Ötən bazar günü İTV-nin yayımladığı “Diqqət Mərkəzi-Yekun” Tolk-Şousunda çıxış edən iqtisadçı alim Vüqar Bayramov bildirib ki, uşaq pulunun bərpası ilə bağlı təklifləri hökumətə təqdim edib.
“Yeni Sabah” xəbər verir ki, Vüqar Bayramov əlavə edib ki, təkliflər dövlət qurumlarına təqdim edilir:
"Onların bir qismi sosial paketin bir elementi olaraq artıq qəbul edilib. Nəzərə alsaq ki, əmək haqqı və pensiyalarda artım davam edir, biz pensiya amnesitiyasının verilməsini təklif etmişik. Elə vətəndaşlarımız var ki, onların pensiya çıxış imkanlarında müəyyən çətinliklər var. Onlara amnistiyanın verilməsi və pensiyanın təmin edilməsinə ehtiyac var.
Əmək haqqı artımları zamanı sektoral olaraq aşağı əmək haqqı alan sektorlarda daha çox artımların həyata keçirilməsinin tərəfdarıyıq. Nəzərə alsaq ki, rəsmi statistikaya görə Bakı və regionlar arasındakı əmək haqqı məbləğində iki dəfə yaxın fərq var, ona görə də əmək haqqı artımlarının ünvanlı olaraq daha çox regionları əhatə etməsinin tərəfdarıyıq.
Eyni zamanda biz, beyin mərkəzi olaraq 17 yaşınadək olan uşaqlar üçün nəzərdə tutulan sosial ödənişlərin (uşaq pulu ) mərhələli şəkildə tətbiq olunmasının tərəfdarıyıq. Güman edirəm ki, sosial islahatların bir elementi olaraq mərhələli şəkildə Azərbaycanda uşaq pulunun bərpasını müşahidə edə biləcəyik".