Xeyli müddətdir uşaq pulunun bərpası ilə bağlı müzakirələr gedir.
Dünyanın inkişaf etmiş ölkələrində 18 yaşadək uşaq pulu ödənilir. Məsələn, Avropa ölkələrinə diqqət yetirsək, Avstriyada 3 yaşadək uşaqlara 105, 3-9 yaş arasında olanlara 112, 18 yaşadək uşaqlara isə 130 avro verilir.
İrlandiyada 18 yaşınadək bütün uşaqlar ayda 140 avro alır. Finlandiyada 17 yaşadək birinci uşağa ayda 100, ikinci uşağa 110, üçüncü uşağa 141, dördüncü uşaqa 162 avro ödənilir.
Almaniyada birinci və ikinci uşağın hər birinə 194, üçüncüyə 200, dörd və daha çox uşaq olduqda isə hərəsinə 225 avro aylıq ödəniş həyata keçirilir. Oxşar mexanizm Avstraliya, Kanada, Fransa, İtaliya, İsveç, İsveçrə, İspaniya, Norveç, Yeni Zellandiya, Cənubi Koreya, əksər Mərkəzi və Şərqi Avropa ölkələrində, o cümlədən Polşa və Macarıstanda da tətbiq olunur. Bəzi ölkələrdə bu vəsaitin məbləği ailənin gəlirlilik səviyyəsinə uyğunlaşdırılır.
Azərbaycanda uşaq pulunun bərpası ilə bağlı müzakirə hansı mərhələdədir?
Məsələ ilə bağlı Cebhe.info-ya açıqlama verən deputat, Milli Məclisin İqtisadi Siyasət komitəsinin üzvü Vahid Əhmədov bildirib ki, uşaq pulunun bərpası ilə bağlı konkret sənəd yoxdur və nə vaxt olacağı məlum deyil:
“Uşaq pulunun bərpası məsələsinə Milli Məclis üzvləri tərəfindən toxunulub, amma hazırda dəqiq qərar yoxdur. Bu qərarı hökumət verməlidir. Biz uşaq pulunun bərpasının tərəfdarıyıq, mən şəxsən məsələyə müsbət baxıram və müzakirədə fikirlərimizi də bildirmişik. Lakin nə vaxt bərpa olunacağını, hökumətin hansı qərarı verəcəyini deyə bilmərəm”.
Deputat qeyd edib ki, yeni doğulan uşaqlara verilən vəsaitin məbləğinin artırılması məsələsi də müzakirə olunub: “Hal-hazırda danışıqların nə yerdə olduğu mənə bəlli deyil, əlimizdə məsələ ilə bağlı konkret sənət yoxdur”.
Xatırladaq ki, iqtisadçı ekspertlər mətbuata verilən açıqlamalarda dövlət vəsaitinin uşaq pulunun bərpası üçün kifayət etdiyini bildirir.