Şəki Məşğulluq Mərkəzindən şıkayətlər niyə çoxalır?
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əhalinin sosial rifah halının yaxşılaşdırılması məıqsədi həyata keçirdiyi proqramlar görüntülərdən başqa bir şey deyilmiş. Nazirliyin Məşğulluq Mərkəzlərində aztəminatlı ailələrin özünüməşğulluq proqramlarına cəlb edilməsi yönündə görülən işlər də özünü doğrultmadı. Bu proqram həyata keçirilməyə başlayandan dövrü mətbuatda xəstə mal-qaranın əhaliyə verilməsi ilə bağlı yayılan məlumatlara nazirlik rəsmiləri cavab verə bilmədilər. İndi isə özünüməşğulluq proqramının həyata keçirilməsinə yol verilən qaninsuzluqlarla bağlı şikayətlərin çoxalması deyilənləri bir daha sübut etmiş olur. Şəki rayon sakini Mehaman Mustafayevin dövlət başçısı İlham Əliyevə ünvanladığı müracıət də məhz özünüməşğulluq proqramı çərçivəsində yol verilən qanunsuzluqlarla bağlıdır. Aktualinfo.org sözügedən müracıəti olduğu kimi oxucuilara təqdim edir.
Mən, 14 fevral 1971-ci ildə anadan olmuşam. 2 illik hərbi xidmətdən sonra doğma rayonuma qayıdıb bu günə qədər kənd təsəsrrüfatı ilə məşğul olmuşam. Lakin təəssüflər olsun ki, özümə kənddə ixtisasım üzrə uzun müddət (avtomobil mühəndisi) bir münasib iş tapa bilməmişəm. Bu səbəbdən də yaşadığım rayonda yalnız maldarlıqla, əkin biçinlə məşğul olmuşam. Ailəm 5 nəfərdən ibarət olub. Böyük qızımı evləndirdikdən sonra 20 il bəslədiyim mal-qaranı ( 5 baş) satmağa məcbur oldum. İndi 1.8 ha pay torpağımın, otlağımın, tövlə və ot ambarımın olmasına baxmayaraq mal-qarasız qalmışam. 1 stəkan süd üzünə həsrətik. Baxmayaraq ki, ailədə bütün üzvlər maldarçılıqla məşğul olublar. Ailədə yoldaşım da işsizdir. Böyük oğlum Əzim hazırda Bakıda təhsil alır. Kiçik qızım Şahanə isə orta məktəbdə təhsil alır. Hərbi xidmətdən qayıdandan sonra valideynlərimi itirmişəm. Dolanacaq vəziyyətim həmişə ağır keçib. Buna baxmayaraq gecə-gündüz maldarlıqla məşğul olub birtəhər cüzəran edirdim. Kəndimizdə hamı mənim indiki real vəziyyətimi yaxşı bilir. Mən iqtisadi vəziyyətimin ağırlaşmasına görə 27 avqust 2018-ci ildə cənab nazir Sahil Babayevə məni də özünəməşğulluq proqramına cəlb edilməsi üçün ərizə yazmışdım. Çox təəssüflər olsun ki, 1 il əvvəl ərizəmə cavab verilmədi.Ona görə də təkrar yenə nazirə müraciət edərək xahiş etdim ki, şəxsi nəzarətiniz altında məni də özünəməşğulluq proqramına cəlb edəsiniz. Dərhal reaksiya verildi və məni özünəməşğulluq proqramı üzrə siyahıya saldılar. Dedilər ki, aprel ayında sizi təlimlərə dəvət edəcəyik. Amma bu günə kimi səs-səmir yoxdur. Qonşum Rəhimov Bayram da keçən ildən mənim kimi Şəki DMX-da qeydiyyata dursa da onu da dəvət edən yoxdur. Bayram 10 gün əvvəl məsələ barəsində Şəki DMX-nın yeni təyin olunan rəisinin qəbuluna gedərək nə vaxt təlimlərə cəlb ediləcəyini soruşmuşdur. Rəis ona kobud davranmış və bilmirik demişdir. Get evinə, növbən çatanda gələrsən demiş və otaqdan qovmuşdur. Bundan sonra kiçik araşdırma zamanı bizə məlum olmuşdur ki, 2019-cu ilin mart-aprel aylarında qeydiyyata salınmış şəxslər müdirin maraqlarının təmin olunması müqabilində təlimlərə qanunsuz olaraq cəlb edilmişlər. Yəni, təzə müdirin qeyd etdiyi kimi, növbə prinsipi nəzərə alınmamışdır. Və biz artıq inanmırıq ki, 2025-ci ilədək bizi də vətəndaş hesab edib özünəməşğulluğa dəvət edələr. Çünki bizim həqiqətən reallıqda bu proqrama cəlb olunmağımız üçün pulumuz və vəzifədə tanışımız yoxdur. Və onu da dəqiq bilirki, Şəkidə idarə müdirlərinin öz qayda qanunları var və idarə olunur. Odur ki, ümidimizi cənab Prezidentə bağlayaraq çox xahiş edirik ki, ağır iqtisadi vəziyyətimizi nəzərə 1 il növbəsini gözlədiyimiz özünəməşğulluq proqramına cəlb edilməyimiz barədə göstəriş verəsiniz. Aktualinfo.org-un əldə etdiyi məlumatlara görə Mehman Mustafayevin müracıətdə göstərdiyi qanun pozuntuları bu gün respublikanın bütün məşğulluq mərkəzlərində də baş verir. Əhali get gələ salınır. Təlimlərə aylarla növbə gözləyənlər deyil,müdirlə razılaşanlar daha tez cəılb edilir. Elə bu kimi qanunsuzluqlara yol verdiyinə görə Şəki rayon Dövlət Məşğulluq Mərkəzinin direktoru bir neçə ay öncə işdən çıxarılmışdı. Yeni direktorun fəaliyyətə başlamasından çox keçməmiş yaratdığı durum mərkəzdə həır şeyin “köhnə hamam,köhnə tas” qaydasında davam etdiyini deməyə əsas verir.
Tarix: 22-06-2019, 08:32