Çimərlik mövsümü başlayır - sahil çirkli, hovuz baha (FOTOLAR)


İctimai çimərliklər bərbaddır, dənizkənarı istirahət mərkəzlərində isə Kanar qiymətləri hökm sürür 

Sabahdan çimərlik mövsümü rəsmən başlayır. Qarşıdakı 3 ay ərizində çimərliklərdə istirahət etmək, yayın ləzzətini çıxarmaq mümkün olacaq. Havaların istiləşməsi çimərlik biznesinin canlanmasına səbəb olub. Bu gün Azərbaycan vətəndaşlarının dəniz çimərliklərinə gedib çatmaq problemi aktualdır. Eyni zamanda dəniz çimərliklərində sahilboyu bir-biri ilə bəhsə girən istirahət mərkəzlərində “əl yandıran” qiymətlərin olması da bir başqa problemdir. Bu günlərdə marj.az saytı istirahət üçün yüksək standartlara cavab verməyən çimərliklərin xidmət və dizaynında bir dəyişiklik olmaması, qiymətlərin isə kəllə-çarxa qalxması haqda xəbər yaymışdı.

Məlumata görə, Mərdəkanda yerləşən “Dalga Beach-Aqua Park” istirahət mərkəzinə girişin qiyməti həftəiçi 35 manat, şənbə-bazar günləri isə 50 manatdır. 7-12 yaşa kimi uşaqlar üçün 15 manat ödəniş olmalıdır. Xarici vətəndaşlar üçün isə həftəiçi giriş 50 manat, həftəsonu 70 manatdır. Qiymətdə ötən illə müqayisədə heç bir dəyişiklik edilməyib. Nardaranda yerləşən “Sea Breeze hotel” qiymətlər həftənin bütün günü üçün 20 manatdır. Bura şezlonq, çətir və dəsmal da daxildir. Hövsanda yerləşən “Halikarnas Balıkçısı”na giriş 10 manatdır. Buraya dəsmal, şezlonq və çətirli masa daxildir. Özünüzlə yemək və içki gətirməyə icazə verilmir. 6 yaşa qədər uşaqlara giriş pulsuz, 7-12 yaş uşaqlara isə 5 manatdır. Bilgəh qəsəbəsində yerləşən “Amburan” çimərlik mərkəzində bu il qiymətlər daha da bahalaşıb. Həftəiçi giriş 30 manatdır. Həftəsonu isə 35 manat ödənilməlidir. 12 yaşadək və boyu 150 sm. olan uşaqlar üçün giriş pulsuzdur. Ötən il isə bazar ertəsi 20 manat, çərşənbə axşamı, çərşənbə, cümə axşamı, cümə 23 manat, həftəsonu isə 28 manat idi. Bu qiymətə hovuz, dəsmal, adi “lejanka”, futbol meydançası, mini qolf meydançası və s. daxildir. Qoyulmuş xüsusi divanlarda dincəlmək istəyənlər isə əlavə 25-30 manat ödəməlidirlər.

“My Beach Novkhani”da böyüklər üçün giriş həftəiçi 20 manat, 5 yaşadək uşaqlara pulsuzdur. Həftəsonu isə giriş 25 manatdır. Bu qiymətə sadəcə dəniz kənarı daxildir. “Lejanka” istəsəniz, əlavə 5 manat ödəməlisiniz. “Bisetka”ların altında oturmaq istəyənlər 20, çətirlərdə isə 15 manat ödənilməlidir. “Ramada Bakı” çimərliyinə həftəiçi giriş 20 manat, həftəsonu isə 25 manatdır. Ötən illə müqayisədə qiymətlərdə ucuzlaşma var. “Mambo beach club”da isə qiymətlər bahalaşıb. Həftəiçi giriş 25, həftəsonu isə 30 manatdır. Ötən il həftəiçi giriş 15 manat, həftəsonu isə 20 manat idi. Qiymətə çimərlik, açıq hovuz, soyunub-geyinmə otağı, duş kabinələri, çətir, VİP çadırlar, şezlonq daxildir. Ayrıca dəsmal və açarlı dolab üçün 15 manat ödənilməlidir. Uzağa getmək istəməyənlər şəhərin içində də hovuza girib, günəş vannası qəbul edə bilərlər. “Excelsior Hotel & Spa Baku”da həftəiçi qiymət 30 manatdır. Həftəsonu və bayram günləri isə 40 manat verib, hovuzda dincələ bilərsiniz.

“Yeni Müsavat” əməkdaşı bir neçə ictimai çimərliklərdə olub. İstirahət mərkəzlərinin bolluğu müşahidə edilən Xəzər sahillərində belə ərazilər, demək olar ki, yox dərəcəsindədir. Olanlar isə elə ərazilərdədir ki, ora ictimai nəqliyyatla getmək mümkün deyil. Həmin ərazilər əsasən şoranlıq, qumsallıqdan kənar, əsasən tikinti mateialları tullantıları ilə zəngindir. Xalq üçün olan tək-tük çimərliklərin qarşısında üzərində “İctimai çimərlik” sözləri yazılmış löhvə olmasa, çətin ki, kiminsə ağlına həmin yerlərin bu məqsəd üçün yararlı olması fikri gələr. Pullu çimərliklərə vətəndaş qiymət bahalığından, pulsuzlara isə yol və yararsızlıq baxımından yaxın düşə bilmir. Yay isə cəmi 3 aydır. Üstəlik, illərdir ki, həftənin istirahət günlərin küləkli olması da süni problemlərə təbiətin töhfəsi kimi əlavə olunur. Hər ötən il dəniz çimərliyinə rahatca getmək istəyi sadə vətəndaşlar üçün daha da çətinləşir.

Gigiyena və Epidemiologiya Mərkəzinin (GEM) şöbə müdiri Ziyəddin Kazımov çimərliklərdə aparılan monitorinqlər haqda məlumat verib. Z.Kazımov sputnik.az-a deyib ki, qanuni çimərliklər Fövqəladə Hallar Nazirliyinin xilasetmə qruplarının və tibb işçilərinin təhkim olunduğu ərazilər hesab edilir.

Artıq GEM ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) nümayəndələri çimərlik ərazilərdə monitoriqnlər keçirərək, nəticələri də elan ediblər.

Nəticələrə görə, Bilgəh, Mərdəkan, Nardaran, Novxanı, Pirşağı, Zaqulba, Şüvəlan və Buzovna çimərlikləri çimərlik kimi istifadəyə yararlı, Türkan, Suraxanı rayonu Hövsan, Səbail rayonu Şıx, Qaradağ rayonu Sahil qəsəbəsinin və Sumqayıtın çimərlikləri isə yararsızdır.

"ETSN-nin nümayəndələri ilə birlikdə Abşeron rayonu ərazisində qanuni fəaliyyət göstərən çimərliklərin ərazisində dəniz suyunun laboratoriya analizlərinin aparılması üçün su analizləri götürmüşdük. Səbail rayonunda Şıx və Qaradağ rayonunda Sahil çimərliklərində dəniz sularının bakterioloji göstəriciləri, yəni bağırsaq çöpü ilə çirklənmə normadan dəfələrlə artıq çıxıb. Norma 5000-ə qədərdir. Ancaq bizim apardığımız laboratoriya tədqiqatlarına görə, qeyd edilən ərazilərdə bu göstəricinin 11000-ə yaxın olduğu aşkarlanıb. Bu səbəbdən də bağırsaq çöpləri olan ərazilərdə vətəndaşların çimməyi məqsədəuyğun sayılmır” – deyə şöbə müdiri əlavə edib.

Onun sözlərinə görə, 6 inzibati rayon çimərliklərindən dəniz suyu bakterioloji, radioloji, toksikoloji və sanitar kimyəvi müayinələr və ölkə əhalisi arasında qurd invoziyalarının profilaktikası məqsədilə sahil yanı zolalardan torpaq nümunələri götürülüb: "Hazırda Nabran, Xaçmaz, eləcə də Türkan, Hövsan ərazilərindən götürülmüş nümunələrin tədqiqatı davam edir".

Z. Kazımovun sözlərinə görə, həmin ərazilərdə yaşayış məntəqələrinin məişət tullantıları birbaşa dənizə axıdılır.


“Yeni Müsavat”

Tarix: 14-06-2019, 16:44
Xəbəri paylaş





Xəbər lenti