlamasında belə ölkəmizdə muzdla çalışanların sayında özəl sektorun heç də az hissə təşkil etmədiyi məlum olur. Xatırladaq ki, ötən ilin sonlarına olan məlumatlara görə, məşğul hesab edilən 1540,3 min vətəndaşdan 659,9 min nəfəri qeyri-dövlət sektorunda fəaliyyət göstərib. Bu baxımından mənzil əldə etmiş vətəndaşların arasında dövlət qulluğunda çalışanların üstünlük təşkil etməsi hətta rəsmi vergi ödəyicisi olan özəl sektor işçilərinin bu şansdan yararlanmasının xüsusi şərtlərlə əngəlləndiyini deməyə əsas verir.

“Güzəştli mənzil” alqı-satqısı haqqında xəbərdə diqqət çəkən digər bir məqam da bu məsələdə aztəminatlılara üstünlük verilmədiyini sübut edir. Belə ki, xəbərə görə, mənzilə sahib olmuş vətəndaşlardan 34-ü mənzili öz vəsaiti hesabına alıb. Yəni, həmin şəxslərin kredit götürməsinə belə ehtiyac olmayıb. Və həmin şəxslərə Agentlik tərəfindən məbləğdə güzəştlər edilib. Qeyd edək ki, burada söhbətin cəmi 152 mənzildən getdiyi nəzərə alınarsa, bu heç də kiçik rəqəm hesab edilməməlidir. 

İqtisadçı Rəşad Həsənov “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, əhalinin yüksəktəminatlı təbəqəsinin “güzəştli mənzil” proqramından istifadə etməsi doğru deyil: “Bu məsələdə sosial qrupların müəyyənləşməsinə ehtiyac var. Amma hazırda müəyyən edilmiş sosial qruplar müzakirə mövzusu ola bilər. Nəzərə almaq lazımdır ki, layihə məhz ödəniş qabiliyyəti əhaliyə hədəflənib. Xüsusi dövlət qulluğunda çalışanlar və s. bu kateqoriyaya daxil edilir ki, bu da öz növbəsində əhalinin ortagəlirli təbəqəsinin bu imkanlardan yararlanmasına şərait yaradır. Az gəlirli əhalinin bu proqramdan yararlanma imkanları məhduddur”. 

İqtisadçı deyir ki, sosial kateqoriyaların müəyyənləşməsi zamanı əhalinin azgəlirlilik səviyyəsi əsas indiqator olaraq müəyyən edilməlidir: “Hazırda isə əhalinin ödəniş qabiliyyəti əsas indiqator rolunu oynayır. Hesab edirəm ki, növbəti dövrlərdə bu istiqamətdə addımların atılmasına ehtiyac var. Əhalinin aztəminatlı təbəqələrinin bu layihəyə çıxışı təmin edilməlidir”.

Bununla belə Rəşad Həsənov bu məsələdə sosial qrupların təyin edilməsini vacib hesab edir: “Sosial qruplar müəyyən olunmasa onun şahidi olacağıq ki, bazardan mənzil alma imkanları olan kifayət qədər insan da yaranmış şəraitdən yararlanacaqlar. Onsuz da mövcud şərtlər altında təklif olunan mənzillərin sayı tələblə müqayisədə aşağıdır. Belə olan halda varlı təbəqənin də bu prosesə cəlb olunması əlçatanlığı daha da zəiflədə bilər. Çünki məlum olur ki, Agentlik nəğd satışlara üstünlük verir, bununla bağlı hansısa qurumlara müraciət edir. Qurumlar da gələcəkdə nəğd alıcılara üstünlük verə bilərlər. Bunun müəyyən əlamətləri da artıq hiss olunmaqdadır. Agentlik bir neçə ay bundan əvvəl belə bir məlumatı ictimailəşdirib ki, nəğd mənzil alıcıları üçün ayrıca hərrac keçiriləcək. Bu diskriminasiya yarada bilər və prosesdə əlçatanlığı aşağı sala bilər. Sosial qruplar müəyyənləşməli, amma bu zaman əsasən əhalinin aztəminatlı təbəqəsinin proqrama çıxışı təmin edilməlidir”.

Xatirə Nəsirova

Tarix: 30-03-2019, 14:22
Xəbəri paylaş





Xəbər lenti