Morqa çevrilən 3 klinikadan qandonduran faktlar - Səhiyyə Nazirliyinin menyusuna...


Morqa çevrilən 3 klinikadan qandonduran faktlar
Azərbaycan səhiyyəsi nasistlərin ölüm düşərgəsinə, morqa oxşayır. Xəstəxanaları, klinikaları sallaqxanaya çevirən Səhiyyə Nazirliyi bu qorxunc vəziyyətlə bağlı bir addım da atmır: həkim səhlənkarlığı, yanlış diaqnoz, xəstələrin şikəst edilməsi, ana və uşaq ölümləri normativə çevrilib.

Buna görə nə həmin həkimlər cəzalandırılır, nə klinika barəsində ölçü götürülür. Nazirlik absurd şəkildə bəyan edir ki, özəl klinikaların işinə, qiymət siyasətinə müdaxilə etmək səlahiyyəti yoxdur.

Sanki kənd təsərrüfatı naziri özəl klinikalara nəzarət etməlidir. Halbuki, bu klinikaların hər birinin arxasında biznesmenlər, məmurlar, deputatlar, nazirlər dayanır.

Nazir Oqtay Şirəliyev isə ölkədə tibbi vəziyyəti o yerə çatdırıb ki, insanlar bu səhiyyəyə etibarı qalmayıb, hamı İrana, Gürcüstana, Türkiyəyə üz tutur.

Reportyor.info xəbər verir ki, təkcə may ayında 3 özəl klinikada baş verənlər həyəcan təbili çalmağa əsas verir.

Onlardan biri əvvəlki adı “Grand”, indi EGE hospitalından şikayətdir. Vətəndaş Gülşən Qurbanova deyir ki, yoldaşını bu klinika gözdən kor eləyib:

“Yoldaşımı kor elədilər yola saldılar. Hələ deyirlər ki, yaxşı eləmişik. Evimi-eşiyimi satdım, hər şeyimdən oldum ki, yoldaşımı sağaltsınlar. Gözünü kor edib verdilər.

Evimizi satdıq, 20-22 min düzəltdik. Bir ay oldu, dedilər 5 min ver, iynə vuraq, ya da hospitaldan çıxmalısınız. Günə 1500 EGE-yə ödəyirdik. Evə gətirdik, gördük kişinin gözünün suyu axır. Hara şikayət ediriksə xeyri yoxdur, EGE deyir ki, bizə heç nə edə bilməzsiniz”.

G.Qurbanova və əri özəl klinikanın qurbanı olan ilk deyillər. Mayın 3-də Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi 51-də yerləşən “German Hospital”da doğulmuş körpə ölüb.

1986-cı il təvəllüdlü Cəfərova Samirə Hüseynağa qızı aprelin 23-də doğuş üçün adıçəkilən hospitala yerləşdirilib və qeysəriyyə əməliyyatı ilə oğlan uşağı dünyaya gətirib.

Aprelin 26-da isə uşaq hospitalda dünyasını dəyişib.“German Hospital” heç bir izahat vermir ki, uşaq niyə tələf olub.

Bu da son deyil. 117 saylı orta məktəbin müəllimi, 40 yaşlı Lətafət Xanoğlan qızı Şirəliyeva bu ilin martın 2-də “Baku Medical Plaza” klinikasının Babək filialında qeysəriyyə əməliyyatı ilə körpə dünyaya gətirib.

Amma 12 illik övlad həsrətinin sevinci cəmi 10 gün çəkib, qadının qarnı şişib, hərarəti yüksəlib, şiddətli baş ağrıları başlayıb.

Buna görə də təkrarən əməliyyatı həyata keçirən həkim-ginekoloqun, Türkiyədən gəlmiş doktor Cəlaləddin Örnəkin qəbuluna gedib.

Əməliyyatdan sonra xanımın əri Baba Şirəliyevə bildiriblər ki, heç demə onun həyat yoldaşının kor bağırsağı partlayıbmış və nəticədə iltihab qarın boşluğuna yayılıb. Buna görə də bağırsağıdan 12 sm. kəsib götürməli olublar.

Və xəstənin vəziyyəti yaxşılaşsa təkrar əməliyyat edəcəklər. Beləliklə, xəstə yaxınları çoxsaylı analizlərə, əməliyyata və s. görə klinikanın kassasına 17 min manatdan çox vəsait ödəyiblər.

Xəstəyə 2 litrə yaxın donor qanı köçürülüb, amma müəllimənin vəziyyəti daha da pisləşib.

“Bu gün də çıxıb deyirlər ki, vəziyyəti kritik ağırdır, hər şeyə hazırlıqlı olun. Öz ayağı ilə xəstəxanaya gələn yoldaşımın bütün bədəni şişib, tanınmaz hala düşüb.

Klinikaya indiyədək 17 min manat ödəmişəm, daha 17 min manat da borclu qalmışıq.Dedilər ki, qanı sürətlə düşdüyündən qan vurmaq lazımdır, ayrıca 900 manat da qan üçün ödəmişəm.

Və çarəsiz halda soruşur ki, kor bağırsağı şişmiş insanı 10 gün ərzində gah növbə, gah antibiotiklə müalicə adı ilə niyə yubadıblar, vaxtında dəqiq diaqnoz qoyub, müdaxilə etməyiblər?

İstərsə EGE, istərsə German, istərsə də Baku Medical Plaza adları daha əvvəl də neqativ işlərdə hallanıb.

Ondan başlayaq ki, klinikanın “EGE” adı ilə fəaliyyətini davam etdirməsi isə türkiyəli rəhbərliyin gəlməsidir.

O isə gələr-gəlməz onlarla azərbaycanlı həkimi xəbərdarlıq etmədən işindən uzaqlaşdırıb. Klinikanın rəhbəri Yalçın bəy “EGE”yə öz həmyerlilərini cəlb edib.

İşdən çıxarılan həkimlər iddia edirlər ki, “Grand Hospital”da ciddi şəkildə vergi yayınmaları mövcüddür. Yəni, yuxarıda qeyd etdiyimiz kimi, vergiyə görə təcili adı dəyişiblər.

Mediada gedən yazılara görə, bu tibb ocağının MTN-in Kadrlar Baş İdarəsinin rəis müavini, polkovnik Tehran Babatovun olduğu söylənirdi.

MTN şefi Eldar Mahmudovun “kassiri” kimi adı çıxan T.Babatovun yaxını olan baş həkim Asiman Həsənov sözügedən klinikalara nəzarət edir.

Tədris Cərrahiyyə Klinikasının baş həkimi vəzifəsindən azad edilərək bu klinikalara rəhbər olan Asiman Həsənovun adı mediada MTN çetesi ilə hallanırdı.

Lakin bu klinikanın arxasından yeni bir ad çıxıb. Verilən məlumatda “Grand hospital” və “Avrasiya” klinikalarının əsas sahibinin Qulu Quliyev olduğu iddia edilir.

Məlumatlı şəxsin iddialarına görə, Q.Quliyev vaxtilə Xaçmaz “MERO”nun rəisi işləyib. Q.Quliyev indi klinikalara nəzarət edir. Bu klinikada ad dəyişməzdən əvvəl 4 ölüm faktı olub.

Sonuncu belə həkim səhlənkarlığı və qeyri-peşəkarlığı ucbatından gözaltı damarında aparılan əməliyyat zamanı 20 yaşlı Ayşən Mirzəyeva dünyasını dəyişib.

German hospitala gəlincə, bir müddət əvvəl Tərlan Lətifov adlı sosial şəbəkə istifadəçisi klinikanı tənqid etmişdi və həkim Rəşad Həsənovu məsuliyyətsizlikdə ittiham etmişdi.

Ötən il iyulun 30-u Bakıda yerləşən “German Hospital”da əkiz uşaqlar dünyaya gəlib. Hospitaldan doğulan uşaqların valideynlərinə iyulun 31-i və avqustun 1-də uşaqların vəziyyətinin yaxşı olduğunu bildirsələr də, heç bir analizin nəticəsi təqdim olunmayıb.

Valideyn Yusif Sadiyev modern.az-a deyib ki, 14.08.2018-ci il tarixində onlar hospitaldan ölən uşağın ölüm kağızını istədikdə təqdim olunan arayışda uşağın ölü doğulduğunu qeyd ediblər.

Ən nəhayət, “Baku Medical Plaza”dır ki, burada daha çox ölüm faktları qeydə alınıb. Bu klinikada ürəyindən əməliyyat olunan İraq vətəndaşı 1990-cı il təvəllüdlü Malik əl Abbad əməliyyat masasında dünyasını dəyişib.

Bu, klinikada ilk neqativ hadisə deyil. “Baku Medical Plaza” klinikasında 1 iyun tarixində saat 7-də paytaxt sakini İrina Makarova qeysəriyyə əməliyyatı keçirib. Əməliyyatı Öndər Tülumbacı keçirib.

Öndər həkim “HB Güven Klinikası”nda çalışır. Əməliyyat təxminən 5 saat davam edib. Bu müddət ərzində İrinanın əməliyyatı və onun vəziyyəti barədə heç bir məlumat verilməyib. Şok təfərrüatlar əməliyyatdan sonra məlum olub.

Həkim düzgün əməliyyatı aparmadığını anladıqdan sonra klinikadan qaçıb. Daha sonra məlum olub ki, həkim əməliyyat zamanı cərrah bıçağıyla əkiz körpələrdən birinə toxunub.

Bundan əlavə, “Baku Medikal Plaza”da beş aylıq körpə ölüb. Bu barədə körpənin nənəsi Mustafayeva Sona İsmayıl qızı məlumat verib. O, sosialşəbəkədəyayılanvideosundabildiribki, qızdırmasəbəbiiləuşağısözügedənklinikayaaparıblar.

Ümumiyyətlə, hər ay ana və uşaq ölümləri, əməliyyat masasında həkim səhlənkarlığından dünyasını dəyişənlərin xəbərləri gəlməkdədir.

Onlar fərq etmir ki, hansı rayon xəstəxanasında can verirlər, dəhşət doğuran reallıq O.Şirəliyevin qurduğu səhiyyə sisteminin insan qəssabı, insan qatili olmasıdır.

Həkimlər insana tibbi xidməti biznesə çeviriblər. Bu da faciələrə yol açmaqdadır. Bütün sahələrdə səhlənkarlığa, rüşvətə göz yumulması başadüşüləndir.

Amma insan sağlamlığına birbaşa cavabdeh olan səhiyyənin rüşvət bataqlığında boğulması xalqa və onun genofonduna xəyanətdir, cinayətdir, gələcək nəsillərə pislikdir.
 
Tarix: 8-05-2019, 08:30
Xəbəri paylaş





Xəbər lenti