Sosial sahədə inqilabi addımlar: nəticələr, gözləntilər - TƏHLİL

Sosial sahədə inqilabi addımlar: nəticələr, gözləntilər
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən əsası qoyulan və Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində ölkəmizdə dayanıqlı iqtisadi artımın təmin olunması, çoxşaxəli sosial proqramların reallaşdırılması davam edir. Xüsusilə 2019-cu ildən sosial müdafiə sistemi yeni inkişaf mərhələsinə qədəm qoyub. İlin əvvəlindən dövlət başçısının əhalinin bütün təbəqələrinin sosial vəziyyətinin yaxşılaşdırılmasını nəzərdə tutan fərman və sərəncamları da bunu deməyə əsas verir.

Hələ ötən ilin mart ayından Azərbaycan Prezidentinin sərəncamlarına uyğun olaraq əhalinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə ölkədə sosial müavinətlərin, təqaüdlərin və digər sosial ödənişlərin orta hesabla 10 faiz artırılması təmin olunub, dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışan işçilərin əməkhaqları da 10 faiz artırılıb. Bu tədbirlərin maliyyələşdirilməsi üçün dövlət büdcəsində əlavə olaraq 446,0 milyon manat təminat yaradılıb. Sosialyönlü siyasətin digər vacib istiqamətləri kimi qaçqın və məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi və yaşayış şəraitinin yaxşılaşdırılması üçün 2018-ci ilin icmal və dövlət büdcələrindən üst-üstə 436 milyon manat, sosial mənzillərin tikintisi və güzəştli ipoteka proqramının davamı üçün müvafiq olaraq 100 və 50 milyon manat vəsait ayrılıb.

Ötən il dövlət büdcəsi xərclərinin 31,7 faizi və ya 7 milyard 197 milyon manatı sosialyönlü xərclərin payına düşür ki, bu da 2017-ci illə müqayisədə 506 milyon manat və ya 7,6 faiz çoxdur.

2018-ci ildə sosial müdafiə və aktiv məşğulluq tədbirlərinin gücləndirilməsi ilə yanaşı, sosial sahədə xidmətlərin vahid mərkəzdən şəffaf, operativ və əlçatan şəkildə təşkilinə yönələn mühüm islahatlar ili olub. Bu siyasət cari ildə tam gücü ilə davam etdirilib. Bu mənada Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə sosial xidmətlərin vahid platforma və “bir pəncərə”dən, şəffaf və vətəndaş məmnunluğu şəraitində göstərilməsi məqsədilə Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi və “DOST” mərkəzlərinin yaradılmasını qeyd etmək olar. DOST layihəsi ilə əmək, məşğulluq, sosial müdafiə və təminat sahələrində xidmətlər “bir pəncərə”dən operativlik, şəffaflıq, nəzakətlilik, vətəndaş məmnunluğuna nail olunması prinsipləri əsasında təqdim ediləcək, ölkəmizin sosial xidmətlər sahəsində yeni brendi formalaşacaq. İlk “DOST” mərkəzi yaxın vaxtlarda Bakı şəhərinin Yasamal rayonunda açılacaq. Ümumilikdə 2019-2025-ci illərdə Bakı və ölkəmizin regionlarında 31 belə mərkəz yaradılacaq.

Sosial müdafiənin gücləndirilməsindən danışarkən, ilk növbədə, maaşların artırılmasını qeyd etmək olar. Prezident İlham Əliyevin 8 fevral 2019-cu il tarixli sərəncamı ilə minimum əməkhaqqının artırılması respublikamızda əhalinin rifah səviyyəsinin yaxşılaşdırılması istiqamətində növbəti mühüm addım oldu. Minimum əməkhaqqının məbləği 2019-cu il martın 1-dən 50 manat (38,4%) artırılaraq 130 manatdan 180 manata çatdırıldı. Bununla da ölkəmizdə minimum əməkhaqqının yaşayış minimumuna (180 manat) çatdırılması təmin edildi. Minimum əməkhaqqının artımı birbaşa olaraq 600 minədək insanı əhatə etdi. Onlardan dövlət sektorunda işləyən 450 min nəfərin əməkhaqqında 30 faiz, özəl sektorda işləyən 150 min nəfərin əməkhaqqında isə 25 faiz artım oldu.

Prezident İlham Əliyevin həmin sərəncamı ilə əmək pensiyasının minimum məbləği isə 38,5 faiz artırılaraq 160 manata çatdırıldı. Minimum pensiya məbləğinin artırılması 233 min pensiyaçını (o cümlədən, 140 min nəfər əlilliyə görə pensiya alan vətəndaşı) əhatə etdi. Onlardan 9 min nəfərin pensiyasında 93 faiz, 26 min nəfərin pensiyasında 30 faiz, 74 min nəfərin pensiyasında 16 faiz və s. artımlar edildi. Minimum pensiya məbləğinin martın 1-dən orta hesabla 40 faiz artırılması pensiya təminatında ciddi irəliləyişə imkan verdi. Bu mühüm addım nəticəsində Azərbaycan alıcılıq qabiliyyəti indeksi (PPP) üzrə minimum pensiyanın məbləğinə görə artıq MDB məkanında ilk iki yeri bölüşür. Həmçinin bununla minimum pensiya məbləği ölkəmizdə pensiyaçılar üçün müəyyən olunan yaşayış minimumunu (149 manat) 7,3 faiz üstələyir.

Artıq Azərbaycanda pensiyalar avtomatlaşdırılmış qaydada təyin olunur. Bu sistem cari ildə pensiya yaşı çatanlardan 36 min insana və ya il ərzində pensiya yaşı çatacaq şəxslərdən 70 faizinə şamil olunacaq. 2019-cu ilin əvvəlindən pensiya təyinatı sahəsində həyata keçirilən islahat tədbiri bu sahədə vətəndaş-məmur təmasının və süründürməçilik, eləcə də digər neqativ halların baş vermə ehtimalının aradan qalxmasına, şəffaf və çevik pensiya təyinatı sisteminin qurulmasına, pensiyalarda artımın edilməsinə, nəticə etibarilə vətəndaş məmnunluğuna səbəb olub.

Prezident İlham Əliyev aprelin 30-da Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirdi ki, bundan sonra da minimum əməkhaqqı, minimum pensiya və digər sosial müavinətlərin artırılması nəzərdə tutulur.

Ümumiyyətlə, vətəndaşların əmək hüquqlarının qorunması, işçilərin maddi-sosial tələbatlarının ödənilməsi, layiqli həyat səviyyələrinin təmin edilməsi aparılan uğurlu sosial-iqtisadi siyasətin əsas istiqamətlərindəndir. Son 15 ildə Azərbaycanda əməkhaqları 7 dəfə, eləcə də minimum əməkhaqları 6,5 dəfə artırılıb.

Bundan başqa, Prezident İlham Əliyevin tapşırığı ilə cari ildə yaşa görə sosial müavinətin məbləği 130 manata, sosial müavinətin məbləği I qrup əlilliyə görə 150 manata, II qrup əlilliyə görə 130 manata, III qrup əlilliyə görə isə 110 manata, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara sosial müavinətin məbləği 150 manata, ailə başçısını itirməyə görə sosial müavinətin məbləği 80 manata, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) sosial müavinətin məbləği 100 manata, müddətli həqiqi hərbi xidmət qulluqçularının uşaqlarına sosial müavinətin məbləği 100 manata, beşdən çox uşağı olan qadınlara sosial müavinətin məbləği hər uşaq üçün 55 manata, uşağın anadan olmasına görə sosial müavinətin məbləği 200 manata, dəfn üçün ödənilən sosial müavinətin məbləği 300 manata çatdırıldı və s.

Əhalinin sosial müdafiəsindən danışarkən şəhid ailələrinə, müharibə əlillərinə daimi diqqət və qayğını xüsusilə vurğulamaq lazımdır. Təsadüfi deyil ki, 2018-ci ildə keçirilən prezident seçkilərində inamlı qələbəsindən sonra Prezident İlham Əliyevin imzaladığı ilk fərman şəhid ailələrinə birdəfəlik ödəmənin (11 min manat) verilməsi ilə bağlı oldu. İctimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanan bu qərar bir daha təsdiq etdi ki, həmin ailələrin sosial müdafiəsinin yaxşılaşdırılması dövlət başçısının uğurlu siyasətinin başlıca məqsədlərindən biridir. Dövlət başçısının müvafiq fərmanlarına əsasən, ümumilikdə 12 268 şəhidin vərəsələrinin birdəfəlik ödəmə almaq hüququ müəyyən edilib. Ötən dövrdə onlardan artıq 6338 şəhidin 9276 vərəsəsinə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olunub. 2019-cu il ərzində digər vərəsələr də birdəfəlik ödəmə ilə təmin ediləcək.

Şəhid ailələrinin və müharibə əlillərinin mənzillə təminatı da uğurla davam edir. 1997-ci ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə başlanan proqram ildən-ilə genişlənib və 6654 ailəyə mənzillər təqdim edilib. 2019-cu ildə isə həmin vətəndaşlara azı 800 mənzilin təqdim olunması nəzərdə tutulur. Eləcə də müharibə əlillərinin minik avtomobilləri ilə təminatı davam edir. Belə ki, 2019-cu ildə əlavə 400-dən artıq avtomobil alınacaq, nəticədə bu il müharibə əlillərinə nəzərdə tutulandan 3 dəfə çox, yəni 600-dək avtomobil veriləcək. Xatırladaq ki, müharibə əlillərinə ötən il 265 avtomobil, bu vaxta qədər isə 6144 avtomobil verilib.

Ağrılı problemimiz olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində qaçqın və məcburi köçkün vəziyyətinə düşən həmvətənlərimiz də dövlət qayğısı ilə tam əhatə olunub. Təsadüfi deyil ki, bu kateqoriyadan olan insanlar hər il mənzillərlə təmin edilir, müavinətləri artırılır. Elə cari ildə məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün aylıq müavinətin 50 faiz artırılaraq 60 manata çatdırılması buna əyani sübutdur. Bu, 500 mindən çox məcburi köçkünün rifahına mühüm dəstək verdi.

Azərbaycan Prezidentinin təşəbbüsü ilə həyata keçirilən özünüməşğulluq proqramı 2018-ci ildə 6,5 dəfə genişlənib, 7267 nəfər biznes planlarını uğurla müdafiə edib. 5000-dən çox ailə aktivlərlə təmin olunub və kiçik ailə təsərrüfatlarını yaradıb. Özünüməşğulluq proqramına müraciət edənlər arasında digər həssas qruplarla yanaşı, şəhid ailələri və müharibə əlillərinə də üstünlük verilir. Təkcə ötən il 100-dək şəhid ailəsi, mindən çox əlilliyi olan şəxs bu proqrama cəlb olunaraq aktivlərlə təmin olunub.

Prezident İlham Əliyevin 28 fevral 2019-cu il tarixli fərmanı devalvasiyanın təsirlərini aradan qaldırmağa və problemli kreditlərin həllinə də şərait yaratdı. Bu addım ölkənin sosial həyatı üçün olduqca mühüm olan, 800 mindən artıq insanın problemli kredit narahatlığını aradan qaldırdı, Azərbaycan Prezidentinin yüksək humanizmini, onun daim ölkə vətəndaşının yanında olduğunu bir daha nümayiş etdirdi.

Məlum olduğu kimi, 2019-cu il aprelin 6-da saat 03:30-da Bakı şəhərində ölkənin 10 milyonuncu sakini doğuldu. Dünyanın bir çox ölkəsində əhali sayında azalma müşahidə edildiyi halda, Azərbaycanda əhalinin artımının davam etməsi Prezident İlham Əliyevin sosial-iqtisadi inkişaf strategiyası nəticəsində bütün sahələrdə mühüm tarixi nailiyyətlərə imza atan, iqtisadi qüdrətini artıran, sabitlik, təhlükəsizlik, əmin-amanlıq məkanı olan ölkəmizdə sosial rifah səviyyəsinin də davamlı olaraq yaxşılaşdığını göstərir. Bu amillər isə demoqrafik inkişaf üçün vacib şərtlər sırasındadır.

Beləliklə, ötən dövr ərzində Prezident İlham Əliyevin sosial islahatlar paketi 3 milyon vətəndaşın rifahında əhəmiyyətli rol oynayan mühüm addımların atılmasına imkan verib. Bu dövrdə dövlət başçısının imzaladığı fərman və sərəncamların mühüm bir hissəsi məhz əhalinin sosial müdafiəsinin əhəmiyyətli şəkildə gücləndirilməsi, sosial sahə üzrə müasir, şəffaf, çevik, optimal idarəçilik və xidmət mexanizmlərinin formalaşması məramına istiqamətlənib.

Bütün bunlar Azərbaycan Prezidenti İlham Əliyevin siyasi fəaliyyətində məhz insan, vətəndaş amilinin, ölkədə sosial rifah və sabitliyin təminatının əsas yer tutduğunu bir daha təsdiq edir.

Əhalinin sosial müdafiəsinin gücləndirilməsində atılan bu inqliabi addımları və Prezident İlham Əliyevin əhalinin sosial rifahının yüksəldilməsi istiqamətində davamlı fəaliyyətini nəzərə alaraq artıq indidən 2019-cu ili sosial sahədə "İnqilabi islahatlar ili” adlandıra bilərik.

Dövlət başçısının da qeyd etdiyi kimi, heç şübhəsiz ki, 2019-cu il sosial inkişaf, əhalinin sosial müdafiəsi baxımından başqa illərdən fərqlənən il olacaq.
\\trend.az\\ 
Tarix: 1-05-2019, 10:46
Xəbəri paylaş





Xəbər lenti