Mətbuat Azadlığı İndeksində Azərbaycan 180 ölkə arasında 166-cı olub

 Sərhədsiz Reportyorlar 2019-cu il üçün yeni indeks açıqlayıblar
Sərhədsiz Reportyorlar (RSF) Təşkilatının açıqladığı 2019-cu il Dünya Mətbuat Azadlığı İndeksində Azərbaycan ötən illə müqayisədə geriləyərək 180 ölkə arasında 166-cı olub. 2018-ci ildə Azərbaycan 162-ci idi.
Bu barədə Azadlıq Radiosu məlumat yayıb.
Hebatın Azərbaycana aid hissəsində “RSF” qeyd edib ki, prezident İlham Əliyev plüralizmin bütün formalarını əzməklə kifayətlənməyib, 2014-cü ildən bəri olub-qalan media tənqidçilərinə qarşı amansız müharibə aparır.
“Müstəqil jurnalistlər və bloqqerlər qısnama, döyülmə, şantaj və rüşvətə boyun əyməyincə absurd ittihamlarla həbs olunurlar. “Zerkalo” və “Azadlıq” qəzetləri kimi müstəqil media iqtisadi baxımdan boğulub. AzadlıqRadiosu zorla bağlanıb. Əsas müstəqil xəbər vebsaytları bloklanıb. Mühacirətdə müqaviməti davam etdirənləri susdurmaq üçün hakimiyyət onların Azərbaycandakı ailə üzvlərinə təzyiq göstərir. Rejim Gürcüstan və Ukraynada jurnalistləri həbs etdirməklə, Fransada məhkəməyə müraciət etməklə repressiyasını ixrac edib. Rejim yalnız təzyiq altında geri çəkilə bilər – belə bir təzyiqə həmişəkindən daha çox ehtiyac var”, – RSF bildirir.
Dünyada media azadlığı ilə bağlı ümumi situasiyaya toxunan təşkilat vurğulayıb ki, jurnalistlərə nifrət zorakılıq formasını alır və bu da öz növbəsində qorxunun güclənməsinə səbəb olub.
“Jurnalistlərin tam təhlükəsizlik şəraitində işləyə biləcəyi ölkələrin sayı azalır, avtoritar rejimlər mediaya nəzarəti gücləndirirlər. Bir çox ölkələrdə siyasi liderlərin jurnalistlərə ifadə etdiyi düşmənçilik tez-tez ciddi zorakılıq forması alır, jurnalistlər üçün qorxu və təhlükə görünməmiş həddə çatıb”.
Azərbaycana qonşu olan ölkələrin indeksinə gəldikdə isə, “Sərhədsiz Reportyorlar” təşkilatı bildirib ki, Rusiya və Türkiyədə müstəqil media orqanlarının təqibi davam edir.
“Türkiyə dünyada peşəkar jurnalistlərin ən çox həbsdə olduğu ölkədir. Həm də yeganə ölkədir ki, Cənnət Sənədləri (Paradise Papers) ilə bağlı reportajlarına görə jurnalist mühakimə olunub”, – qurum bildirir.
Ermənistan 9 pillə irəliləyərək 61-ci yeri tutub. Bu ölkədə “məxməri inqilab”dan sonra hökumətin dövlətə məxsus media üzərində nəzarətinin yumşaldığı bildirilir.
Gürcüstan isə 60-cı yerini qoruyub saxlayıb. Bu ölkədə medianın müstəqil, ancaq xeyli qütbləşmiş olduğu vurğulanır.
“2017-ci ildə Tbilisidə azərbaycanlı dissident jurnalist Əfqan Muxtarlının oğurlanması ilə bağlı aparılan təhqiqat hələ ki ortaya inandırıcı nəticələr qoymayıb. Muxtarlının sirli şəkildə oğurlanması və daha sonra Azərbaycanda həbsi gürcüstanlıları sarsıdıb. Axı, bu ölkə adətən qonşuları üçün bir sığınacağa çevrilmişdi”, – RSF bildirir.
İran dünyada jurnalistləri ən çox həbs edən ölkələrdən biridir, 170-ci yerdə qərarlaşıb.
Azadlıq Radiosu qeyd edib ki, Azərbaycan rəsmiləri hələlik, bu indeksə münasibət açıqlamayıblar.
“Ancaq bir qayda olaraq, hakimiyyət təmsilçiləri ölkədə mətbuat azadlığının tam təmin olunduğunu, heç bir jurnalistin peşəsinə görə təqibə məruz qalmadığını deyirlər”, Azadlıq Radiosunun məlumatında deyilir.
Tarix: 18-04-2019, 22:12
Xəbəri paylaş





Xəbər lenti