Ramazanda oruc tutanlar necə qidalanmalıdır?
Ramazan isti aylara təsadüf olunduğundan insanlar 17 saatlıq müddəti rahat keçirmələri üçün bəzi tövsiyələrə əməl etsələr yaxşı olar.

Nutrisioloq-dietoloq Amaliya Rəhimova açıqlamasında deyib ki, fizioloji baxımdan həzm sistemi sutkanın məhz işıqlı vaxtı aktiv olur. Buna görə də orucluğun 2 öyünün elmi əsaslara söykənərək bölmək həzmin rahat getməsinə, çəkinin stabilliyinə səbəb olacaq. Buna necə nail ola bilərik? İftarı çox yüngül, su-meyvə-tərəvəzli edib, əsas qida qəbulunu imsaka salmaqla. Bu zaman axşam qəbul edilmiş qida iştah baxımından imsaka əngəl törətməyəcək, eyni zamanda, səhərin açılmasına az qalmış yeyilmiş hətta ağır yemək daha rahat həzm olub, gün ərzində orqanizmi bol enerji ilə təmin edəcək.

Gün ərzində uzun müddət susuz qalmaq aclıq qədər önəmlidir. Oruc tutanları düşündürən məsələlərdən biri də susuzluğun qarşısını almaqdır.

Həkim dietoloq Amaliya Rəhimova deyib ki, iftarda çox ağır yemək olmadıqda kifayət qədər həm su, həm meyvə, həm də tərəvəzli salatlar istifadə etmək olur. İmsaka isə tez durmaq lazımdır ki, yedikdən həm 10 dəqiqə əvvəl, həm də 30-40 dəqiqə sonra bir neçə stəkan su və çay içməyə zaman yetsin.

Qastroenteroloq Habil Hüseynov deyib ki, həzm sisteminin düzgün çalışması üçün imsaqda mütləq yüngül qida qəbulu və su içmək məsləhətdir. Gün ərzində ehtiyacımız olan maye və qida qəbulu var. Biz həmin normanı bir dəfəyə sığışdırmamalıyıq. Yaxşı olar ki, həm imsaq, həm də iftarla bu norma bölünərək qəbul edilsin. Səhər yeməyində duzlu pendir, ağır şirniyyat, kofeinli içkiləri az qəbul etmək yaxşıdır. Çay, kofe əvəzinə təmiz su için, çünki çay və kofenin sidikqovucu xüsusiyyəti var, tez susamağa səbəb olur. İmsaqda yumurta, meyvə, zeytun, duzsuz pendir istehlak edilməlidir. Yaxşı olar ki, orucu 2, 3 stəkan su ilə tutasınız. Şəkərli, qazlı içkilər tövsiyə olunmur. İftarı da su ilə açmaq lazımdır. Başlanğıc yeməklə əsas yemək arasında 15 dəqiqə fasilə olmalıdır. Tərəvəz yeməkləri, qaynadılmış təamlara üstünlük verilməlidir. Mümkün qədər iftarda çeşidi azaltmaq lazımdır. Ən əsası isə orqanizmin ehtiyacı olan mayeni qəbul etməliyik (2-2.5 l).

Metbuat.az