Azərbaycanda 2019-cu il sosial islahatlarla yadda qaldı. Əmək haqları, pensiyalar, təqaüd və müavinətlər artırıldı, minimum əmək haqqının artımı ilə bağlı iki dəfə qərar verildi, problemli kreditlər həllini tapdı, təbii qazın güzəştli qiymətlə istifadə limiti artırıldı. Bəs görəsən, sosial islahatlar paketinin davamı kimi hansı addımların atılmasına ehtiyac var?
“Yeni Müsavat”ın sualını cavablandıran iqtisadçı ekspert Vüqar Bayramov bildirdi ki, sosial islahatların davamı kimi uşaq pulunun və elektrik enerjisinin güzəştli qiymətlə istifadə limitinin artırılmasına ehtiyac var: “İqtisadi və Sosial inkişaf Mərkəzi uşaq pulunun artırılması ilə bağlı Azərbaycan hökumətinə mexanizm hazırlayaraq təqdim edib. Bu mexanizmə uyğun olaraq, biz uşaq pulunun bərpasını təklif edirik. 17 yaşınadək olan uşaqlara uşaq pulunun verilməsi təklif olunur. Biz uşaqları 3 yaş qrupu üzrə ayırmışıq. 3 yaşınadək olan uşaqlara daha çox uşaq pulunun verilməsinin tərəfdarıyıq, çünki bu ailələr adətən gənc ailələr olur, həm də uşaqların səhiyyə və digər xərcləri çox olur. Daha sonra 7 yaşınadək olan uşaqlara və 7 yaşından 17 yaşınadək uşaqlara aylıq ödənişin həyata keçirilməsi bu təkliflərdə öz əksini tapıb. Layihədə həmçinin hər yaş qrupu üzrə uşaqların sayı və tələb olunan büdcə öz əksini tapıb. Bizim mexanizm həm rasional məbləğ çərçivəsində uşaq pulunun bərpasına imkan verir, həm də dövlət büdcəsinə böyük yük yaratmır. Biz bunun bazara təsirini də hesablamışıq. Uşaq pulunun mərhələli şəkildə bərpası bazara çıxarılan vəsaitin də həcminin optimallaşmasına səbəb olur ki, bu da qiymət artımlarının qarşısının alınması baxımından çox vacibdir. Yəni bu mexanizm, bazarda qiymətlərin artmasının da qarşısını ala biləcək faktorlar nəzərə alınmaqla hesablanıb. Güman edirəm ki, uşaq pulunun bərpası vacibdir”.
V.Bayramovun sözlərinə görə, dünyanın əksər ölkələrində uşaq pulu verilir: “Bizim mərkəz beyin mərkəzi olaraq fərqli ölkələrdə uşaq pulunun verilməsi mexanizmini araşdırıb və bizim araşdırmalar göstərir ki, dünyanın bütün inkişaf etmiş ölkələrində uşaq pulu verilir. Bəzi ölkələrdə bu, uşaqların sayına uyğun olaraq, bəzilərində ailənin gəlirlərinə uyğun müəyyənləşib. Ancaq mexanizm fərqli olsa da bütün inkişaf etmiş ölkələrdə uşaq pulu verilir. Biz inkişaf etmiş ölkələrin, hətta inkişaf etməkdə olan ölkələrin, o cümlədən Rusiyanın təcrübəsini nəzərə alaraq bu paketi hazırlamışıq. Ona görə də hökumətə təklif edirik ki, növbəti mərhələdə sosial paketin davamı olaraq uşaq pulunun mərhələli şəkildə bərpası həyata keçirilsin. Bunun üçün bir tərəfdən sosial çağırış var, digər tərəfdən maliyyə imkanlarımız var. Həmçinin ölkədə sosial islahatların davamı ilə bağlı siyasi iradə var. Bu da ondan xəbər verir ki, hökumət yeni bir mexanizm hazırlamaqla prosesə başlaya bilər. Bizim hazırladığımız mexanizm prosesə başlamaq üçün yetərlidir və uşaq pulunun bərpası bu mexanizm əsasında mümkündür. Bunun üçün ölkədə həm sosial, həm də maliyyə əsasları var. Ümid edirik ki, yaxın zamanlarda sosial paketin bərpası kimi uşaq pulunun bərpası da həyata keçiriləcək”.
İşıq limitinə gəlincə, ekspert qeyd etdi ki, bir çox iqtisadi və sosial faktorlar işığın limitinin artırılması üçün iqtisadi zəmin yaradır: “Xüsusən sektoral olaraq gəlirin artmasını müşahidə edirik. Nəticədə sektoral dəyişikliklər işığın limitinin artırılmasına imkan verir. O baxımdan həm makro, həm də sektoral faktorlar limitin artırılması üçün baza formalaşdırıb. Limitin artırılması sosial təminat baxımından da vacibdir. Xüsusən aztəminatlı vətəndaşların sosial təminatının gücləndirilməsi baxımından mühüm şərtlərdən biridir. İşığın limitinin vətəndaşların sosial vəziyyətinə müsbət təsir göstərəcək səviyyədə artırılmasına ehtiyac var”.
İqtisadçı ekspert Natiq Cəfərli isə “Yeni Müsavat”a açıqlamasında həyata keçirirlməsi vacib olan digər sosial islahatlardan danışdı. O bildirdi ki, İlk olaraq minimum istehlak zənbilinin və yaşayış minimumunun hesablanması məsələsi gündəmə gələcək: "Yaxın günlərdə bununla bağlı yeni hesablamaların aparılması və yeni qaydaların tətbiqi gündəmə gələ bilər. Sonuncu dəfə bu sahədə yenilənmə 20140-cü ildə olub, bu hətta devalvasiyadan da öncə olub. Sonuncu dəfə 5 il öncə atılan bu addım artıq bugünkü qiymətlər, vətəndaşların tələbatına, dünya praktikasına və yenilənmiş minimum istehlak zənbili anlayışına cavab vermir. Yaşayış minimumu və minimum istehlak zənbili ilə bağlı məsələ sentyabr ayına qədər həllini tapa bilər. Çox güman ki, ya Nazirlər Kabinetinin qərarı, ya da xüsusi prezident fərmanı olacaq. Bu sosial paketin davamı baxımından çox mühümdür. Payız aylarında minimum əmək haqqı və minimum pensiyanın artırılması da gözlənilir. Minimum istehlak səbəti də buna uyğunlaşdırılmalıdır. O baxımdan növbəti addımın bu sahədə olacağını gözləyirəm".
Ekspertin sözlərinə görə, qaz limiti ilə bağlı qərar verilsə də, elektriklə bağlı qərarın yaxın zamanda olacağı gözlənilmir:“Minimum əmək haqqının və təqaüdün artırılması, sentyabr ayında digər sahələrdə də maaş artımının olacağı gözlənilir. Maaş artımı təxminən 400 min nəfəri əhatə edəcək, təqaüdün minimum hissəsinin artırılması 800 min insanı əhatə edəcək, minimum əmək haqqının artırılması isə 600 min nəfər insanı əhatə edəcək. Sentyabr ayından minimum əmək haqqı 180 manatdan 250 manata qalxacaq. O baxımdan gələcəkdə büdcədə problem yaranmasın deyə, kommunal sahədə bu cür addımın atılacağını gözləmirəm. Kommunal xərclərdə limit və ya qiymətlə bağlı endirim ediləcəyini gözləmirəm. Uşaq pulunun verilməsi və hesablanması ilə bağlı məsələ də gündəmdədir. Ola bilər ki, burada da ümumi qaydalar tətbiq olunsun, ödənişlərin sistemləşdirilməsi məsələsinə yenidən baxılsın. Ola bilər ki, burada ümumi qaydalar tətbiq olunsun və ödənişlərin sistemləşdirilməsi məsələsinə yenidən baxılsın. Bu günə qədər müxtəlif təkliflər səsləndirilib. Aztəminatlı ailələr və çoxuşaqlı ailələrlə bağlı yeni ödəniş sisteminin tətbiq olunması da artıq gündəmə gələcək. İndiki hesablama qaydaları ilə müasir standartlara cavab verməyən uşaq pulu ortaya çıxacaq”.
N.Cəfərli vurğuladı ki, sentyabr ayına qədər qeyd olunan məsələlərin həlli ilə bağlı yeni qərarların olması ehtimalı var:“Ancaq gələn ilin əvvəlinə qədər minimum əmək haqqı və minimum pensiya ilə bağlı yeni qərarın olmasını gözləmirəm. Çünki gələn ilin yanvar ayından artıq artırılmış maaşların orta aylıq əmək haqqının artım tempinə görə indeksləşməsi olacaq. Hazırda bu rəqəm 3 faizdir, gələn ilin yanvar ayında 4 faiz olması gözlənilir. Yəni yanvar ayında artırılmış maaş və təqaüdlər ən azı 4 faiz yenidən indeksləşəcək və artırılacaq”.