Səhiyyə sahəsində müxtəlif məsələlərlə bağlı daim narazılıqlar olur. Bura həkim səhlənkarlığı, rüşvət halları daxildir. Problemli sahələrdən biri olan səhiyyə sahəsində islahatlara ehtiyac olduğu göz qabağındadır. Prezidentin son kadr islahatlarından sonra səhiyyə sahəsində də müvafiq addımların atılması gözlənilir. Bəs nə kimi islahatlar vacib və təxirəsalınmazdır?
Məsələylə bağlı “Yeni Sabah”a danışan tibb üzrə ekspert Adil Qeybulla bildirib ki, səhiyyədə mülkiyyət formalaşması başa çatmalıdır. Yəni, dövlət mülkiyyət formalarına görə, icbari tibbi sığortanı xidmətlərə ayrılmalı deyil:
“Əslində, icbari tibbi sığorta bu islahatların çox mühüm tərkib hissəsidir. Həmçinin, sosial müdafiənin də mühüm hissəsidir. İcbari tibbi sığortasız ümumiyyətlə, səhiyyənin beynəlxaq standarta uyğunluğunu təsəvvür etmək mümkün deyil.
Səhiyyədə beynəlxalq, Qərb standartı deyiriksə, ilk növbədə icbari tibbi sığorta və onun səviyyəsindən söhbət gedir. Baxmayaraq ki, 20 il öncə bu qanun prezident tərəfindən imzalanıb, amma indiyədək həyata keçməyib. Guya rayonlarda eksperiment aparırıq. Axı, bu nəyə lazımdır? Biz bunu həyata keçirməliyik. Ən azından Türkiyə təcrübəsi var. Türkiyədə bunu tətbiq edərkən xidmətlərin bir hissəsi vətəndaşın, digər hissəsi dövlətin çiyninə düşürdü. Yəni biz də bu şəkildə gedə bilərik.
Məsələn, bəzi mühüm xidmətlər doğuş, təxirəsalınmaz yardımdır. Bu, dövlətin hesabına olsun. Bəzi yoxlamalar, profilaktik məsələlər vətəndaşla dövlət arasında bölünə bilər. Hansısa formada buna başlamaq lazımdır. Başlanğıcda müəyyən çatışmazlıqlar olacaq, amma zamanla bunlar aradan qalxacaq. Dövlətin iqtisadi imkanları artdıqca icbari tibbi sığorta paketini tamamilə öz üzərinə götürə bilər”.
A.Qeydbulla qeyd edib ki, Azərbaycanda icbari tibbi sığortanın müəyyən edilməsi problemdir:
“Əvvəla müəyyən kateqoriyadan olanlar, gəlirləri minimal olan və olmayan, tələbələr, təkuşaqlı analar, aztəminatlı ailələr vəs. bunlar birbaşa dövlət büdcəsindən maliyyələşməlidir.
İşləməyən və əmək pensiyasında olan işsizlər, əslində əmək pensiyasından maliyyələşməlidir. Bizdə əmək pensiyası praktikası olmadığına görə, işsizlər də dövlətin çiyninə düşür. Qalır dövlət və özəl sektorda işləyənlər, məmurlar və yüksəkgəlirli biznesmenlər. Bunların da maliyyələşməsi işləyənlər də öz maaşından, yüksəkgəlirli biznesmen və məmurlar da xüsusi sığortalarına görə olur. Əhalinin bütün kateqoriyaları sığorta paketinə sahib olur və sığorta vəsiqəsi əldə edir. Bununla da proses başlayır”.
Ekspertin sözlərinə görə, prosesin başlaması üçün ilkin şərtlər çox vacibdir:
“İcbari tibbi sığorta nümayəndələri, buna məsul qurumlar tərəfindən mütəmadi olaraq səslənir ki, hansı həkim çox xəstəyə baxacaq o daha çox maaş alacaq. Bu yanaşma kökündən yanlışdır. Əslində, bu neqativliyə, xaosa yol açacaq. Orada həkim seçimi söhbəti olmamalıdır.
Əgər dövlət möhür vurub bu həkimlərə diplom veribsə, onların hər birinin fəaliyyəti olmalıdır. Yəni bu proses həkim seçiminə deyil, həkimlərin növbəliklə bu prosesə cəlb olunmasından asılıdır.
Bir də həkimlərə, ümumiyyətlə, tibb işçilərinin hamısına fiks maaş təyin olunmalıdır. Belə olan halda artıq xəstə marağı, xəstəyə müştəri kimi baxmaq aradan qalxacaq. Dünya bu yolla gedib və sivil səviyyəyə malik olub. Düşünürəm ki, biz də bu yolla getməliyik. Yoxsa, TV ekranlarından müxtəlif həkimlər reklam olunur, bir həkim 50 min, digəri 120 min manat maaş alacaq. Belə ədalətsizliklə ya inkişaf ola bilməz, ya icbari tibbi sığorta normal fəaliyyət göstərməz, ya da vətəndaş budan fayda görə bilməz”.
Həkim kadr islahatından da danışıb:
“Kadr məsələsinə gəldikdə etiraf etmək lazımdır ki, Azərbaycana son illər Türkiyə, Avropa və Amerikada yetişən xeyli uzmanlar, rezidentlər gəlir. Əslində, bu istiqamətdə irəliləyişlər çoxdur. Səhiyyənin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində xeyli işlər görülüb. Məsələn, Azərbaycanda elə aparat və avadanlıqlar var ki, hətta İranda onlar yoxdur.
Bütün bunlar var, amma bundan vətəndaş fayda görə bilirmi? Xeyr. Burada sistem, işin təşkili çatışmazlığı var. Hətta ola bilər, ən yüksək kadrlar Azərbaycana gətirilsin, amma vətəndaşın bundan fayda görməsi üçün sistem qurulmalıdır. Söhbət bundan gedir.
Əgər növbəti ildən icbari tibbi sığorta düzgün tətbiq olunmasa, bütün mütəxəssis rəyləri nəzər alınmasa, yalnız ayrı-ayrı qruplara verilsə, ancaq xaos və narazılıq gözləyirəm. Əgər bu iş dünya təcrübəsi nəzər alınaraq tətbiq olunacaqsa, Azərbaycansayağı olmayacaqsa, bəli, o zaman uğur gözləyirəm”.
Əsmər Qabil