Bura təhsil ocağıdır, yoxsa... - İTTİHAM


Bura təhsil ocağıdır, yoxsa...
Bu gün anadan olmasının 96-cı ildönümünü qeyd etdiyimiz Ümumilli lider Heydər Əliyev ölkəmizin sabahının qurucuları olan gənclərin qayğı və problemlərinin həllinə xüsusi diqqət yetirirdi. "Təhsil millətin gələcəyidir!" - deyən Ulu Öndərimizin layiqli davamçısı, möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının rəhbərliyi altında bu gün dövlətimiz tərəfindən mükəmməl gənclər siyasəti yürüdülür, yetişməkdə olan nəslin təhsilə, əmək bazarının tələblərinə uyğun peşə və ixtisaslara yiyələnməsi üçün əhəmiyyətli işlər görülür.

Lakin, çox təəssüflər olsun ki, hələ də bəzi subyektiv amillər bu siyasətin həyata keçirilməsini ləngidir. Şahin Bəylərovun yarıtmaz idarəçiliyi altında olan 12 saylı Bakı Peşə Liseyində (BPL) baş verən qanunsuzluqlar barədə liseyin tərəqqipərvərvər müəllimlərinin redaksiyamıza şikayəti əsasında hazırlanmış tənqidi məqalələr oxucu ictimaiyyəti tərəfindən diqqətlıə izlənilsə də, hələ ki nə Təhsil Nazirliyi, nə də Peşə Təhsili üzrə Dövlət Agentliyi reaksiya verməyə tələsmir. Bu isə liseydə haqqı tapdalanan müəllim və şagirdləri daha da üzür. Redaksiyamıza daxil olmuş növbəti məktubda hüquqları pozulanların üzüntüsünü əks etdirən gileyləri yer almışdır:

"Təhsilimizin böyük qayğıkeşi cənab İlham Əliyev deyir ki, gənclər bizim gələcəyimizdir. Bəs görəsən 12 nömrəli Bakı Peşə Liseyində uzun müddət kök salmış, özünə "nüfuz qazanmış", "yuxarıda" arxa-dayaq, güvənc yeri tapmış direktor əvəzi Şahin Bəylərov nə deyir? Gəlin görək, əlində jurnalı, dərs saatlarını, dərs cədvəlini silah kimi tutub, özü kimiləri tərəfdaş toplayıb qruplaşma yaradan dərs hissə müdiri Şəlalə Əsədova nə deyir?.."

Məktubda bu iki şəxsin adının 30 ilə yaxındır ki, mənfi mənada qoşa çəkildiyi qeyd olunur: "Hər cür özbaşınalıqlar, saxtakarlıqlar, rüşvətxorluq, etik qaydaları pozulması "toxunulmazlıq" statusu almış bu iki şəxsdən başlayır. Görəsən adlarının eybəcər şəkildə hallandığı şagird və valideynlərə də bəlli olan, şagirdə "bicbala" deyərək mənəvi zərbə vuran Şəlalə Əsədova və Şahin Bəylərov hansı mənəvi- əxlaqi keyfiyyətlərinə görə yetişməkdə olan nəslə tərbiyə vermək vəzifəsini daşıyırlar? Bu sualın cavabını kim verəcək, məsuliyyətini kim daşıyır? Bu cütlüyə dayaq olub, onun hər cür iyrəncliyinə, saxtakarlığına, qərəzçiliyinə himayədarlıq edən Peşə Təhsili Agentliyimi, yoxsa bu qədər sosial şəbəkələrdə yayılan və edilən müraciətlərə göz yumub ört-basdır edən Təhsil Nazirliyinin cavabdeh şəxslərimi?!. 12 nömrəli liseydə Şahin Bəylərov öz "qrupu" ilə əlbir olub bu təhsil ocağını iflic vəziyyətə salıb. Hamı başını qoruyur. Çünki, kim gördüyünü, eşitdiyini desə, Şahin Bəylərovun "qara siyahı"sına düşüb ağlar günə qalacaq. 8-9 aydır ki, bu məktəbdə müəllimin və şagirdlərin söyülməsi, təhqir olunması tam aydın məsələ kimi gündəmdədir. Bunun fakt olduğunu bütün müəllim, şagird və valideynlər bilirlər. Ancaq Şahin Bəylərov saxta sənədlər tərtib etməkdə mahir usta olduğu üçün bu işin də altından quru çıxır, bu işin guya yalan, "qurma" olduğunu söyləyir. Biz yenə də sual edirik: Bəs sosial şəbəkələrdə yayınlanan şagirdin döyülmə videosu və "məndən də qabaq başqa şagird döyülüb" dediyini əks etdirən görüntülər kimin oyunudur? Bəs bunun cavabını kim verəcək? Nədən Təhsil Nazirliyi və hüquq - mühafizə orqanları buna laqeyd yanaşdılar və biganə qalmaqda davam edirlər. Aydındır ki, Şahin Bəylərovun "sudan quru çıxmaq" məharəti və onu qoruyan Peşə Agentliyinin himayədarlığı öz sözünü deyir. Məlumat verilir ki, liseydə edilmiş şikayətlərlə bağlı tədbir görülüb - tərbiyə işləri üzrə direktor müavininin işinə xitam verilib. Bu kimə və nəyə xidmət edir? Axı tərbiyə işləri üzrə direktor müavini 67-68 yaşlı şəxsdir və o, yaş senzinə görə işdən azad edilib. Yenə də sual edirik: Başqa təhsil müəssisələrində kişik bir

nöqsandan ötrü həm direktor, həm müavinləri, həm də müəllim işdən azad edilir, hətta məsuliyyətə cəlb edilir. Bəs görəsən, müəllimi yeniyetmələrin yanında eybəcər şəkildə söyən, sənətindən bixəbər, şagirdləri təhqir edən, mənəviyyatlarını zəhərləyən, rüşvət alan Oqtay Allahverdiyevin pulları kimin cibinə axır? Şahin Bəylərovunmu, "baş usta" Fərhad Hacıyevinmi, yoxsa, onların əlbir olduqları himayədarlarınınmı? Əlbəttə ki, burda ortaq məxrəc aydındır. 12 nömrəli liseydə baş verənləri biz KİV-də ictimailəşdirdik və videomaterialla yayımladıq. Bəs burdakı biabırçılığa kim cavabdehdir? - Biz də təəccüblənirik. Şahin və Şəlalə cütlüyü, onların yaratdıqları qruplaşma görəsən ictimaiyyəti və Təhsil Nazirliyini "tilsimə" necə salıblar? Baxmayaraq ki, onların adları hüquq-mühafizə orqanlarına və aidiyyəti orqanlara yaxşı tanışdır.

Yenə də sual edirik - şagirdin eşitdiyini, gördüyünü hədə-qorxu ilə ört-basdır edən, müəllimləri susmağa vadar edən, haqları tapdalansa da, "dinmə, lal-kar ol" deyən Şahin Bəylərovun "tilsimini" qırmağa kim qadirdir? Yəqin ki, bu suallarımız cənab nazir C.Bayramova çatsa, cavabını tapar".

Redaksiya olaraq, öz növbəmizdə12 saylı BPL-in direktor vəzifəsinin dəyişməz icraçısı Şahin Bəylərovun qanunsuz əməlləri barədə tənqidi məqalələrimizdə ehtiva olunan məsələləri Təhsil və Maliyyə Nazirliklərinin diqqətinə çatdırmağa, rəsmi cavab almağa çalışacağıq. Müvəffəq olsaq, oxucularımızla da bölüşəcəyik.
Bizi izləyin.
\\azerinfo.az\\ 
Tarix: 10-05-2019, 23:14
Xəbəri paylaş





Xəbər lenti