Sahil Babayevin cəza metodları: “Məhkəməyə ona görə getmirlər ki…”


Sahil Babayevin cəza metodları: “Məhkəməyə ona görə getmirlər ki…”  

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətindən ciddi narazılıqlar var.

Qurumun işində yeniliklər müşahidə olunsa da, həlli vacib problemlər qalır. Xüsusilə də əlillik dərəcələrinin verilməsində ciddi problemlər var. İndiki rəhbərlik əvvəlki nazirin dövründən qalan problemləri inzibati qaydada həll etməyə çalışır. Bu da əslində, mənfi presedent yaradır. Söhbət korrupsiya yolu ilə əlillik dərəcəsi vermiş məmurların sonradan cəzalandırılmasından gedir. Hazırki nazir Sahil Babayev bununla bağlı danışarkən deyib ki, əsas məqsəd saxta yolla əlillik almış şəxslərə verilmiş vəsaitlərin büdcəyə qaytarılmasıdır.

O bildirib ki, dövlət büdcəsindən qanunsuz xərclənmiş vəsaitin təkrar büdcəyə bərpası təmin olunur: “Sosial sahədə şəffaflığın təmin olunmasına dair işlər mütəmadi davam edəcək. Meydana çıxan pozuntularla bağlı ən sərt tədbirlər görülür. Təkcə ötən il sırf əlillik sahəsində 3 milyon manatdan artıq vəsait bərpa edilib. Digər sosial sahələrdə isə son bir ildə 8 milyona yaxın vəsait dövlət büdcəsinə bərpa edilib. Pozuntuların olması normaldır. Çünki aylıq 2 milyon 800 min insana xidmət və ödəniş həyata keçirilir. Burada bilərəkdən və ya texniki səhvə də yol verə bilərlər. Əgər saxtakarlığa yol verilibsə, onlara hüquqi qiymət verilməsi üzrə aidiyyəti qurumlara göndərilir. Qarşıya tələb qoyulur ki, vəsait geri qaytarılmalıdır. Əksər hallarda, vəsaitlər günahkar vəzifəli şəxslər tərəfindən ödənilir”.

Əslində, nazirin dediklərindən də açıq şəkildə görünür ki, ortada böyük miqyaslı korrupsiya faktları var. Çünki fakt sübuta yetirilməsə milyonlarla vəsait büdcəyə qaytarıla bilməzdi. Nazir, həmçinin bildirib ki, əksər hallarda, vəsaitlər günahkar vəzifəli şəxslər tərəfindən ödənilir. Bu isə o deməkdir ki, korrupsiya yolu ilə dövlət büdcəsinin vəsaiti mənimsəyənlərin kimliyi də bilinir. Keçmiş nazir Səlim Müslümovun 2 milyarda yaxın manat vəsaiti mənimsəməsi ilə bağlı deyilənlər də bunun bariz nümunəsidir. Amma bu günə qədər hələ heç bir məmur məhz bu səbəbdən cəzalandırılmayıb, həbs edilməyib.

Maraqlıdır, bu üsulla növbəti qanunsuzluqların qarşısını almaq olarmı? Söhbət milyonlarla manat büdcə vəsaitini əhatə edən korrupsiya faktlarından gedirsə, cəzalar daha da sərt olmalı deyilmi?


İqtisadçı-ekspert Natiq Cəfərli “Cümhuriyət” qəzetinə açıqlamasında qurumun məsələyə doğru yanaşmadığını deyib. N.Cəfərli hesab edir ki, günahkar məmurların həbs olunması, cərimə mexanizmi bu prosesə mənfi təsir göstərəcək, presedent yaradacaq: “Əslində, bu cür məsələlər məhkəmə qərarı ilə həll olunmalıdır. Azərbaycanda belə bir ab-hava yaradılmamalıdır ki, icra strukturu kimisə cəzalandırır. Bu, doğru yanaşma deyil. Məhkəmə araşdırmasına ona görə getmirlər ki, rüşvət müqabilində qeyri-qanuni əməllər törətmiş səlahiyyətli şəxslər cəza almalıdır. Cinayət Məcəlləsinin müvafiq maddələrinə uyğun olaraq, korrupsiya əməllərinə, saxtakarlığa, saxta sənədlərə görə, cəza almalıdırlar. İndi güya ortaq nöqtə tapılıb və məhkəməyə getmədən icra strukturunun verdiyi qərarla məhkəmənin verəcəyi qərarı əvəz etməyə çalışırlar. Bu da doğru deyil, kökündən yanlış yanaşmadır.

İcra strukturu öz verdiyi qərarların arxasında dayanmağı bacarmalıdır. Çünki məmur qərar verərkən, bunu öz adından deyil, dövlətin adından verir. Dövlətin adından verilən qərarın ləğvi və ya dəyişdirilməsi ancaq məhkəmə hakimiyyətinin funksiyasına aiddir. Yəni Azərbaycanda ən azından formal da olsa, bu oyun qaydalarına əməl etmək lazımdır ki, biabırçı vəziyyət yaranmasın. Yeni nazirin atdığı addımları anlayıram, hətta doğru da sayıla bilər. Çünki sosial müavinətlərin verilməsinə korrupsiya fakları həddindən artıq çox idi. Amma bu, əhalinin günahı deyil. Bu, həmin qərarı vermiş məmurların, rəhbər şəxslərin günahı idi. Əgər böyük bir cinayət işi açılsa, məhkəmə vasitəsi ilə qərarlar ləğv olunsa, onlarla günahı olan indiki və keçmiş məmurlar həbs olunsa, bu artıq presedent yaradar. Başqaları üçün də dərs olar ki, Azərbaycanda qanunsuzluq etmək olmaz.

Amma belə bir görüntü yaradılır ki, sən qanunsuzluq edə bilərsən, bunun müqabilində maksimum pul cəzası alacaqsan, cərimələnəcəksən. Hansı ki, icra strukturunun cərimə kəsmək kimi səlahiyyəti də yoxdur. Bu, yanaşma qəbul edilə bilməz. Azərbaycanda hər şey formal da olsa, qanuna uyğun şəkildə həyata keçirilməlidir”./Cebhe.info/



Tarix: 5-06-2019, 09:06
Xəbəri paylaş





Xəbər lenti