Əhalini yoxsulluqdan necə çıxarmalı... - TƏHLİL


Əhalini yoxsulluqdan necə çıxarmalı...
Dünyada baş verən iqtisadi təlatümlər,neft istehsal edən ölkələrin gəlirlərinin azalması müəyyən alternativ addımların atılmasını zəruri etdi.
Respublikamızda da bu istiqamətdə müəyyən işlər görüldü. Amma bütün hallarda görülən və həyata keçirilməsi nəzərdə tutulan işlərə baxmayaraq, süni qiymət artımına qarşı mübarizə tədbirləri hələ də ictimaiyyəti qane etmir.Sosial sifariş olan bu məsələ əslində ölkə Prezidenti İlham Əliyevin gördüyü təqdirəlayiq işlərə də kölgə salır. Yəni,bir tərəfdən vətəndaşların sosial rifah halının yaxşılaşdırılması üçün pensiyalar, maaşlar, təqaüdlər qaldırılır,müxtəlif zəruri işlər görülür, digər tərəfdən yaşayış səviyyəsini əngəlləyən süni qiymət artımları insanların dolanışığına maneə və əngəl yaradır.

Süni qiymət artımına qarşı mübarizə tədbirləri çərçivəsində məsələyə birbaşa məsul olan İqtisadiyyat Nazirliyi Antinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin fəaliyyəti isə hiss olunmur. Əslində bu qurumu işləməyə sövq etməli olan İqtisadiyyat naziri Şahin Mustafayevin süni qiymət artımına qarşı mübarizə tədbirləri çərçivəsində fəaliyyəti nəzərə çarpmır,bu məsələ prioritet hesab edilmir,buna dair proqramın mövcudsuzluğu açıqca sezilir. Ən azından son illərdə KİV-lərdə sözügedən məsələ ilə bağlı müsbət nümunələrə rast gəlmirik.Müqayisə üçən yeni yaradılmış qurumun-Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) fəaliyyətinə diqqət yetirmək kifayətdir.

Bakıda irili, xırdalı market və supermarketlərdə bu və ya digər şəkildə süni qiymət artımı baş verir. Kimlər cərimələnir, ictimai qınağa səbəb olur, o da bəlli deyil. Bayramların təsadüf etdiyi aylarda isə istehlakçıların gileyi ərşə qalxır. Vəziyyətin kim(LƏR)in ziyanına işləməsi barədə isə heç kim düşünmür. Ara-sıra İqtisadiyyat Nazirliyinin bəzi rəsmilərinin “ərzaq təhlükəsizliyinin təmin edilməsi”, “yoxsulluq səviyyəsinin 5 faizdən aşağı endirilməsi” barədə fikirləri istisna olmaqla bu nazirliklə bağlı hər şeyin bitib-tükəndiyi müşahidə olunur.Amma kiçik bir araşdırmadan aydın olur ki, son aylar ümumiyyətlə İqtisadiyyat Nazirliyi Antinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti marketlərdə, supermarketlərdə və digər aidiyyəti yerlərdə qiymətlərin manitorinqini aparmamış kimi görünür. Mövcud vəziyyət isə haqlı narazılığa səbəb olur, İstehlakçıların İqtisadiyyat Nazirliyindən narazı düşməsinə əsas yaradır. Siyahı tərtib etmək, bütün böyüklü-kiçikli marketlərdə süni qiymət artımından bəhs etmək,bu barədə onlarla nümunə gətirmək olar. Amma görünən odur ki, nazirlik qiymətlərin monitorinqini aparmaqda maraqlı tərəf kimi görünmür.Belə olanda isə bütün yağ növlərinin qiyməti düşmür,çörəklə bağlı məsələ tənzimlənmir,qiymətlər “od tutub,əl yandırır”. Nəticədə də maaşlar, pensiyalar, təqaüd və müavinətlərin artırılması istehlakçılar üçün yetərli olmur.Təsadüfi deyil ki,Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Azərbaycan Prezidenti İlham Əliyev bu məsələyə xüsusi toxundu. Sitat:" İndi istehlak bazarına nəzarət edən qurumlar bunu görür. Maaşlar, müavinətlər artır, problemli kreditlərlə bağlı ödənişlər başlamışdır. Ancaq biz imkan verə bilmərik ki, bundan hansısa natəmiz adamlar, möhtəkirlər istifadə etsinlər, qiymətləri süni şəkildə qaldırsınlar, yaxud da ki, hansısa bir inhisarçılıqla məşğul olsunlar. Ona görə istehlak qiymətlərinə daim nəzarət olmalıdır. Süni qiymət artımına qətiyyən yol verilməməlidir. Müvafiq qurumlar bu işlərlə çox ciddi məşğul olmalıdırlar”.

Hazırda gündəmi məşğul edən məsələlərdən biri də maye qazın limiti ilə bağlıdır.Düzdür, son günlər Tarif Şurası qazın limitini 1700 kubdan 2200 kuba qaldırdı.Ancaq bunun da yetərli olmayacağı ilə bağlı ekspertlər,eləcə də millət vəkilləri fikirlər səsləndirməkdədirlər.

Yeri gəlmişkən,onu da vurğulayaq ki, internet üzərindən axtarış verəndə İqtisadiyyat naziri Şahin Mustafayev Tarif Şurasının sədri olaraq maye qazın qiymətinin kəskin qalxmasının səbəbkarı kimi xarakterizə olunur. Belə ki, 2016-cı ilin dekabr ayında maye qazın qiymətinin kəskin qalxmasına dair İstiqlal.az xəbər verirdi ki, SOCAR prezidenti Rövnəq Abdullayev iclasdankənar söhbətində bildirib ki, kəskin qiymət artımı müşahidə olunmaması səbəbi ilə SOCAR maye qazın illik istehlak həcminin 1700 kub metrdən çox olan hissəsi üçün 13 qəpik müəyyən edilməsini təklif edib. Ancaq onlara bəlli olmayan səbəblərdən Tarif Şurası diferensial tarifi 20 qəpik müəyyən edib. Saytın məlumatına görə, R.Abdullayev bildirib ki, 13 qəpik çox yaxşı göstərici idi, hətta onları 12 qəpik belə qane edirmiş.

Göründüyü kimi, sonrakı illərdə məlum oldu ki, maye qazın illik istehlak həcminin 1700 kubmetrdən çox olan hissəsi üçün qiymətin 20 qəpik müəyyən edilməsi SOCAR-ın iqtisadi dayanıqlığının qorunmasını təmin etdi, investisiyaların ayrılmasını mümkünləşdirdi.Lakin orta sahibkarlığı yox etdi, təmərgüzləşmənin nəticəsində vahid mərkəzlərdə birləşdirilən istehsalın bazara diqtəsi kəskin qiymət atrımına yol açdı. Bu isə yanlış iqtisadi siyasət kimi hələ də işsizlərin timsalında fəsadlarını verməkdədir.

Bütün bunlar və digər əmsallar deməyə əsas verir ki, əgər aidiyyatı qurumlar əhalinin aztəminatlı təbəqəsinin yaxın gələcəkdə daha acınacaqlı duruma düşməsini istəmirlərsə, nəzərə almalıdırlar ki,Prezident İlham Əliyevin maaşları, pensiya, təqaüd və müavinətləri qaldırması kifayət etməyəcək. Ona görə də bu islahatlara paralel olaraq İqtisadiyyat Nazirliyi Antinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti, şəxsən nazir Şahin Mustafayev süni qiymət artımına qarşı barışmaz mövqe sərgiləməlidir.
Faktinfo.az
 
Tarix: 4-05-2019, 09:48
Xəbəri paylaş





Xəbər lenti