Hər il bu vaxtlar, daha dəqiqi, hər 355 gündən bir ölkəmizdə tolerantlıq büsatı xeyli dərəcədə pozulur.
Bu, ona görə baş verir ki, Ramazan ayı başlayır və məmləkətin dindar kəsimi ilə ateistlər arasında mübahisə düşür.
Səngərin bir tərəfində qatı dindarlar, o biri tərəfində qatı ateistlər durur. Ölkənin mötədil möminləri, eləcə də oruc tutub, namaz qılmasalar da, özlərini inanclı sayan şəxslər bu cür mübahisələrə qarışmırlar.
Bu cür qarşılıqlı dözümsüzlük ondan xəbər verir ki, əslində ölkədə gerçək tolerantlıq yoxdur, insanları öz səngərlərində saxlayan amil dövlətin qanunlarıdır.
“Öz səngərlərində saxlayan” dedikdə tərəflərin bir-biri ilə fiziki dava-dalaşa keçməməsi, eləcə sosial şəbəkədə söz atışması ilə kifayətləndiyi nəzərdə tutulur.
Dövlət orqanları bu xüsusda boşluğa, arxayınlığa yol versələr, sözsüz ki, sözləri çəpləşən, bəzən isə emosiyalarını boğa bilməyib söyüşən tərəflər bir-biri ilə küçə davasına da çıxarlar.
Belə çıxır ki, bizdəki tolerantlıq dövlət nəzarətindədir və belə olması zəruridir.
Odur, xəbər yayılıb ki, İranda oruc tutmadığını deyən adamlar cəzalandırılacaq. Tehranın polis rəisi Hüseyn Rəhimi deyib ki, polis onlarla qanun çərçivəsində davranacaq. Bununla belə, rəis oruc tuta bilməyən vətəndaşlara güzəşt olunduğunu da bildirib, sadəcə, onlar bunu bəyan etməməlidirlər.
Əlbəttə, bir çoxları istərdi ki, bizdə də elə olsun, kafe və restoranların fəaliyyəti səhərdən axşam düşənə qədər qadağan olunsun. Amma şəriət qanunları ilə idarə olunmayan dünyəvi dövlətlərdə bunu etmək mümkün deyil.
Dindarlığı ilə seçilən Türkiyə cəmiyyətində belə bu sayaq qadağalar yoxdur. Burada oruc tutmayanlara, Ramazan ayında gündüz vaxtı qida qəbul edənlərə münasibət ictimai qınaq şəklindədir. Hər il milyonlarla turistin on iki ay boyunca Türkiyənin iri şəhərlərini ziyarət etməsi nəzərə alınsa, Ramazanda kafe-restoranların bağlanması ölkənin turizm sektorunu çökdürə bilər.
Əslində isə dini etiqad azadlığından danışa-danışa inzibati qadağalar tətbiq etmək doğru deyil. Bu, elə məsələdir ki, insanlar azad buraxılmalıdır: kim istəyir, orucunu tutsun, namazını qılsın, ibadətini etsin, kim də istəmir, etməsin.
Dövlət bu məsələyə total nəzarət eləsə, vətəndaşların hamısını ucdantutma mömin etməyə çalışsa, bu, heç bir halda səmimi möminlik olmayacaq. Sadəcə, insanlar cəzalanmamaq üçün riyakarlıq edəcək, özlərini ibadət edirmiş kimi göstərəcək, daxillərində isə bu totalitarizmdən narazı qalacaq.
Təəssüf ki, şəriət rejimlərinin hökm sürdüyü, dindar kəsimin siyasi qüdrətə malik olduğu müsəlman ölkələrində dini ibadət və ayinlərin keçirilməsi diktat şəklində olur. Bu ölkələrdə ibadət etməyənlər təqib olunur, “kafir” adlandırılır. Bu isə, nəinki ölkə insanlarında, hətta xarici ölkələrdə də polemika mövzusuna çevrilir.
Bir çox ölkələrdə ateistləri (bu da onların inancıdır) fəallaşdıran məhz bu amildir. Onlar buna insan azadlıqlarının məhdudlaşdırılması, cilovlanması hadisəsi kimi baxırlar.
Ona da təəssüf ki, ateistlər arasında da hər şeyə rişxənd edən, qeyri-ciddi məcraya yönəldən, insanların inancını ələ salan, tolerantlıqdan uzaq adamlar var. Onların müxtəlif səpkili şərhləri isə möminlərin heysiyyətinə toxunur, onlar dini hisslərinin təhqir olunduğu qənaətinə gəlirlər və sərt reaksiyalar verirlər.
Azərbaycan dünyəvi dövlətdir, burada hər kəsin öz dini ibadətlərini sərbəst şəkildə icra etmək hüququ olduğu kimi, mömin olmayanların da dini ayinləri icra etməmək hüququ var. Eyni zamanda dini inancının bilərəkdən və ağır şəkildə təhqir olunması, o cümlədən dini hisslərin qızışdırılmasına cəhd də qanunla qadağandır, müvafiq cəzalar nəzərdə tutur.
Ona görə də dindar olmasını hər dəqiqədə gözə soxaraq bundan təbliğat üçün istifadə edənlər də, dindar olmadığını vurğulayaraq, anti-din təbliğatı aparanlar da dövlətin qanunlarına, mənəvi-etik normalara riayət etməlidirlər. Tərəflər bilməlidirlər ki, əldə yanan kibrit çöpü ilə barıt anbarına girməzlər.
Təcrübə göstərir ki, namaz qılan, oruc tutan, ibadətini ötürməyən dindarla uzun illərin dönməz ateisti dost ola, normal müzakirələr apara bilirlər. Bu, onların ikisinin də öz hədlərini bildikləri zaman olur.