Deputat: “Azərbaycan ailəsində kişinin sözü önəmli olmalıdır” - MÜSAHİBƏ


 Sona Əliyeva: “Deyə bilmərəm ki, seçicilərimin hamısı məndən razıdırlar”

“Yol polisi mənə 60 manat cərimə yazmışdı”

Milli Məclisdə 99 saylı Şəmkir kənd seçki dairəsinini təmsil edən deputat Sona Əliyeva Modern.az-a müsahibə verib.


- Sona xanım, neçə vaxtdır sizinlə müsahibə etmək istəyirik, amma işlərinizin çoxluğundan alınmır. Maraqlıdır, bu qədər vacib olan işlərinizə nələr daxildir?

- İlk olaraq qeyd etməliyəm ki, media tərəfindən edilən dəvətlərə hər zaman açığam.  Sadəcə, bu dəfə məsələ bir az fərqlidir. Qızım bu il 11-ci sinfi bitirdi. Tibb sahəsi üzrə Türkiyədə təhsil almaq istəyir, imtahanlara gedərkən onu tək qoymuram, bütün prosesi birlikdə izləyirik. Yəni bu aralar işlərimin ən həssas nöqtəsində bu məsələ dayanır. 


- Tibb mürəkkəb sahədir. Peşə seçiminə qarışdınızmı?

- Maraqlıdır ki, uşaqlarımın hər üçü tibb sahəsi üzrə təhsil almağı düşünür. Yoldaşım tərəf həkim nəslidir. Uşaqlarımın babası da həkimdir. Belə deyək də, nəsil olaraq tibbin hər sahəsi üzrə nəsildə həkimimiz var. Eyni zamanda, uşaqlarımın seçimlərinə hörmətlə yanaşıram. Həyatda hər insana sərbəst  seçim imkanı  qismət olmur. Yəqin bu da, bir tale işidir, həyat isə insana bir dəfə verilir. Düşünürəm ki, həyatda insanla yanaşı addımlayacaq  iki əsas seçim, verdiyi qərar var: biri evlilikdirsə, digəri peşədir.
Bunların hər ikisini də sevirsənsə, deməli həqiqətən xoşbəxtsən. Məsələn, ailədə mənə seçim imkanı verilməyib. Orta məktəbdə oxuyanda tərcüməçi olmaq istəyirdim. O vaxtlar tərcüməçiliyə “qız peşəsi deyil” yanaşması vardı. Atam razı olmadı. Nə müəllim, nə diplomat, nə də başqa peşə sahibi olmaq istəyirdim. Sırf tərcüməçi olmaq arzusunda idim. Düşüncəmin bir tərəfində həm də dünyanı gəzmək vardı. Hər halda, məktəb illərinin xəyalları idi. 


- Çox vaxt valideynlər övladları ilə dost ola bilməyəndə uşaqların arzuları da yarımçıq qalır. Siz övladlarınızla dost ola bilirsinizmi?

- Əvvəla, ailədə diktator  deyiləm. Uşaqlarıma münasibətim çox fərqlidir. Xaraktercə sərt adam olsam da, uşaqlarıma münasibətim belə deyil. Övladlarımla çox yaxın dostam.



- “Ailədə diktator deyiləm” dediniz. Ancaq bir çox qadınlar ailədə diktator olmağı sevir. Ailədə diktator olan qadınlara münasibətiniz necədir?

- O cür hallara çox pis baxıram. Baxmayaraq ki, patriarxallığı tənqid edirəm, qadın hüquqlarının müdafiəsinin bir qadın olaraq  çox vacibliyinin düşüncəsindəyəm, amma yenə də Azərbaycan ailəsində kişinin sözünün önəmli olduğunu hesab edirəm. Şəxsən, mən heç vaxt həyat yoldaşıma “yox” deməmişəm. Ona görə yox ki, o həmişə haqlıdır, sadəcə qərarlarına hörmətlə yanaşmışam.  Sonda həyat yoldaşı bir kişidir, ailənin böyüyüdür. Onun ailədə üstünlüyünü uşaqlar da görməlidir. Qadın elə etməlidir ki, həyat yoldaşının üstünlüyü, böyüklüyü  hər zaman qorunsun. Bütün Azərbaycan qadınına da, qızına da o cür yanaşmanı  məsləhət görürəm. Bizim adət-ənənəmiz belədir. Ailə modelimiz ona görə davamlıdır ki, həmişə ailədə kişini hörmətli tutmuşuq, ailəni hər cəhdlə qorumuşuq. Nə vaxt o modeli dağıtsaq, o zaman yavaş-yavaş Azərbaycan ailə modeli də dağılacaq. Bəlkə də belə davranışım  ailəmizdə atama olan münasibətimdən irəli gəlir, onun yaşadığı müddətdə heç bir qərarı müzakirə olunmayıb. Yəqin mənim bəxtim gətirib ki, ailə qurduğum ailə ziyalı ailəsidir. Hər zaman seçimimlə, qərarlarımla  razılaşıblar. Hər bir halda, ailədə kişinin yerini unutmamalıyıq.


Milli Məclisin İnsan hüquqları komitəsinin üzvüsünüz. Cəmiyyətdə qadınların təcavüzə məruz qalması hallarının durmadan artmasının əsas səbəbini nədə görürsünüz?

- Səbəblər çoxdur, stereotiplər, mentalitet, qınaq, ailə-məişət problemləri, anlaşa bilməmək, ailədaxili münasibətlərin tənzimlənə bilməməsi və s.

Hazırda Azərbaycanda məişət zorakılığına məruz qalanların 15 fazi kişilər, qalan hissəsi qadınlar, ahıllar və uşaqlardır. Bu mənada statikstika həyəcanvericidir. Düşünürəm ki, bu sahədə ən böyük iş maariflənmə olmalıdır. Qadınlar daha çox maariflənməklə yanaşı, öz hüquqlarını da bilməlidirlər. Təkcə bir qadının maariflənməsi azdır, onun ailəsi də maarifçilik ənənəsinə sadiq olmalıdır. Elə qadınlar var ki, ailədə yaşadığı problemi atasına, anasına qardaşına, bacısına deyəndə belə cavab alır: “Ayıbdır, filankəslər nə deyər... Döz otur, düzələcək”.
Belə münasibət faciələrə gətirib çıxarır. Ailə faciələrinin qarşısının alınmasında qızların təhsili əsas rol oynayır. Ailələr qızların təhsilinə önəm verməlidir. Mütləq deyil ki, ali təhsil olsun. Xanımları hansısa peşə təhsilinə də yönləndirmək lazımdır. Ailə elə mürəkkəb institutdur ki, böyük məhəbbətlə sevib evlənənlər belə, beş ildən sonra ayrıla bilirlər. Qadın bütün situasiyalara hazır olmalıdır. Heç kim, heç nədən sığortalanmayıb. Elm, bilgi, savad  ən dəqiq və ən xeyirli sığortadır. Kim bunlara yiyələnməyi bacarırsa, o, həyatın rahatlıq yolunu tapmış sayılır. 


- Seçicilərlə görüş zamanı ailə münaqişəsi ilə bağlı müraciət edən qadınlar olurmu? Bəzi düşüncəyə görə, təhsilsiz qadın kişiyə tabe olur. “Səsini kəs” deyirsə, iş tamamdır.

- Hesab edirəm ki, ailələrdə yaranan problemlər, bəzən nə təhsillə, nə də dünyagörüşü ilə bağlı məsələdir.  Kənd yerlərində elə qadınlarla rastlaşmışam ki, inanılmaz işlərə əl atıblar. Bir dəfə qadın seçicilərdən biri müraciət etmişdi. Orta təhsili belə yox idi.  Həyat yoldaşı Ukraynada çalışdığından 3 uşaqla bunları da özü ilə aparıbmış. Qadın əri ilə dalaşıb və  onu polisə verib. Heç demə, Ukraynada oturma izni yox imiş. Həyat yoldaşını  və bunları dərhal deportasiya ediblər. Məlum olub ki, 3 uşaqla bunların  nikahları da yoxdur. Gələndən sonra, həyat yoldaşı ailəsini atıb, təkrar Ukraynaya qayıdıb. Qadın yanıma gəlib məsələni danışanda “xarici ölkədə həyat yoldaşınızı polisə verməyi necə düşünmüsünüz?!. Bunun sonunu düşünmürdünüz?” – deyə soruşdum. Qadın hər şeydən xəbərsiz halda üzümə baxırdı.  Bu cür qeyri-adi müraciətlər də olur. Mənə görə, Azərbaycan qadınının ən böyük vəzifəsi ailəsini qorumaq və onu saxlamaqdır. Dünyada ailədən gözəl heç nə yoxdur. Bəziləri ailə qurub uşaq dünyaya gətirirlər. Boşanan ailələrdə  aqressiv böyüyən uşaqların cəmiyyət üçün nə dərəcədə problem olduğunu düşünmürlər. Ailə qurub boşananalardan çox, həyatda tək yaşamağı seçən insanlara daha hörmətlə yanaşıram. Bu da onların  seçimidir. Əsas odur ki, ailə qurub kimisə bədbəxt etmir.



- Boşanmalara səbəb kimi bir çox məsələləri nümunə gətirirlər. Siz bu barədə hansı düşüncədəsiniz?

- İndi qəribə tendensiya yaranıb. Qızlarımız ya həddindən artıq tez, ya da gec ailə həyatı qurur. Orta yaş həddi itib. Hesab edirəm ki,  internetin dünyaya açılması da ailələrdə boşanmalara gətirib çıxaran səbəblərdəndir.  Baxırlar Instagram-a, elə bililər ki, həyat şəkillərdə sərgilənən kimi gözəldir və ya elə olmalıdır. Türklər buna “pəmbə həyat”, yəni “çəhrayı həyat” deyirlər. Bəzi qadınlarımız filmlərə, seriallaraa  baxarkən elə zənn edirlər ki, bu gerçək həyatdır. O həyatı görüb tələb etməyə başlayırlar. Bəzi qızlarımız zəhmət çəkmədən hər şeyə sahib olmaq istəyirlər, bunu da qəbul etmirəm. Həyat həmişə, bütün zamanlarda əziyyətli olub.  Ailə qurursansa, onu saxlamaq da, qorumaq da, uşaq böyütmək də əziyyətdir. Həyat yağla-bal demək deyil. 


- Siz özünüz də tez ailə həyatı qurmusunuz. Niyə bu qədər tez evlənmək qərarı verdiniz?

- 16 yaşımda ali məktəbə qəbul olunduğumdan universiteti bitirəndə heç 20 yaşım yox idi. Ona görə də 20 yaşım tamam olanda ailə həyatı qurmuşam. Bu evlilik həm atamın, həm də mənim razılığım əsasında olub. 


- 15-20 il bundan qabaq qadınların ictimai-siyasi sferada aktivliyi o qədər də təqdir edilmirdi. Bir çox kişilər ictimai-siyasi fəallığı olan xanımla ailə qurmağa üstünlük verməzdi. İndi isə bu məsələdə irəliləyiş var. Maraqlıdır, sizin həyat yoldaşınız ictimai-siyasi aktivliyinizi necə qəbul edir?

- Ziyalı ailəsində yaşadığımdan bu hal mənə tanışdır. Qaynatam həkim, qaynanam müəllimə, yoldaşım ixtisasca mühəndisdir. Ziyalı nəsil olduqlarından onlarda qadının işləməsi problem deyil. Əksinə, təhsilsiz qadını qəbul etmirlər və qızların təhsil alması onlarda deyərdim ki, bir şərtdir. Mən ailə qurmazdan öncə işə başlamışdım və daha sonra da işləməyə davam etdim. Hətta  analıq məzuniyyətində olanda yoldaşım mənə dedi ki, evdə darıxırsan, uşağın 3 yaşını gözləmə, işə çıx. Bu məsələdə şanslı qadınam və mənim ailəmdə qadının işləməsi, ailəsinə və cəmiyyətə faydalı olması hörmətlə qarşılanır. 


- 20 yaşda ailə qurarkən çətinlikləri necə yoluna qoymusunuz?

- Mənim heç vaxt asan həyatım olmayıb. Onun nə olduğunu bilmirəm. Valideynlərim ali təhsilli olmasa da, atam bizə ali təhsil verib, düşünürəm ki, təhsilli olmağım mənə həyatımın hər anında  kömək olub. Tək əldən səs çıxmaz, əlbəttə ki, ailəmin mənəvi dəstəyi olmadan mən heç nəyin öhdəsindən gələ bilməzdim. Çox şükürlər olsun ki, həyat yoldaşımın ailəsi ilə heç vaxt problemim olmayıb və onlar mənə bütün çətin anlarımda dəstək olublar. Arada zarafatla deyirəm ki, “hər gəlinin işi deyil, 19 il ərzində baldızla mehriban dolana”.  İki baldızım var, heç vaxt cüzi də olsa, problem yaşamamışıq. 


- Bəlkə siz daha yaxşı gəlin olmusunuz. Elə qarşı tərəfi tərifləyirsiniz...

- Münasibətlər qarşılıqlıdır. Qarşı tərəf pis olsaydı, nə qədər yaxşı olsam da, bu alınmayacaqdı. Hər halda, yaxşı ya da pis olduğumu deyə bilmərəm. Ümumiyyətlə, konflikt sevməyən insanam. Həmişə güzəştə getməyi vacib bilmişəm. Görünür, intellektual ailə olmağın xüsusi özəllikləri var. Çünki cahil insanla danışmaq bir başqa, ziyalı adamla danışmaq tamam başqa dünyadır. 



- O zaman həyat yoldaşınızın diqqət və sevgisinin üzərində xüsusi dayanaq. 20 yaşında ailə qurmaq, ardınca 3 uşaq dünyaya gətirmək və karyera pilləsi. Dəstək olmasaydı, bunları bir arada bacara bilməzdiniz...

- Həyat yoldaşım ailənin tək oğludur və rayon dili ilə desək, yurdda biz qalmışıq. Birlikdə yaşadığımız üçün karyeramı inkişaf etdirməyimdə qaynanamın, qaynatamın  böyük rolu olub. Uşaqların böyüməsində onların xidməti sonsuzdur. Uşaqlarım heç vaxt bağçaya getməyib. Ailədə mənə dəstək və kömək olmasaydı, karyeramı davam etdirə bilməzdim. Həyat yoldaşım karyeramla bağlı işlərimə həmişə yardımçı olub. “Seçdiyin və verdiyin qərar səni xoşbəxt edirsə, mən də xoşbəxtəm”-deyib.


- Sona xanım, deputat olaraq aktivliyiniz də diqqət çəkir. Bəzi deputat həmkarlarınızdan fərqli, mediaya açıq olmağınızla diqqət çəkirsiniz. Sizcə, deputat niyə mediadan çəkinməlidir ki?

- Bəlkə də yerinə düşməyəcək, amma sualınızın cavabını belə bir nümunə ilə vermək istərdim. İrina Xakamada müsahibəsində belə ifadə işlətmişdi: "Mənə jurnalistlər özgə don geyindiriblər. Ona görə də ömrümün sonuna qədər o paltarda gəzməyə məcburam". Bu məcazi mənadadır. Görünür, bir çox hallarda bu baxımdan insanlar mediadan çəkinirlər. 


- Bir çox hallarda bəzi deputatlar plenar iclaslarda  düyməni basıb danışmırlar. Danışmaq deputatın haqqı deyilmi?

- Bu fikirlə razı deyiləm. Birincisi, hər bir deputat üzv olduğu komitədə çox yaxşı fəaliyyət göstərir. Bu fəaliyyətin ictimailəşməməsi o demək deyil ki, onlar fəaliyyət göstərmirlər, ya da danışmırlar. Komitə iclasları olanda media ancaq kiçik bir hissəni çəkib gedir və çox vaxt axıra qədər izləmir.  Beynəlxalq təşkilatlarda ölkəmizi yüksək səviyyədə təmsil edən bir çox deputatlarımız var. Sadəcə, komitə iclaslarında danışmaq və müzakirə etmək daha rahatdır. Hər bir deputat daha aktiv iştirak edə bilir və fikirlərini bölüşür. Onu da qeyd edim ki, hər bir deputat öz peşəsi üzrə yaxşı mütəxəssisdir. Qanun layihələrinə öz təkliflərmizi yazılı şəkildə də veririk. Media işıqlandırsa da, işıqlandırmasa da, biz, öz xidməti vəzifəmizi icra edirik. 



- Yaxşı, o zaman siz niyə aktivsiniz?

- Ona görə ki, fərd  olaraq  hiperaktiv adamam. Bu, uşaqlıqdan belə olub. Milli Məclisə yeni-yeni gələndə bir qədər sakit dövrüm oldu. Ailə həyatımda müəyyən çətinliklər yaşadım. Atam uzun müddət xəstə oldu, sonra dünyasını dəyişdi. Bütün zamanımı ona həsr etdim. Hesab edirəm ki, həyata bir də  gəlmək şansım olarsa,  yenə də bunları edərdim. Çünki valideyn  övladın həyatında bir dəfə olur, onu seçmirsən. Həmin vaxt atam mənimlə birgə qalırdı. Qaynatam dedi ki, “rayona gəlmə. Atanın yanında qal. Onun indi sənə ehtiyacı var”.  Arada mənə deyirlər ki, “həyat yoldaşın tərəfi çox tərif edirsən”. Halbuki, onlara çox şey borcluyam. Həmişə mənə gəlin kimi yox, bir övlad kimi yanaşıblar. Qaynatam atama hər zaman hörmətlə yanaşıb. Atam rəhmətə gedəndə elə ağlayırdı ki!... Belə məqamlar nadir hallarda olur. 


- Danışdıqca kövrəldiniz. Atanızla olan günlər üçün çox darıxırsınız?

- Ümumiyyətlə, atam həyatımda güclü simvol olub. Hər zaman güclü bağlarımızın olduğunu söyləyə bilərəm. 


- Belə deyək də, hər zaman ürək sirrinizi açdığınız insan artıq həyatda yoxdur və təəssüf ki, heç vaxt da olmayacaq...

- Təbiətən belə olub. Cins əks cinsə meyllidir. Ona görə atalar qızlarını, qızlar atalarını, analar oğullarını, oğullar da analarını çox istəyib. 


- Bir ara mətbuatda ailənizlə bağlı söhbətlər yazıldı. Əslində nə baş vermişdi?

- O barədə ətraflı danışmayacam. Məsələ miras məsələsi idi, artıq bitib. İndi düşünürəm ki, medianın bu məsələni bu dərəcədə qabartmasına ehtiyac yox idi. Təbii ki, ortanı qarışdırmaq istəyən insanlar vardı. Onların işi mənə və  siyasi fəaliyyətimə qarşı yönəlmişdi. Düşünmürəm ki, bu gələcək siyasi fəaliyyətimə maneçilik törətsin. Çünki dövlət və seçicilərim qarşısında öhdəliklərimi bilirəm. Ümumiyyətlə, şəxsi məsələlərin mediada qabartdılmasını xoş qarşılamıram. Düşünürəm ki,  jurnalistlər belə  məsələlərə  vicdanla və hörmətlə  yanaşmalıdırlar, empatiya etməlidirlər, qərəzli və sifarişli yazılar verməməlidirlər. Mən parlamentdə olmaya bilərəm. Ancaq ailəm ömrümün sonuna qədər mənimlədir və belə bir şeylər əlbəttə mənim üçün də, onlar üçün də ağır travma olaraq qalır. Həyatda heç kim heç nədən sığortalanmayıb, olanlarda da yəqin bir xeyir vardı demək.  Əsas odur, hər şey yaxşıdır və mən həyatıma da, işimə də olduğum yerdən davam edirəm.  


- Seçicilərlə görüşdüyünüz zaman Şəmkir rayonunun icra başçısından hər hansı şikayətləri  dilə gətirirlərmi?

- İnsanları tam olaraq razı salmaq qeyri-mümkün məsələdir. Deyə bilmərəm ki, məndən də seçicilərimin hamısı razıdır. Təbi, şikayət edənlər də, razı qalanlar da var.
O ki, qaldı icra başçısına, müvafiq aidiyyatı qurumlar var. Əgər dövlət başçısı narazıdırsa, onu işdən çıxaracaq, yaxşı işləyirsə, işinə davam edəcək. Şəmkirin icra başçısı 2014-cü ildən rayonda işləyir. Ümumilikdə deputat-icra başçısı, icra başçısı-vətəndaş münasibətləri normaldır. Kimsə fərd olaraq gəlib narazılıq edirsə, bu ölçmə meyarı deyil. 



- Sona xanım, parlamentdə həmkarlarınızla münasibətləriniz necədir?

- Hər bir deputatla münasibətlərim  çox yaxşıdır. Ümumiyyətlə, ünsiyyətcil insanam.  Parlamentdə çox az adam var ki, dostluq edir. Həqiqi mənada parlamentdə dostlarım var. Parlamentin mənə qazandırdığı ən gözəl işlərdən biri dostlardır. 


- Dostlarınız iddia edir ki, sizin yaxşı mətbəx təcrübəniz var. Bu nə dərəcədə doğrudur?

- Vaxt tapanda mütləq nəsə edirəm. Ümumilikdə ev mühitini sevirəm, evdar adamam. Uzun illər bundan qabaq kulinariya ilə bağlı kitab yazmağı düşünürdüm. O dərəcədə iddialı idim. Yeməkləri də bişirməyi bacarıram, ancaq şirniyyat bişirməyi xüsusi sevirəm. Bütün dünya mətbəxindən şirniyyatlar bişirirəm. Qurman olmasam da, mətbəxdə fərqli dadları, reseptləri sevirəm.  Evinə, mətbəxə meyli olmayan qadınları xoşlamıram. Düşünürəm ki, qadının mətbəxdə biş-düş bacarığı mütləq olmalıdır. Kişini evə bağlayan əsas məsələlərdən biri də mətbəxdir.


- Mətbəx bacarığınızla qiyabi şəkildə tanış olduq. Bildiyim qədərilə parlamentdə sükan arxasına keçən iki xanım deputat varsa, biri sizsiniz. Bir neçə ay öncə deputat həmkarınız Elman Nəsirov saytımıza müsahibəsində  xanımların maşın sürməsinə pis baxdığını deyib. Bir sürücü olaraq deyə bilərsinizmi, xanımlarımız avtomobil  idarə etməyi bacarırmı?

- Həmin müsahibədən sonra parlamentdə Elman müəllimə zarafatla müsahibədə dediklərini xatırlatdım. O da dedi ki, qadınların maşın sürməsinə pis baxmır. Sadəcə, qadınlar sükan arxasında gərgin olur,  gərginlikdən  üzləri qırışır, davranışları dəyişir və xaraktercə kişilərə bənzəməyə başlayır. İstəyir ki, xanımlarımız həmişə gözəl olsunlar. 


- Yaxşı, Sona xanıma peşəkar sürücü demək olarmı?

- Heç vaxt professional sürücü olacağımı düşünmürəm. Qadınlar qəbul etsələr də, etməsələr də istisnaları çıxmaq şərtilə, heç vaxt peşəkar sürücü ola bilməzlər. Kişilərlə qadınların reaksiyası fərqlidir. Kişilərin hadisələrə reaksiyası daha cəld olsa da, qadınların məsuliyyət hissi daha çoxdur. Bu zaman qadınlar daha qorxaq təsir bağışlayır. Nadir hallarda qadın sürücülər arasında avtoş  və ya peşəkar olur. Mən o tiplərdən deyiləm. Lakin maşın sürməyi də, sürəti də sevirəm. 


- Yüksək sürət zamanı qayda pozuntusu qeydə alınıbmı?

- Olub. 60 manat cərimə gəlmişdi.


- Cəriməni ödəmisinizmi?

- Bütün cərimələrimi həyat yoldaşım ödəyib. Həyat yoldaşım uzun illərdir ki, sükan arxasında oturur. Çox vaxt sürətlə avtomobil idarə etməyindən qorxuram. Ancaq sürətli avtomobil idarə etsə də, heç vaxt qəza vəziyyəti yaratmayıb, maşını zədə almayıb.


- Bəs sizdə necə, qəza vəziyyəti yaranıb?

- Çox yüngül şəkildə bir dəfə mən vurmuşam, bir dəfə də mənim avtomobilimi vurublar. Ümumiyyətlə, avtomobil idarə etmək mənim üçün böyük məsuliyyətdir.

Tarix: 2-07-2019, 09:35
Xəbəri paylaş





Xəbər lenti