Bu gün Ceyhun Bayramovun təhsil naziri təyinatından bir il ötür.
Təhsil ekspertləri Moderator.az-a açıqlamalarında onun bir ilinə qiymət veriblər.
Tanınmış təhsil eksperti Etibar Əliyev hesab edir ki, nazir bu müddət ərzində bir sıra diqqətçəkən addımlar atıb:
"Əlbəttə ki, bir il qısa müddətdir və bu müddətə görə təhsil nazirinin işini qiymətləndirmək bir qədər çətindir. Ancaq etiraf etmək lazımdır ki, bu müddətdə müəyyən işlər görülüb. 2013-cü ildən start verilən bir sıra islahatların davamı oldu. Nazir ictimai sektorun nümayəndələri ilə bir sıra mühüm məsələləri müzakirəyə çıxarmaqla daha rasional qərarların qəbul olunması istiqamətində addımlar atdı. Tələbə köçürmələrində, müəllimlərin işə qəbulunda, direktorların işə qəbulunda demək olar ki, ciddi qüsurlara yol verilmədi. Ceyhun Bayramov xarici ölkələrdə də ölkə təhsilini nümunəvi təmsil edir. Bir ilin içərisində təhsilin inkişafı naminə bir sıra mühüm sənədlər qəbul olunub. Təhsil ekspertləri və ictimaiyyətin tanınmış nümayəndələrinin həmin sənədlərin işlənməsində iştirakı təmin olundu. Dövlət İmtahan Mərkəzinin keçirdiyi sınaq imtahanlarında İctimai nəzarətçi kimi iştirakımız və nəticələrin təhlili onu göstərdi ki, Orta təhsilin keyfiyyətində pozitiv dəyişiklilər davam etməkdədir. Bununla yanaşı təhsillə bağlı keçirilən mədəni-kütləvi tədbirlər də səviyyə etibarı ilə yüksək qiymətləndirilməlidir. Bütün bunlara baxmayaraq dünyada olduğu kimi Azərbaycan Təhsilinin də qarşısında duran ciddi problemlər var. Problemlərin həlli hamımızın iştirakı ilə mümkündür. Bir sıra hallarda məktəblə cəmiyyət arasında gərginliyin olmasına maraqlı qüvvələr vardır. Bunun aradan qaldırılması üçün valideynlərlə müəllimlərin birgə çalışması olduqca vacibdir. Hər hansı xoşagəlməz hallarla bağlı konkret olaraq Nazirliyin rəhbərliyini suçlamaq doğru deyil. Fikrimcə Təhsil naziri təhsilin bütün pillələrində daha çevik və şəffaf idarəçilik metodlarının yaradılması istiqamətində ciddi adımlar atmalıdır.
Əməkdar elm xadimi, professor Şahlar Əsgərov da Ceyhun Bayramovun nazir postundakı 1 il haqqında nikbin danışıb, amma gözləntilərini də dilə gətirib:
"Nazir C. Bayramovla əvvəlki nazir M.Cabbarobla təhsilin strateji məsələlərinə dair birgə proqlamlar hazşrlayıblar. İndi C. Bayramov həmin proqramları həyata keçirir və inkişaf etdirir. Təhsilin bütün sferalarında şəffaf mexanizm, problemlərə çevik reaksiya verilir. Təhsildə əsas keyfiyyət göstəriciləri diqqətdədir. Türkiyə təhsil təcrübəsi diqqət mərkəzindədir. Nazir təklifə açıqdır. Ancaq mənim arzum var. Təhsildə məktəb direktoru və ya universitet rektorları əsas fiqurdular. Bu insanlar məktəbləri, unversitetləri inkişaf etdirməlidirlər. Çox təəssüf ki bütün qurumlar çox vaxt direktorları, rektorları müdafiə edirlər və məktəbi və universitetlər diqqətdən kənar qalır. Arzu edərəm ki, məktəblər, universitetlər çiçəklənsin, idarə edənlər yox".
Tanınmış təhsil eksperti Nadir İsrafilov da nazir haqqında xoş sözlər dilə gətirib:
"Mən hələ bir il bundan qabaq - uzun müddət boş qalmış Təhsil Naziri postuna təyinat edilən zaman Təhsil nazirinin birinci müavini olan və Mikayıl Cabbarovun Vergilər Naziri təyin edilməsindən sonra Təhsil Naziri səlahiyyətlərini icra edən Ceyhun Bayramov Nazir kimi təsdiqlənərkən mətbuata açıqlamamda bildirmişdim ki, Ceyhun Bayramovun namizədliyi daha real görünürdü və gözlənilən idi.
Və bu gün də öz əvvəlki mövqeyimdə qalıram ki, hazırda təhsilə dair strategiyamız hazırlanıb, məqsədimiz müəyyənləşdirilib, vəzifələrimiz aydınlaşıb, sistemin daha da optimallaşdırılması və rasionallaşdırılması üçün konkret hədəflərimiz dəqiqləşib.“Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planında Strateji hədəflər üzrə tədbirlərin həyata keçirilməsi üçün zəruri əsaslar, icra müddəti və icraçılar belə təsdiqini tapıb. Bircə qalır, “Fəaliyyət planı”nın icrasına ciddi nəzarətin həyata keçirilməsi və bu prosesin təmin edilməsində Təhsil Nazirliyi aparatı və təhsili idarəetmə sisteminin digər yuxarı eşelonlarında vakant olan yerlərə səriştəli, təhsili bilən və bu sahə ilə bilavasitə bağlı olan peşəkar kadrların seçilib yerləşdirilməsi, mobil və işgüzar komandanın formalaşdırılması.
İqtisadçı və hüquqşünaslıq ixtisasları üzrə əsaslı biliklərə yiyələnən, idarəetmə sahəsində müxtəlif vəzifələrdə kifayət qədər təcrübəyə malik, ən başlıcası isə 2013-cü ilin avqust ayından Təhsi nazirinin müavini kimi məsul vəzifə daşıyan Ceyhun Bayramov ona göstərilən etimadı layiqincə doğruldacaq. Təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsində köklü islahatların aparılması, təhsilimizin taleyüklü poblemlərinin həlli istiqamətində öz hərtərəfli bilik və bacarıqlarını, idarəetmə sahəsində qazandığı təcrübəsini əsirgəməyəcək. Bunun üçün o istər nəzəri, istərsə də lazımi praktiki potensiala malikdir...
Əsirgəmir də... Ölkəmizin mövcud reallıqları, habelə beynəlxalq təcrübə nəzərə alınmaqla Təhsil Qanunvericiliyimizin təkmilləşdirilməsi və yeniləşdirilməsi sahəsində irəliyə doğru nəzərəçarpacaq bir dönüş müşahidə olunmaqdadır. Başqa sözlə desək təhsilimizdə gedən inkişafyönlü prosesləri, əldə olunan yüksək göstəriciləri və qazanılan uğurları görməmək və qiymətləndirməmək hec bir halda başadüşülən deyil. Ümumiyyətlə isə, gəldiyim qənaət budur ki, təhsil sahəsindəki uğur və nailiyyətləri görməmək və qiymətləndirməmək ən azı ədalətsizlikdən başqa bir şey deyildir. Bir də ki, təhsil sahəsində mövcud olan müəyyən problemləriı bilavasitə Nazirin adl ilə bağlamaq, onun fəaliyyəti ilə əlaqələndirmək kimi yanlış tendensiyadan nəhayət ki əl çəkmək vaxtı gəlib çatıb.
Bununla belə, “Strategiya”da da qeyd edildiyi kimi təhsilin idarə olunmasında başlıca problemlərdən olan tənzimləmə, idarəetmə və nəzarət funksiyalarının dəqiq müəyyən edilməsi, təhsil müəssisələrinin idarəetmədə rolu ilə bağlı olan məhdudiyyətlərin aradan qaldırılması, dövlət təhsil müəssisələrinin maliyyə müstəqilliyinin təmin edilməsi, təhsil müəssisələri rəhbərlərinin tədrisin nəticələrinə görə məsuliyyətinin artırılması, peşəkarlığa əsaslanan stimullaşdırıcı əmək haqqı sisteminin yaradılması və bir çox sahələrdə hələ də həllini gözləyən məsələlər var ki, bu istiqamətdə işlər ardıcıl və sistemli şəkildə davam etdirilməlidir. Unutmayaq ki, təhsil həm də çoxsahəli və çoxaspektli əməkdaşlıq sahəsidir".
Tarix: 23-04-2019, 21:22